Masallıda polis işçilərinin peşə bayramı qeyd olunub
02 iyul 2019-cu il tarixdə Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində polis işçilərinin peşə bayramı qeyd olunub.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Dövlət himni səsləndirilib.
Azərbaycan Polisinin və Masallı Rayon Polis Şöbəsinin keçdiyi yoldan və fəaliyyətindən bəhs edən videoçarx nümayış etdirilib.
Tədbiri açan Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Adəm Məhərrəmov polis işçilərini peşə bayramı münasibətilə təbrik edib.
Azərbaycan polisinin keçdiyi çətin, məsuliyyətli, eyni zamanda, şərəfli yoldan söhbət açan A.Məhərrəmov ulu öndər Heydər Əliyevin Fərmanı ilə hər il iyulun 2-sinin polis işçilərinin peşə bayramı günü təsis edildiyini diqqətə çatdırıb, Prezident cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan polisinin ictimai asayişin qorunmasında göstərdiyi xidmətləri qeyd edib.
Sonra Masallı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Habil Əmiraslanovun məruzəsi dinlənilib.
Tədbirdə veteran polis Tofiq Şahmarov, gənc polis Elton Ağayev, MƏSQ rayon şöbəsinin sədri Məmmədağa Şiriyev və başqaları çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, xalqımız Azərbaycan polisinə böyük inam bəsləyir, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, milli maraqlarının qorunmasında polisin xidmətləri danılmazdır.
Bildirilib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra polis əməkdaşları torpaqlarımızın ərazi bütövlüyünün müdafiə olunmasında misilsiz rəşadət və şücaətlər göstəriblər.
Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə bütün sahələrdə olduğu kimi, polis orqanlarında da köklü islahatlar həyata keçirilib. Hazırda Prezident cənab İlham Əliyev bu siyasəti uğurla davam etdirir.
Tədbirin sonunda polis orqanlarında səmərəli fəaliyyətinə görə şöbənin bir qrup işçisinə Masallı RPŞ-nin Fəxri fərman və hədiyyələri təqdim edilib.
Sonda bir qrup polis əməkdaşına Masallı Rayon İcra Hakimiyyətinin Fəxri fərman və hədiyyələr verilib.