Şriftin ölçüsü :

Saytın rəngi :

SIĞDAŞ KƏND ƏRAZİ NÜMAYƏNDƏLİYİNİN HESABAT YIĞINCAĞI

18 yanvar 2014 | 16:00

 

Hesabat yığıncağında Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov və kənd sakinləri iştirak etmişlər.

            Əvvəlcə Sığdaş kənd inzibati ərazi dairəsinin nümayəndəsi İsrafil Əliyev hesabat məruzəsi ilə çıxış etmişdir.

     Natiq qeyd etmişdir ki, Sığdaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik 4 yaşayış məntəqəsini mərkəzi Sığdaş kəndi olmaqla Xanalion, Babaküçə və Ninalov kəndlərini əhatə edir. Ərazinin ümumi sahəsi 1183 hektardır. Bundan 427 ha bələdiyyə, 143 ha kənd altı, 507 ha pay torpaqlarıdır. Ərazidə 3984 nəfər əhali olmaqla, 990 nəfər təsərrüfat var.

RİHB-nın Sığdaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik öz işini Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərarlarını, Milli Məclisin qəbul etdiyi qanunları və rayon İcra hakimiyyəti başçısının sərəncamı və əmrlərini rəhbər tutaraq “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq qurmuşdur. Nümayəndəlikdə illik və rüblük iş planları hazırlanmış, səlahiyyətləri daxilində 57 sərəncam verilmişdir. Sərəncamlar əsasən mövcud qanunvericilikdən irəli gələn vəzifələrin yerinə yetirilməsi, tarixi gün və bayramların keçirilməsi ilə əlaqədar olmuşdur. Tarixi gün və bayramların keçirilməsi ilə əlaqədar verilmiş sərəncamların icrası üçün tədbirlər planı hazırlanmış, aidiyyəti şəxslər tanış edilmiş, icrası təmin edilmişdir.

Nümayəndəlik “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada vətəndaşların qəbulunu həyata keçirmiş, onların ərizə, şikayət və təkliflərinə həssaslıqla yanaşaraq nəticəsi barədə onlara məlumat vermişdir.

İnzibati ərazi dairəsinin əhatə etdiyi yaşayış məntəqələrinin təsərrüfatlarını özündə əks etdirən təsərrüfatbaşına uçot kitabları və ərazidə müvəqqəti yaşayan şəxslərin uçotu Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 10 may 2010-cu il tarixli 10/17 saylı sərəncamı ilə təsdiq edilmiş təlimat üzrə hər il 01 yanvar vəziyyətinə dürüstləşmə aparılaraq işlənmişdir. Buna əsasən Azərbaycan Respublikasının seçki məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq, daimi seçici siyahılarına daxil edilmək üçün ərazidə aktiv seçici hüququna malik vətəndaşlar haqqında məlumatlar nümayəndəlik tərəfindən dürüstləşdirilmişdir. Bununla yanaşı əhalinin yaş kateqoriyaları üzrə təsnifatı müəyyən edilmişdir.

Belə ki, ərazi üzrə: 0-1,5 yaş 130 nəfər, 1,5-7 yaş 375 nəfər, 7-17 yaş 446 nəfər, 17 yaşdan yuxarı 3033 nəfərdir. Ərazidə cəmi 3984 nəfər əhali vardır.

Ərazidə 1 tam orta, 1 ümumi orta məktəb fəaliyyət göstərir. Məktəblərdə 998 şagird vardır, onların təlim-tərbiyəsi ilə 55 müəllim məşğul olur. Ərazidə fəaliyyət göstərən hər iki məktəb yeni tikilmiş, müasir tələblərə cavab verir. 2012-2013-cü tədris ilində Sığdaş kənd tam orta məktəbi üzrə 16 məzun olmuş, bunlardan 2-si ali məktəbə daxil olmuşdur ki, bu da məqbul sayıla bilməz.

Nümayəndəlik tərəfindən məktəblərdə “Təhsil haqqında” Qanunun yerinə yetirilməsinə daima diqqət yetirilir, şagirdlərin dərsə davamiyyətində məktəb kollektivinə yaxından köməklik göstərilir. Bunun nəticəsində davamiyyət 90-95 faiz təşkil edir.

Ərazidə iki feldşer mama məntəqəsi fəaliyyət göstərir, tibb personalı tərəfindən peyvənd işləri vaxtında aparılır, tərəfimizdən onların işinə nəzarət edilir.

Sığdaş feldşer mama məntəqəsi köhnə məktəb binasının uyğunlaşdırılmış otaqlarında fəaliyyət göstərsədə normal iş şəraiti vardır. Lakin Xanalion kənd feldşer mama məntəqəsinin binası olmadından məcburiyyət qarşısında ev şəraitində fəaliyyət göstərir.

Ərazidə bir kitabxana fəaliyyət göstərir. Kitabxana Sığdaş kəndində köhnə məktəb binasında fəaliyyət göstərir.

Nümayəndəlik tərəfindən Azərbaycan Respublikasının “Ailə Məcəlləsin”ə uyğun olaraq 52 doğum, 8 nigah və 7 ölüm faktı qeydiyyata alınmış, bu barədə hesabat sənədləri vaxtı-vaxtında rayon VVADQ şöbəsinə təqdim olunmuşdur.

Nigah faktlarının qeydiyyatı zamanı müddət pozğunluğuna yol verilməmiş, azyaşlı qızların qeyri-rəsmi nigahlarının qarşısının alınması daima diqqət mərkəzində olmuşdur.

Ərazidə gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün bir sıra tədbirlər görmüşdür. Hesabat ilində Sığdaş kəndində gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün futbol meydançası təşkil edilmiş və tarixi gün bayramlarda futbol yarışları keçirilmişdir.

 Gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasından ötrü, nümayəndəlik tərəfindən ardıcıl tədbirlər həyata keçirilir, 2013-cü ildə 1995-1998-ci il təvəllüdlü gənclər ilkin təhkim olma vaxtında keçirilmişdir.

Sığdaş ərazisinin iqtisadiyyatının əsasını əkinçilik və  heyvandarlıq təşkil edir. İslahat zamanı 3468 nəfər torpaq payı almaq hüququ olan vətəndaşlarla 617 dövlət aktı əsasında 507 ha pay torpağı verilmişdir. Hesabat ilində ərazi üzrə 70 ha buğda, 5 ha xiyar, 2 ha pomidor, 6 ha badımcan, 12 ha digər bitkilər əkilmişdir. Pay torpağının çox hissəsi otlaq və biçənək kimi heyvandarlıq üçün istifadə olunur. Kənd təsərrüfatı məhsullarının istehsalçılarına “Dövlət dəstəyi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2007-ci il 23 yanvar tarixli sərəncamına əsasən istehsal üçün sərf olunan yanacaq və motor yağlarının dəyərinin orta hesabla 50 faizi dövlət büdcəsi hesabına ödənilməsinə baxmayaraq ərazidə əkinçiliyə meyl azalmışdır. Bu sahədə torpaq payçıları arasında əkin strukturu ilə bağlı təbliğat işləri aparılsa da görünür ki, bununla bağlı işlər tam görülməmişdir. Çalışacağıq ki, ərazidə yazlıq əkinlərin əkin sahəsini genişləndirək. Qeyd etmək lazımdır ki, heyvandarlıq sahəsində yeni, daha məhsuldar cinslərin əldə olunması üçün, ərazidə 30 baş heyvanda süni mayalanma aparılmış, müsbət nəticə əldə olunmaqdadır.

Hesabat ilində ərazidə qanunçuluğun qorunması, qanunsuz tikililərin qarşısının alınması və torpaqların zəbtdən azad edilməsi ilə bağlı Nümayəndəlik tərəfindən ciddi işlər aparılmışdır.

Belə ki, Hesabat ilində ərazi üzrə 83 qanunsuz tikili və zəbt torpaq faktı aşkarlanmış, bundan 58 torpaq zəbtdən azad edilmiş, pay torpağında tikilmiş 16 qanunsuz tikili barədə tədbir görülməsi üçün rayon Torpaq və Xəritəçəkmə şöbəsinə müraciət olunmuş, 9 qanunsuz tikili altı torpaq sahəsi alqı-satqıya cəlb edilmişdir.

Hesabat ilində Sığdaş ərazisində bir sıra sosial problemlər həll edilmiş, uzun illər həllini tapmayan yol problemi həll edilmiş, əraziyə qaz xəttinin çəkilməsi layihəyə salınmış, içməli su xətti çəkilmiş və ərazimizin sakinlərinə istifadəyə verilmişdir. Nümayəndəliklə bələdiyyənin birgə fəaliyyəti nəticəsində bələdiyyə vəsaiti ilə Xanalion-Bədəlan əsas yolu təmir olunmuş, Sığdaş kəndində istirahət mərkəzinin tikintisinə başlanılmış, iş davam etdirilir, ərazidə yaşıllaşdırma işləri aparılaraq 400-ə qədər ağac əkilmiş, kənd ara yolları təmir edilmiş, su aparıcı kanallar təmizlənmişdir. Qeyd etmək lazımdır ki, bələdiyyə vəsaiti hesabına çox işlər görmək olar. Lakin bələdiyyə büdcəsinin əsasını təşkil edən torpaq və əmlak vergisi vətəndaşlar tərəfindən ödənilmədiyi üçün yerli əhəmiyyətli məsələlərin həllində çətinliklər yaradır.

Yaxşı olar ki, ərazidə abadlıq-quruculuq işlərinin aparılmasından ötrü hər bir vətəndaş  torpaq və əmlak vergisini ödəməklə, öz öhdəsinə düşən vəzifəni yerinə yetirsin bələdiyyədən də iş tələb etsinlər.

Qazanılan uğurlar və əldə olunmuş nəticələrlə yanaşı 9 oktyabr 2013-cü il tarixində keçirilən Prezident seçkiləri Respublikamızın hər yerində olduğu kimi, ərazimizdə də yüksək seçici əhval ruhiyyəsi şəraitində keçmiş və ərazidə olan seçicilər hörmətli Prezidentimiz cənab İlham Əliyevə sadiqlik nümayiş etdirərək səs vermişlər. Bu da ərazidə yaşayan sakinlərin dövlətə, dövlətçiliyimizə, rəhbərinə sədaqətin və böyük hörmətin təzahürüdür.

Ərazidə görülən işlərlə yanaşı həlli vacib görüləcək işlərimiz də vardır. Belə ki, ərazinin qazlaşdırılması, Xanalion kəndində feldşer mama məntəqəsinin tikilməsi, Sığdaş kəndində EATS binasının tikilməsi, elektrik təsərrüfatında əsaslı təmir işlərinin aparılması, kənd ara yollarının təmir edilməsi, kənd təsərrüfatı sahəsi üzrə yeni əkinçilik strukturunun yaradılması və bu kimi qarşıda duran vəzifələrdə vardır.

Sizləri əmin edirik ki, Sığdaş ərazi nümayəndəliyi bundan sonra da ərazidə yaşayan sakinlərin rahat yaşamaları, onları düşündürən məsələlərin həll edilməsi, verilən tapşırıqların yerinə yetirilməsi üçün bütün gücünü sərf edəcək, ərazinin sosial iqtisadi inkişafına səylə çalışacağıq.

            Hesabat yığıncağında çıxış edən Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov 2013-cü ildə ölkəmizin bütün sahələrində qazanılmış uğurlarından, yeniliklərdən və nailiyyətlərdən söz açaraq bildirmişdir ki, Azərbaycan iqtisadi qüdrətini artıran bir ölkəyə çevrilmiş, onun beynəlxalq aləmdə nüfuzu günü gündən artmaqdadır.

            İcra başçısı daha sonra ötən ildə ölkəmizin ictimai-siyasi, iqtisadi və idman sahəsində qazanılmış uğurlardan danışmış, statistik rəqəmləri diqqətə çatdırmış, 2013-cü ildə ölkəmizdə makroiqtisadi inkişafın artmasından bəhs etmiş, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilmiş yeni layihələr və proqramlardan söz açmışdır. Möhtərəm Prezidentimiz İlham Əliyevin gündəlik diqqət və qayğısı sayəsində Masallı da aparılmış genişmiqyaslı tikinti, yenidənqurma və abadlıq işləri barədə də ətraflı çıxış etmiş, 2014-cü ildə qarşıda mühüm vəzifələrin durduğunu qeyd etmiş, qəsəbə və kəndlərin qazlaşdırılmasının sürətləndiriləcəyini, yol infrastrukturunun, rayonun su-kanalizasiya sisteminin yenilənəcəyini, yeni məktəb binalarının, səhiyyə ocaqlarının istifadəyə verilməsi ənənəsini yeni ildə də davam etdirəcəyini əminliklə vurğulamışdır.

Keçidlər