Masallılı Aprel döyüşlərinin igidi özünü belə tanıtdı
Masallıda yabanı qızılgüllər bitən təpələrin arasında yerləşən Güllütəpə adlanan bir kənd var. Bu kənd həmişə igidləri ilə seçilib. Qarabağ savaşı başlayandan Güllütəpə də bu mübarizədən kənarda qalmayıb, bu yolda neçə-neçə oğulları şəhid olub.
1996-cı ildə Güllütəpədə sadə bir ailədə dünyaya göz açan Firdovsi Əliş oğlu Bağırzadə də ürəyində Vətən sevgisi olan gənclərimizdən biri idi. Atasını erkən itirmişdi. Bacısı ilə birlikdə anası Sehranənin himayəsində böyümüşdü. Ana nəvaziylə, Ana nəfəsiylə boy atmışdı Firdovsi. 2014-cü ildə tam orta təhsilini başa vuran Firdovsi Milli Ordumuzun sıralarında Qarabağ bölgəsində, mənfur düşmənlə təmas xəttində hərbi xidmətə başladı. Bu il aprel ayının 1-dən 2-nə keçən gecə erməni tərəfinin təxribatı başlananda Firdovsi gündüzdən əsgəri xidməti başa vurduğu haqda əmrini almışdı, səhəri gün evlərinə yola düşəcəkdi. Evlərində onun gəlişinə hazırlaşırdılar...
Amma Firdovsi döyüşlərdən kənarda qalmaq istəmədi. Vətən sevgisi onu cəngə səsləyirdi. Mənfur düşmənə layiqli cavab verməyə fürsət yaranmışdı. Bütün xidməti dövründə bu günün arzusu ilə yaşamışdı. Odur ki, ön sıraya keçdi, hərbi əməliyyatlarda iştirak etmək istədiyini bildirdi. Hərb meydanında şücaət göstərib canını fəda etdi.
Onu son mənzilə yola salmağa saysız-hesabsız insan gəlmişdi. Xidmət etdiyi hərbi hissənin əsgərləri də izdihamda iştirak edirdilər. Güllütəpə qəbiristanlığı öz şəhid oğlunu qoynuna aldı, onun şərəfinə yaylım atəşləri açıldı. Azərbaycan Bayrağını başları üzərində dalğalandıran gənclər “Şəhidlər ölməz! Vətən bölünməz!” şüarlarını səsləndirdilər. Rayonun rəhbər işçiləri, ictimaiyyət nümayəndələri, Firdovsinin müəllimləri onun göstərdiyi igidlikdən danışdılar.
Vətən yolunda canını fəda edən Firdovsi qədirbilən xalqımıza özünü belə tanıtdı. 18 may 2016-cı il tarixdə Masallı rayonunun Güllütəpə kəndində şəhid Firdovsi Əliş oğlu Bağırzadənin 40 mərasimi keçirilmiş və şəhidin adına verilmiş küçənin açılışı olmuşdur. Bu münasibətlə keçirilən tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov kəndin mərkəzi küçəsinə onun adı verilməsini bildirmiş və şəhidin adını bildirən küçənin barelyefini açmışdır. Cənab başçı demişdir ki, Vətən müqəddəsdir. Onu qorumaq hamımızın müqəddəs borcudur. 2016-cı ilin aprel ayında cəbhənin Tərtər rayonu istiqamətindəki təmas xəttində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olan oğlumuz Firdovsi də bizim şərəfimizdir. Eloğlumuzla fəxr edirik. Allah bizə şəhid verməkdə bir daha imtahan eləməsin. İndi güclü Ordumuz, onun Ali Baş Komandanı var. Cənab İlham Əliyevin hərbi sahədə apardığı işlər əvəzsizdir. Orduda möhkəm intizam var, müasir silahlanma dövlətçiliyimizi, qüdrətimizi artırır. Azərbaycan ən güclü dövlətə çevrilməkdədir.