Ümummilli lider Heydər Əliyevə həsr olunmuş silsilə tədbir
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə bağlı Masallı rayon Heydər Əliyev Mərkəzində 29 aprel 2019-cu il tarixindən silsilə tədbirlər – ekskursiyalar, kitab sərgisi, mühazirələr, açıq tarix dərsləri keçirilir.
3D kinozalda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, zəngin dövlətçilik irsindən bəhs edən sənədli filmlər nümayiş olunur.
Keçirilən tədbirlərdə rayon ümumtəhsil məktəblərinin şagirdləri, Masallı Dövlət Regional Kollecin tələbələri iştirak edirlər.
Mərkəzə gələn qonaqlar ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən fotostendlər və kitablarla yaxından tanış olurlar. Bildirilir ki,
Heydər Əliyev böyük dövlət xadimi, siyasət nəhəngi, tarixi və əfsanəvi şəxsiyyətdir. XX əsrin 90-cı illərində - Azərbaycanın beynəlxalq arenaya müstəqil dövlət kimi çıxdığı ilk vaxtlarda ölkəmizi Heydər Əliyevə görə tanıyırdılar. Onun parlaq dühası və iti zəkası sərhəd tanımır, Azərbaycanın hüdudlarını aşırdı. Çoxları bizə qibtə edirdi ki, Heydər Əliyev kimi liderimiz var. Azərbaycan dünya miqyasında layiq olduğu mərtəbəyə məhz ulu öndərinin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilib. Xatırlatmaq yerinə düşər ki, o, Sovet İttifaqı kimi nəhəng bir dövlətdə yüksək vəzifədə - SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləmişdi.
Heydər Əliyev haqqında kimlər söz deməyib: Müasiri olan dünya liderləri, tanınmış dövlət adamları və siyasi xadimlər, məşhur yazıçılar... Onların dediklərinə nəzər salarkən qəlbimizdə bir daha qürur və iftixar hissləri baş qaldırır, Heydər Əliyev şəxsiyyətinin nəhəngliyi yenidən göz önündə canlanır. Azərbaycan xalqının ulu öndərinə verilən bu yüksək qiymətin əsasında təkcə öz Vətəni və xalqı üçün gördüyü işlər deyil, zəmanəsinin çağırışlarına çevik reaksiyası, bəşəri idealları, dünyada dostluğa, sülh və tərəqqiyə verdiyi töhfələr dayanır.