Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Masallı rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib

11 may 2019 | 16:00

11 may 2019-cu il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib.
Konfransda Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Milli Məclisin üzvü Nəriman Əliyev, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, rayon təşkilatının gənc üzvləri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər-gül dəstələri düzüblər.
Masallı şəhər Heydər Əliyev Mərkəzində keçirilən konfrans Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Gənclər Birliyinin konfranslar arası müddətdə fəaliyyətini əks etdirən videoçarxın nümayiş ilə başlayıb.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra konfransı açıq elan edən Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Yeni Azərbaycan Partiyasının təkcə Azərbaycanın deyil, regionun ən nəhəng, aparıcı siyasi təşkilatı olduğunu diqqətə çatdırıb. Dövlətin gənclərə qayğısından bəhs edən S.Əliyev ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinin uğurla davam etdirildiyini bildirib. “Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib, onların dövlət mənafeləri əsasında səfərbər olunması üçün mühüm addımlar atıb.Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev tərəfndən uğurla davam etdirilir”.
Konfransda YAP Masallı rayon təşkilatı Gənclər Birliyinin sədri Məmmədhüseyn Hüseynovun hesabat məruzəsi dinlənilib. Məruzəçi qeyd edib ki, hazırda təşkilatın Gənclər Birliyi 3223 gənci öz sıralarında birləşdirir. Gənc üzvlərimizdən 941 nəfəri, yəni 29,2 faizi qadınlar, 908 nəfəri , yəni 28,2 faizi ali təhsilli gənclərdir.
Konfransda iştirak edən Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edərək bildirib ki, müstəqilliyimizin ilk illərində Azərbaycan gəncliyinin gündəlik həyatı və perspektivləri, taleyi çox böyük təhdidlərlə, çağırışl arla üz-üzə qalmışdı. Məhz ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı, qısa müddətdə Azərbaycanın bütün potensialını bir araya gətirməsi mövcud problemlərin həllində xüsusi rol oynadı: “Bütün işlər Azərbaycanın gələcəyi və gəncliyi üçün görülürdü. O dövr Azərbaycana siyasi, iqtisadi, hərbi sahələrdə qoyulan kapital gəncliyi qorumaq, inkişaf etdirmək, gənclərin ictimai həyata inteqrasiyasını sürətləndirməyə xidmət edirdi”.
Milli Məclisin üzvü Nəriman Əliyev çıxışında ölkədə gənclərin inkişafı üçün görülən bütün işlərin Azərbaycan dövlətinin mənafeyinə və maraqlarına xidmət etdiyini söyləyib. “Azərbaycanda gənclərin bütün istiqamətlərdə fəaliyyət göstərmələri üçün geniş imkanlar yaradılıb. Bu gün gənclərimiz dövlətdə və cəmiyyətdə öz yerini müəyyən ediblər. Artıq gənclər proseslərin ardınca deyil, önündə getməyə başlayıblar. Gəncliyə qoyulan kapital öz səmərəsini verir. Getdikcə gənclik ictimai-siyasi həyatın mərkəzində əsas fiqura çevrilməkdədir. YAP Gənclər Birliyi isə Azərbaycan cəmiyyətində  fəaliyyət göstərən ən öncül, ən aparıcı hissədir”, - deyə Milli Məclisin deputatı vurğulayıb.
Daha sonra çıxış edən YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə partiyanın yaradılmasının tarixi zərurət olduğunu bildirərək, diqqəti o zamankı siyasi vəziyyətə yönəldib. Qeyd edib ki, müstəqilliyimizin ilk illərində xalqımızın düşdüyü son dərəcə çətin vəziyyətdə dövlətimizi və xalqımızı xilas edə biləcək böyük siyasi liderə ehtiyac var idi. Yaranmış vəziyyətdə müstəqilliyimizi və dövlətçiliyimizi yalnız Heydər Əliyev kimi dahi bir şəxsiyyət qoruya bilərdi. Bu səbəbdən ulu öndər Heydər Əliyev xalqının səsinə səs verdi və yeni bir siyasi partiyanı - Yeni Azərbaycan Partiyasını yaratdı. Bu partiyanın təsis olunması, sonrakı illərdə xalqın yekdil səsi ilə hakimiyyətə gəlməsi nəticəsində Azərbaycan bölünmək təhlükəsindən xilas oldu, bugünkü inkişafın təməlləri qoyuldu. Sevindirici haldır ki, hazırda müasir müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir, yeni-yeni uğurlara imza atır.
Konfransda çıxış edən gənc fəallar Dilbər İbayeva, Rövşən Muxtarov, Aytən Əliyeva və başqaları ölkəmizin inkişafı, respublikamızla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün səylə çalışacaqlarını söyləyiblər.
Daha sonra təşkilati məsələlərə baxılıb. YAP Masallı rayon təşkilatı Gənclər Birliyinin 27 nəfərdən ibarət Şurasının və 11 nəfərdən ibarət İdarə Heyətinin tərkibi müəyyənləşib. Eyni zamanda, səsvermə nəticəsində Qarayev Bəxtim Akif oğlu YAP Masallı rayon təşkilatı Gənclər Birliyinin sədri seçilib. Konfransda YAP Gənclər Birliyinin növbəti konfransına nümayəndələr də müəyyənləşdirilib.
Konfransda partiya sıralarına yeni daxil olan üzvlərə üzvlük vəsiqələri təqdim olunub.

 

Keçidlər