Masallının "Günərzi" mərkəzi maraqlı tədbirlər təşkil edir
Masallının "Günərzi" mərkəzi tez-tez maraqlı tədbirlər həyata keçirir. Belə tədbirlərdən biri də bu günlərdə həyata keçirilib.
Masallı Rayon İcra Hakimiyyəti və təhsil şöbəsinin nümayəndələri ilk öncə şəhərin Heydər Əliyev Parkında keçirilən bayram tədbirinə qatılıblar.
Tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova, rayon təhsil şöbəsinin müdir müavini Samit İslamov çıxış edərək, təlim-tərbiyə müəssisəsinin fəaliyyəti barədə məlumat veriblər. Bildirilib ki, Masallı"Günərzi" qayğı mərkəzinin yaradılmasında əsas məqsəd sağlamlıq imkanları məhdud uşaqların və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların inkişafına, onların asudə vaxtlarının səmərəli keçirilməsinə, yerli icma səviyyəsində sosial uyğunlaşma və inteqrasiya hüquqlarının təmin edilməsinə, yaşayış səviyyəsi aşağı olan ailələrə və uşaqlara dəstək verməkdir. Belə mərkəzlərdə uşaqların qavrama, emosional və fiziki inkişafına, əlilliyi olan uşaqların təhsil hüquqlarının reallaşmasına, uşaqlarda özünəxidmət və ünsiyyət üzrə praktiki məişət vərdişlərinin inkişafına yardım göstərilir. Çıxış edənlər ölkəmizdə əhalinin aztəminatlı təbəqəsinə, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlara və əlilliyi olan insanlara göstərilən dövlət qayğısından bəhs edib, uşaqlara təhsildə müvəffəqiyyətlər, onlara can sağlığı, firavan həyat, dərslərində nailiyyətlər arzulayıblar.
Uşaqlar parkda təşkil olunan konsert proqramını böyük maraqla izləyiblər, böyük sevinc hissləri keçiriblər.
Uşaqların hazırladığı bədii proqram, təqdim olunan səhnəciklər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
"Günərzi" qayğı mərkəzinin uşaqlarına hədiyyələr təqdim olunub.