Şriftin ölçüsü :

Saytın rəngi :

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Masallıda seminar-treninq keçib

13 may 2019 | 16:00

13 may 2019-cu il tarixdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) , Masallı  Rayon İcra Hakimiyyətinin , rayon təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Masallı da "Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar-treninq keçirilib.
Gənclər Mərkəzində keçirilən tədbirdə DQİDK, Masallı RİH-nin rəhbər və məsul şəxsləri, məktəb direktorları və təlim-tərbiyə işləri üzrə direktor müavinləri, "Həyat bilgisi" fənnini tədris edən müəllimlər, məktəb psixoloqları və rayonun aktiv gəncləri, KİV nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Masallı RİHB-nın müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova gənclərin milli-mənəvi dəyərlərimizin əsasında tərbiyə olunmasının vacibliyinə diqqət çəkib. Milli-mənəvi dəyərlərin ümumbəşəri dəyərlərlə sintez edilməsinin əhəmiyyətinə toxunan A.Qafarova vurğulayıb ki, milli özünüdərk ailədə uşaqların tərbiyəsindən başlayaraq orta məktəblərdə daim diqqət mərkəzində saxlanılmalıdır.
DQİDK-nın sədr müavini Gündüz İsmayılov ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində görülən işlər barədə məlumat verib. Sədr müavini xalqımızın tolerantlıq ənənələrinin və dini müxtəlifliyimizin tolerant əsaslarının qorunub saxlanılmasının, Azərbaycanın əldə etdiyi multikultural nailiyyətlərin beynəlxalq ictimaiyyətə təbliğinin, eyni zamanda tarix, mədəniyyət və dini abidələrin qorunub saxlanılmasına dəstəyin göstərilməsinin dövlət-din siyasətinin əsas prioritet istiqamətləri olduğunu bildirib. Çıxışında maarifləndirmə məqsədi ilə keçirilən silsilə tədbirlərin davam etdirilməsinin zəruriliyini qeyd edən Gündüz İsmayılov bildirib ki, ibadətlə yanaşı, birliyə və həmrəyliyə böyük önəm verən İslamın vəhdət və qardaşlıq dini kimi xarakterizə olunması təsadüfi deyil. Çünki dinimizin əsas məqsədi həm də cəmiyyət, dövlət və ailə üçün faydalı olan, həmrəylik naminə toplumun ayrılmaz hissəsinə çevrilən nümunəvi vətəndaş formalaşdırmaqdır. G. İsmayılov ümumtəhsil məktəblərində milli-mənəvi, o cümlədən dini dəyərlərimizlə bağlı biliklərin daha da dərinləşdirilməsinə ehtiyac olduğunu qeyd edib. O, uşaqlar və gənclərin dinlə bağlı məlumatların etibarlı mənbədən almalarının vacibliyini vurğulayıb. Sədr müavini dini biliklər deyildikdə əsasən bütün dinlərin, müqqəddəs kitabların mahiyyətinin, eləcə də dini radikalizm haqqında məlumatların nəzərdə tutulduğunu bildirib. G.İsmayılovun sözlərinə görə, gənclərə lazımi dini  biliklərin sistemli şəkildə verilməməsi onların dini radikalizmin, xurafatın təsirinə düşmə ehtimalını artırır. Sədr müavini "Həyat bilgisi” fənni daxilində dinlər barədə biliklərin verilməsi istiqamətində atılan addımların əsas məqsədinin hər bir kəsdə zərərli dini təbliğata qarşı "immunitet” formalaşdırmaq olduğunu söyləyib.
Daha sonra Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov çıxış edərək, dini maarifləndirmənin gənc nəslin tərbiyəsində və yetişdirilməsində böyük önəm daşıdığından bəhs edib. O, ümumtəhsil məktəblərində milli-mənəvi, o cümlədən dini dəyərlərimizlə bağlı biliklərin dərinləşdirilməsi yönümündə şagirdlərin bu sahə üzrə məlumatları daha etibarlı mənbələrdən almalarının vacibliyini gündəmə gətirib.
DQİDK-nın sədr müavini Gündüz İsmayılov tədbir iştirakçılarının mövzu ilə bağlı suallarını cavablandırıb.
Seminar-treninq işini müzakirələrlə davam etdirib.

Keçidlər