Masallı məktəbliləri “Oxu günü”nü böyük sevinclə keçiriblər
Ölkəmizdə artıq ikinci ildir ki, aprelin 23-də kütləvi “Oxu günü” keçirilir. Layihənin hədəfi yeniyetmə və gənclərin oxu vərdişlərinin inkişaf etdirilməsi, mütaliəyə marağının artırılması, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdır. “Oxu günü” layihəsinə bu il ənənəvi olaraq Masallı rayonu da qoşulub.
Kitab bayramı tədbirində Masallı Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təhsil şöbəsinin əməkdaşları, məktəb rəhbərləri və kitabxanaçılar, müəllim və şagirdlər, yazıçılar və jurnalistlər, şəhərimizin qonaqları, KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə rayonun müxtəlif ümumtəhsil məktəblərinin və liseyin şagirdləri təqdimatlarla çıxış ediblər.
Müxtəlif dram əsərlərindən səhnələr, tamaşalar təqdim olunub, ustad dərsləri keçirilib.
Məktəblərinin iştirakı ilə keçirilən və rəngarəngliyi ilə diqqəti cəlb edən, Azərbaycanın klassik və müasir şair və yazıçılarının əsərlərindən ədəbi-bədii obrazlarla zəngin kompozisiyalar, mövzu ilə bağlı sərgilər, Vətəni, biliyi vəsf edən şeirlər və musiqi parçaları, sözsüz ki, kitaba olan sevgi və meyili artırmaqla yanaşı, mütaliə mədəniyyətinin formalaşmasına da töhfəsini verəcək.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov bildirib ki, Beynəlxalq "Oxu günü"də rayonda müəllimlərin, məktəblərin iştirakı ilə keçirilən tədbir kitaba bağlılığı daha da artırır. Rayon təhsil şöbəsi, lisey və məktəblər, ictimai təşkilatlar, ağsaqqallar və yazıçılar bu istiqamətdə şəhərdə və kəndlərdə vaxtaşırı müxtəlif kütləvi tədbirlər həyata keçirir.
Rayon rəhbəri vurğulayıb ki, əsas məqsəd uşaqlarda mütaliənin üstünlüklərini aşılamaqdır. Şagirdlərimizin şəxsiyyət kimi və dünyagörüşünün formalaşmasında kitab oxumağın bənzəri yoxdur.
Axıprda "Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İctimai Birliyinin sədri Arzu Bağırovanın iştirakı ilə məktəblilərə kitab hədiyyələri təqdim olunub.
Rayonun aşağı və yuxarı sinif şagirdlərinin, bədii kollektivinin iştirakı ilə musiqili ədəbi-bədii proqram təqdim olunub.
Şəhər 1 nömrəli orta məktəb şagirdlərinin ifasiında "Kitab sənin ilk dostundur", "Masallı" rəqs qrupunun "Gənclik" rəqsi, Ərkivan qəsəbə 1 nömrəli məktəbin səkkinizci sinif şagirdi Məleykə Abbasova, şəhər 4 nömrəli məktəbin şagirdlərinin "İstəyirəm əsgər olam!", şəhər 3 nömrəli məktəbin şagirdlərinin "Nəsimi" filmindən səhnələr, Kəlbəhüseynli kənd məktəbi şagirdlərinin Xalq şairi S.Vurğunun "Molla Pənah Vaqif" poemasından səhnələr, Masallı şəhər incəsənət məktəbi şagirdlərinin "Bayatı-Şiraz" muğamı və başqa ifalar daha maraqla qaşılanıb.
Qeyd edək ki, ki, 1996-cı il aprelin 23-dən dünyada, 1997-ci ildən isə Azərbaycanda Ümumdünya Kitab və Müəllif Hüquqları Günü qeyd olunur. Bu barədə qərar 1995-ci ildə Parisdə, UNESCO-nun baş konfransında qəbul edilib.