Masallıda “Xalq və dövlət üçün yaşanmış ömür ” mövzusunda konfrans
9 may 2019-cu il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində “Xalq və dövlət üçün yaşanmış ömür ” mövzusunda konfrans keçirilmişdir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasınının 96-cı ildönümünə həsr olunmuş konfrans iştirakçıları əvvəlcə Masallı şəhər Heydər Əliyev Parkında ulu öndərin həyat və yaradıcılığından bəhs edən kitablara, rayon məktəblilərinin əl işlərinə baxış keçirmişlər.
Mərkəzinin foyesində ulu öndərin həyat və siyasi fəaliyyətini əks etdirən fotostendlə tanış olmuşlar.
Daha sonra mərkəzin konfrans zalında tədbir davam etdirilmişdir.
Konfransı giriş sözü ilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov açmış, Heydər Əliyev şəxsiyyətinin Azərbaycanın dövlətçilik tarixində oynadığı əhəmiyyəti rolu vurğulayaraq qeyd etmişdir ki, Azərbaycan xalqının böyük oğlu, Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-ci ili tamam olur. Bu münasibətlə sizin hər birinizi təbrik edir və Ulu Öndərin ideyalarının həyata keçməsinin ifadəsi olan Azərbaycanımızın daha da qüdrətlənməsi naminə fəaliyyətinizdə uğurlar arzulayıram.
Azərbaycan Respublikası Heydər Əliyev siyasəti ilə irəliləyir və yaşayır. Onun siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olması kimi ağır və taleyüklü məsələlərdə sınaqdan çıxmışdır. Azərbaycanda bu gün ümummilli liderimizin ideyaları nəinki yaşayır, hətta daha geniş şəkildə həyata keçirilir. Böyük öndərimizin başladığı, işlər onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Çıxışını davam etdirən natiq bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırmış, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır.
Ümummilli lider Heydər Əliyev siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini aydın görən xalqımız bu siyasəti yüksək dəyərləndirir və onun ətrafında daha sıx birləşirlər. Cənab İlham Əliyev ulu öndərin siyasi kursunu layiqincə davam etdirməklə, xalqımızın və dövlətçiliyimizin bu kursun mahiyyətindən doğan milli maraqlarını beynəlxalq miqyasda təmin edir. Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və nəticədə beynəlxalq aləmdə Azərbaycan Respublikasının rolunu və nüfuzunu artırır.
Çıxışının sonunda natiq bu gün də Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, həyata keçirilən əzəmətli layihələr, Azərbaycanın hərtəfli yenilənməsi, modernləşməsi, Vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişikliklər ulu öndərin qoyduğu yolun davamının sübutudur. Bu yüksəliş isə Heydər Əliyevin müəyyən etdiyi inkişaf konsepsiyasının alternativsizliyini tam dolğunluğu ilə təsdiq edir.
Konfransda məruzə ilə çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev öz məruzəsində müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin ölkəmizin keçdiyi inkişaf yoluna nəzər salaraq möhtərəm Prezidentimiz İlham Əliyevin bu tezisini səsləndirib: “Heydər Əliyevin əsəri olan müasir Azərbaycan dövləti daha da qüdrətli, zəngin olacaq, hərtərəfli inkişafa nail olacaqdır”. Məruzəsinə davam edən S.Əliyev qeyd edib ki, bu inam hələ cənab İlham Əliyev ilk dəfə, yəni, 2003-cü ildə Prezident seçiləndə ifadə olunub, - deyə S.Əliyev bildirib. Həmin vaxtdan bizi 16 illik zaman ayırır. Bu gün isə dövlətimizin başçısı İlham Əliyev qətiyyətlə bildirir ki, Azərbaycan hazırda ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.
Heydər Əliyev hələ Azərbaycana rəhbərliyinin birinci dövründə ölkənin inkişafı istiqamətində gördüyü işlərlə, qəbul etdiyi cəsarətli qərarlarla, həyata keçirdiyi tikinti-quruculuq tədbirləri, habelə bir neçə onillikdən sonra müstəqillik nemətinə qovuşacaq respublikamızın sabahına hesablanmış digər məqsədyönlü addımları ilə özünün ümummilli lider obrazını yaratmış, tarix böyük strateqin bu statusunu bütün mərhələlərdə qorumuşdur. Azərbaycan xalqı özünün müstəqil inkişaf yolunda ulu öndər Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə əsası qoyulmuş zəngin iqtisadi-siyasi, mənəvi və intellektual potensiala istinad etmişdir. Bu baxımdan xalqımızın müstəqil dövlətdə yaşamaq idealının real, dayanıqlı əsaslar üzərində gerçəkləşərək əbədiləşməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Ulu öndər bu reallığı da yaxşı bilirdi ki, xalqın siyasi müstəqilliyinin təməlini onun iqtisadi azadlığı şərtləndirir. Təsadüfi deyil ki, 1969-1982-ci illərdə iqtisadi həyatın bütün sahələrində baş vermiş köklü dəyişikliklər miqyasına görə Azərbaycanın şanlı quruculuq salnaməsinin ən dolğun, şərəfli səhifələrini təşkil edir.
Məruzəçi daha sonra qeyd etdi ki, ümumilikdə, 1970-1982-ci illərdə Heydər Əliyevin təşəbbüsü və ciddi səyləri nəticəsində respublikada onlarla zavod, fabrik, istehsalat sahələri yaradılmış, 250-dən çox sənaye müəssisəsi fəaliyyətə başlamışdır. Azərbaycan bir sıra istehsal sahələrinə görə Sovet İttifaqında aparıcı yer tutmuş, respublikada istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac edilmişdir.
Bütövlükdə 14 il ərzində respublikada əvvəlki yarım əsrdəki qədər sənaye məhsulu istehsal olunmuş, sənaye istehsalı 2,7 dəfə artmış və 1969-cu ilə qədər aqrar respublika hesab olunan Azərbaycanın ümumi daxili məhsulunda sənayenin payı 66 faizə yüksəlmişdi. 1982-ci ilin dekabrında Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkilməsi və Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü seçilməsi onun müdrikliyinin ittifaq rəhbərliyi səviyyəsində etirafı olmuşdur. Ümummilli liderin səlahiyyət dairəsinə nəqliyyatdan sənayeyə, neftdən sosial infrastrukturadək iqtisadiyyatın ən önəmli sahələri, həmçinin mədəniyyət, Yaxın Şərq diplomatiyası kimi olduqca vacib istiqamətlər aid idi. Bu dövrdə Heydər Əliyev ittifaq miqyasında, ən əsası isə xaricdə görkəmli dövlət xadimi, qurucu lider, birləşdirici siyasətçi kimi tanınmış və qəbul edilmişdi.
S.Əliyev demişdir ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Bakıya qayıdan ümummilli lider Heydər Əliyev yorulmaq bilmədən, qətiyyət və böyük bacarıqla Azərbaycanın başı üstünü almış vətəndaş müharibəsi alovunu söndürmüş, ölkədə baş alıb gedən qanunsuz silahlı dəstələr zərərsizləşdirilmişdir. Ulu öndər ictimai-siyasi sabitliyin bərpasına, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsinə, cəbhə bölgəsində atəşkəs rejiminə nail olmuş, habelə demokratik inkişaf kursu ilə uzlaşan sosial-iqtisadi siyasət strategiyasını ortaya qoymuşdur.
Konfransda çıxış edən Prezident təqaüdçüsü Şirvan Əbilov, "Masallı ziyalıları" İctimai Birliyinin üzvü, Hacıtəpə məscidinin dini icma sədri Nəcəfqulu Quliyev, Qızılavar kənd tam orta məktəbinin direktoru Lətifə Qənbərzadə, YAP rayon təşkilatının gənc fəalı Fərid Əyyubzadə və şəhər Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva və başqaları ümumilli lider, dahi şəxsiyyət Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən söz açdılar.
“Xalq və dövlət üçün yaşanmış ömür ” mövzusunda konfransı Masallı Rayon İcra Hakimiyyətinin başçısı RşHüseynov yekun nitqi ilə yekunlaşdırdı.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə 2018-2019-cu dərs ilində ölkə ümumtəhsil məktəb şagirdləri arasında keçirilmiş “Ən yaxşı təqdimat” müsabiqəsinin II dərəcəli diplomun qalibi Yolağac tam orta məktəbinin XI sinif şagirdi İlkanə Sovziyevanı təbrik etmişlər.