Masallı taekvondoçularının qələbəsi
Göygöl Olimpiya İdman Komleksində 31 mart soyqırımı qurbanlarının əziz xatirəsinə həsr olunmuş taekvondo üzrə açıq birinciliyə yekun vurulub.
Gənclər və İdman Nazirliyi, Taekvondo Federasiyasının, Göygöl rayon Gənclər və İdman İdarəsinin dəstəyilə keçirilən yarışlara 2008-2011-ci il təvəllüdlü uşaqlar, 2005-2007-ci il təvəllüdlü yeniyetmələr və 2002-2004-cü il təvəllüdlü gənc idmançılar qatılıb.
Birincilikdə ölkəmizin əksər rayon və şəhərlərindən olan idmançılarla yanaşı İran və Gürcüstan taekvondoçuları da güclərini sınayıblar.
İki gün (30-31 mart) davam edən turnir “DAEDO international” taekvondo sistemi ilə keçirilib.
Yarışları təşkil etməkdə məqsəd Azərbaycanlıların Soyqırımı gününün mahiyyətini yetişməkdə olan nəslə aşılamaq, taekvondo idman növünün təbliği və inkişaf etdirilməsi, eləcə də idmançıların yarış təcrübəsinin və ustalıqlarının artırılmasıdır.
Açıq birincilikdə yeddi nəfərlik heyətlə təmsil olunan Masallı rayon Gənclər və İdman İdarəsinin nəzdindəki UGİM-nin yetirmələrindən Sevda Əzizova (41 kq) ikinci, Rahid Vəliyev (45 kq, gənc) və Ağakərim Əliyev (30) üçüncü yeri tutublar.
Mükafatçılar müvafiq diplom və medallarla təltif olunub.