Masallı Tarix-Diyarşünaslıq Muzeyində Beynəlxalq Muzeylər Günü
17 - 19 may tarixlərində Masallı Tarix-Diyarşünaslıq Muzeyində Beynəlxalq Muzeylər Günü ilə əlaqədar “ Açıq qapı” günü elan keçirildi. Bu günlərdə rayonumuzun ümumtəhsil məktəblərindəm müəllim və şagirdlər,yerli sakinlər muzeyimizə ekskursiya etdilər.
Mayın 18-də Rəhim Tağıyev adına Masallı rayon Tarix-Diyarşünaslıq muzeyində 18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə “Muzeylər Mədəniyyət Mərkəzi Kimi – Ənənələrin Gələcəyi” adlı muzeyin qarşısında sərgi-tədbir keçirilib.
Tədbirdə yerli ziyalılar, mədəniyyət işçiləri, rayonun müxtəlif ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivləri, Masallı Regional ASAN Xidmət mərkəzinin könüllüləri, müxtəlif xalq sənətkarlığı sahəsi üzrə çalışan ustalar və digərləri iştirak edirdi.
Tədbiri giriş sözü ilə açıq elan edən muzeyin direktoru Əntiqə Tağıyeva, tədbir iştirakçılarını salamladı və əlamətdar gün münasibətilə ölkəmizdə fəaliyyət göstərən bütün muzeylərin, eləcə də Masallı Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşlarını təbrik edib, onlara işlərində müvəffəqiyyətlər arzu etdi. O, ölkəmizdə muzey işinin tarixi, muzeyşünaslıq sahəsinin nəzəri-konseptual problemləri, muzey işinin təşkili və həyata keçirilməsi, tarixi-mədəni dəyər kimi muzeylərin təbliği, muzeydaxili mədəni tədbirlərin keçirilməsi və digər əlaqədar məsələlərlə bağlı geniş çıxış etdi.
Muzeyin elmi işçisi Həbib Ağayev dünyada və Azərbaycanda muzeylərin yaranma və formalaşma tarixi, bu günü və gələcək perspektivləri, muzey işinin müasir dövrün tələblərinə uyğun qurulması və mövzu ilə bağlı digər nəzəri məsələlər haqqında çıxış etdi.
Masallı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Əsmər Axundova çıxışında Masallı Tarix-Diyarşünaslıq muzeyinin kollektivini, eləcə də ölkənin bütün muzey çalışanlarını təbrik etdi. Ə. Axundova qeyd etdi ki, Tarix-Diyarşünaslıq Muzeyi rayonda keçirilən əksər mədəni-kütləvi tədbirlərdə fəal iştirak edir, yerli sakinlərin, o cümlədən yeniyetmə və gənclərin tarix və mədəni biliklərinin inkişafı baxımından olduqca faydalı işlər görür və bu istiqamətdə işlərini uğurla davam etdirmək əzmindədir.
Tədbirin bədii hissəsində Masallı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin nağara ritm qrupu və tar ifaçıları maraqlı musiqi kompozisiyaları ilə çıxış etdilər.
UGİM uşaqların ifasında İ.Nəsiminin qəzəlləri və Masallı şəhər 4 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri mövzu ilə bağlı hazırladıqları şeir parçalarını səsləndirdilər. Tədbirin yekununda Uşaq-Gənclər İnkişaf Mərkəzinin və Masallı şəhər 4 saylı tam orta məktəbin bir qrup istedadlı şagirdi Tarix-Diyarşünaslıq Müzeyində keçirilən tədbirlərdə fəal iştirakına görə muzeyin direktoru Ə. Tağıyeva tərəfindən “Təşəkkürnamə” ilə təltif edildi.
Sonda xatirə fotoları çəkdirildi.