Masallıda “Erkən nikahların qarşısı alınmalıdır” mövzusunda tədbir keçirilib
Bu gün, 19 aprel 2019-cu il tarıxdə Masallı rayon Boradigah qəsəbə bələdiyyə sarayında “Erkən nikahların qarşısıə alınmalıdır” mövzusunda tədbir keçirilib.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul nümayəndələri, bələdiyyələr, ərazi icra nümayəndələri, fəallar, qəsəbə sakinləri, müəllimlər, məktəblilər, valideynlər və KİV nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova ölkəmizdə gənclər arasında milli-mənəvi dəyərlərin təbliğ edilməsi,erkən nikahların qarşısının alınması sahəsində mühüm tədbirlər həyata keçirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. A.Qafarova hər həftə yerlərdə, ərazilərdə, səyyar qəbullarda məhz erkən nikahlar haqqında dəyərli söhbətlərin getdiyini və əməli səmərə verdiyini vurğuladı. Elə bunun nəticəsidir ki, son bir neçə ildə Masallı rayonunda erkən nikahların qarşısı alınmışdır. Aybəniz Qafarova həmçinin gənclərin zərərli vərdişlərdən qorunmasının vacibliyindən danışaraq, onların milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyə edilmələrinin, elmə, təhsilə yiyələnmələrinin əhəmiyyətini vurğulayıb.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Səadət Qəhrəmanova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov, Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov, Masallı şəhər cümə məscidinin axundu Mətin Hüseynov, Böyük Xocavar kənd orta məktəbi valideyn komitəsinin sədri Dövlət Bayramov, Masallı Rayon İcra Hakimiyyəti başçısının Hişkədərə kəndi ərazisi üzrə nümayəndəsi Qumriyyə Cəfərova, Mollaoba kənd dini icma sədri Salman Həsənov, Masallı Rayon Ağsaqqallar Şurasının sədri, III dərəcəli “Vətənə Xidmətə görə” ordenli Ələşrəf Niftiyev, Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva, Mahmudavar kənd orta məktəbinin direktoru Xanım Əliyeva və başqaları çıxış edərək, erkən nikah hallarının qızların təhsildən yayınması, reproduktiv sağlamlığın pozulması və ailədə qeyri-sağlam psixoloji vəziyyətin yaranması kimi mənfi nəticələri barədə danışıb, erkən nikahlara qarşı mübarizənin ən mühüm vəzifələrdən biri olduğunu, bu bəla ilə mübarizədə gənclər və yeniyetmələr arasında maarifləndirmənin düzgün aparılmasının vacibliyini qeyd edib, eyni zamanda erkən nikahın yaratdığı fəsadların bu gün aktual məsələ olduğunu diqqətə çatdırıblar. Onlar həmçinin gənclərin milli-mənəvi ruhda tərbiyə edilməsi və düzgün maarifləndirilməsinin əhəmiyyətindən bəhs ediblər.
Axırda tədbir iştirakçılarının təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
Tədbiri respublika Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Səadət Qəhrəmanova yekunlaşdırıb.