BORADİGAH QƏSƏBƏ ƏRAZİ NÜMAYƏNDƏLİYİNİN HESABAT YIĞINCAĞI
“Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq rayonumuzun inzibati ərazi dairələrində 2013-cü ilin yekunlarına həsr olunmuş hesabat yığıncaqları keçirilmişdir. Növbəti hesabat yığıncağı yanvarın 22-də Masallı rayon Boradigah qəsəbə Bələdiyyə sarayında keçirilmişdir.
Hesabat yığıncağında Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov və kənd sakinləri, ağsaqqalları və ziyalıları iştirak etmişlər.
Əvvəlcə Boradigah qəsəbə inzibati ərazi dairəsinin nümayəndəsi Nəcməddin Quliyev hesabat məruzəsi ilə çıxış etmişdir.
N. Quliyev ötən illərdə olduğu kimi 2013-cü il də ölkəmiz üçün bir çox mühüm hadisələrlə yadda qaldı. Belə ki, Prezident İlham Əliyevin yürütdüyü praqmatik siyasət nəticəsində Azərbaycanın regional və qlobal səviyyədə mövqeyi daha da möhkəmlənib, həyata keçirilən hücum diplomatiyası xətti xarici siyasətdə əhəmiyyətli nailiyyətlərin əldə edilməsi ilə müşaiyət olunub.Ölkəmizin uğurlu inkişafı artıq reallıqdır.Bunu Azərbaycan əhalisi bilir və görür. Ölkədə əldə olunan bu uğurların təməlində düşünülmüş siyasət,mövcud olan ictimai-siyasi sabitlik və uğurlu iqtisadi islahatlar dayanır.Ən önəmlisi isə odur ki,atılan addımların,görülən işlərin mərkəzində hər bir Azərbaycan vətəndaşının,hər bir Azərbaycan ailəsinin rifahı və firavan həyatı dayanır.”Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransında dövlət başçısı cənab İlham Əliyevin də qeyd etdiyi kimi: ”Hər şeyi biz Azərbaycan vətəndaşı üçün edirik, dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır...Tarix baxımından bu qısa müddət ərzində özümüzü dünya xəritəsində inkişafda olan,dinamik,müasir ölkə kimi təsdiq edə bilmişik”.
Bu gün ölkəmizdə vüsət almış tərəqqi Masallıda da yüksək səviyyədə davam etdirilir. Masallıda yeni məktəblər,səhiyyə ocaqları tikilib istifadəyə verildi,əhalinin sosial-məişət şəraiti yaxşılaşdırıldı,rayonda qaz və su çəkilişində mühüm işlər görüldü.Ümumən,görülən işlərdə Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynovun böyük təşkilatçılıq bacarığı və tələbkarlığı rayonumuzun ab-havasını dəyişmiş,nəticədə hər bir rəhbər işçinin məsuliyyəti gücləndirilmişdir.
Boradigah qəsəbə inzibati ərazi dairəsi, mərkəzi Boradigah qəsəbəsi olmaqla Boradigah qəsəbə,Mollaoba və Babaser yaşayış məntəqələrini əhatə edir.Ərazisi 2736 ha,təsərrüfatların sayı 2683,əhalisinin sayı 11345 nəfər və 6 ümumi yaşayış evi olmaqla bərabər 2221 ev vardır.
Boradigah qəsəbə inzibati ərazi dairəsi nümayəndəliyi öz işini Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 saylı Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnəmə”yə və qəsəbə ərazi nümayəndəliyinin illik və rüblük iş planı əsasında qurmuşdur.Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən illik və rüblük iş planlarına əsasən səlahiyyətləri daxilində 25 sərəncam verilmişdir.Verilən sərəncamlara əsasən ərazinin sosial-iqtisadi inkişafı,vətəndaşların müraciətlərinə baxılmasının yaxşılaşdırılması, hər il yanvarın 1-i vəziyyətinə təsərrüfatbaşına kitabların dürüstləşdirilməsi,tarixi gün və bayramların qeyd edilməsi, kütləvi tədbirlərin keçirilməsi,qanunsuz tikililər və azyaşlı qızların erkən ailə həyatı qurması və digər məsələlər barədə olmuşdur.Ərazidə tarixi gün və bayramlar xüsusi qeyd edilmişdir.Belə ki,ərazidə ulu öndər Heydər Əliyevin doğum və anım günü,20Yanvar hüzn ,26 Fevral Xocalı soyqırımı günləri bir qayda olaraq hər il qeyd edilir.20 yanvar və Xocalı faciəsi günləri qəsəbənin Şəhidlər abidəsi önündə toplantı keçirilmiş,sonra isə şəhidlərin məzarları ziyarət edilərək onların qəbirləri üstünə əklillər qoyularaq dualar oxunmuşdur. Boradigah qəsəbə ərazi nümayəndəliyi tərəfindən hər il olduğu kimi 01 yanvar 2014-cü il vəziyyətinə təsərrüfatbaşına kitablarda bölmə və qrafalar üzrə dürüstləşmə aparılmış,bu əsasda ərazidə yaşayan əhalinin və aktiv seçici hüququna malik seçicilərin siyahısı müəyyənləşdirilmişdir. Məlum olmuşdur ki,təsərrüfatbaşına uçot kitabları üzrə əhalinin sayı 11345 nəfər,movcud vəziyyətdə isə 9559 nəfər olmuş,aktiv seçici hüquqlu vətəndaşların sayı 6658 nəfər,movcud vəziyyətdə 5177 nəfər olmuşdur.2013-cü il ərzində vətəndaşlardan 4 yazılı və 65 şifahi müraciət, idarə və təşkilatlardan isə 29 məktub daxil olmuşdur. Bir qayda olaraq bütün məktublara vaxtında cavab verilmiş, müddət pozulmasına yol verilməmişdir.Boradigah qəsəbə ərazi nümayəndəliyinə daxil olan müraciətlər elektrik dirəklərinin dəyişdirilməsi, ünvanlı sosial yardım, ailə-məişət məsələləri, torpaq və digər məsələlərlə əlaqədar olmuşdur.Edilən müraciətlər əsasında Boradigah qəsəbə inzibati ərazi dairəsində 12 ədəd elektrik dirəyi dəyişdirilmiş, 12 nəfərin ünvanlı sosial yardım almasına köməklik edilmiş, 2 ailənin dağılmasının qarşısı alınmışdır.13.03.2013-ildə Masallı rayon İcra Hakimiyyətinin Başçısı cənab Rafil Hüseynov Mollaoba kəndində səyyar görüş-qəbul keçirmiş və həmin görüşdə 200 nəfərdən artıq sakin iştirak etmiş, 16 vətəndaş şikayət,təklif və tələblə çıxış etmişdir.25.09.2013-cü ildə ərazimizin Babaser kəndində də yenə vətəndaşlarla görüş qəbul keçirilmiş və vətəndaşların müraciətlərinə baxılmışdır.Müraciətlər əsasən məktəblərdə istilik sisteminin olmamasından,elektrik dirəklərinin dəyişdirilməsindən, zibillərin daşınması,Babaser su anbarı suyundan istifadə edə bilməməklərindən,qəsəbədə uşaq bağçasının olmamasından,2 saylı məktəbin yenidən tikilməsindən,Boradigah bələdiyyə binasına yolun açılmasından və Boradigah xəstəxanasının əsaslı təmiri ilə əlaqədar olmuşdur. Qaldırılan bütün məsələlərə operativ baxılmış, təkliflərin icrası barədə vətəndaşlara məlumatlar verilmişdir. Müraciətlər əsasında qəsəbə üçün böyük bir zibil poliqonu yaradılmış, Babaser kəndi ərazisində su ötürücü kanal qazılaraq kəndə ziyan vuran sel sularının maneəsiz axıdılmasına imkan yaradılmış,xəstəxana isə əsaslı təmirə başlanılmışdır. Qalan məsələlər isə tədricən öz həllini tapacaqdır.
Respublikamızda Təhsil haqqında qanunun yerinə yetirilməsi sahəsində çox ciddi islahatlar gedir.Bu da təbiidir.Çünki,ölkəmizin gələcəyi təhsildən və onun səviyyəsindən çox asılıdır.Ulu öndər Heydər Əliyevin aşağıdakı kəlamlarını sitat gətirmək yerinə düşərdi.”Hər bir dövlət əgər istəyirsə ki,öz ölkəsinin inkişafını təmin etsin,öz millətinin elmini,mədəniyyətini dünya standartlarına çatdırsın,o mütləq hər şeydən əvvəl təhsilə fikir verməlidir,təhsilin inkişafına səy göstərməlidir,təhsil üçün bütün imkanları yaratmalıdır.”
Qəsəbəmizdə üç tam orta məktəb,bir ümumi məktəb fəaliyyət göstərir.Onlarda ümumilikdə 123 müəllim şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olur.Orada 1458 şagird təhsil alır.2012-2013-ci tədris ilində həmin məktəblərin məzunlarından 33 nəfər ali məktəbə,10 nəfər isə orta ixtisas məktəblərinə daxil olmuşdur.Ən yüksək nəticəni Boradigah qəsəbə 2 saylı tam orta məktəbi göstərmişdir.Bu məktəbdən 13 şagird ali məktəbə daxil olmuşdur.Hesabat ilində ərazi nümayəndəliyi tərəfindən məktəblərdə şagirdlərin dərsə davamiyyətinə,tədrisin keyfiyyətinə nəzarət olunmuşdur.Məlum olmuşdur ki,bütün məktəblərdə yuxarı sinif şagirdləri dərslərdə az iştirak edirlər.Xüsusən,qızlarımız dərsə davamiyyətdə fasilələrə yol verirlər.Məktəb müəllimləri,sinif rəhbərləri öz məsuliyyətlərini artırmalıdırlar.2013-ci ilin noyabr-dekabr aylarında bütün məktəblərdə valideyn yığıncaqları çağırılmış,mövcud vəziyyət müzakirə edilmişdir.Əsasən vurğulanmışdır ki,ilk növbədə valideynlər məktəbə biganə münasibət bəsləyir,onlar öz övladlarının dərsə getməsi ilə maraqlanmırlar.Müəllimlər,müasir təlim metodlarına yiyələnməli,kompüter texnikasını öyrənməlidirlər.Məktəblərimizdə vətənpərvərlik tərbiyəsi zəifdir.Hər bir məktəb rəhbəri və müəllimlər bu sahədə öz işlərini gücləndirməlidirlər.Şagirdlərin əxlaqi və mənəvi dəyərlərimizə daha mükəmməl yiyələnməsi üçün daha ardıcıl işlər görülməlidir. Hər bir müəllim bilməlidir ki,bu gün orta məktəblərin əsas vəzifəsi ali məktəblərə daxil olan şəxs yox,hərçənd ki,bu da vacibdir,əsil vətəndaş yetişdirməkdir.Mən bu gün valideynlərdən xahiş edərdim ki, məktəbdən şağirdlərin yayınmasına yol verməsinlər.Əks halda həmin valideynlər barədə ən ciddi tədbirlər görüləcək, icbari təhsil haqqında qanunun tələblərindən maksimum istifadə ediləcəkdir.Məktəblərdə bir qayda olaraq 1-9-cu siniflərdə davamiyyət yaxşıdır,şagirdlər dərsə vaxtlı-vaxtında gəlirlər,amma yuxarı siniflərdə bunu demək olmaz.Məktəblərdə ibtidai sinif müəllimlərinin pedoqoji hazırlıq səviyyəsi aşağıdır.Bu sahədə də ciddi düşünmək lazımdır. Babaser məktəbi istisna olmaqla heç bir məktəbdə istilik sisteminin olmamasından biz sinif otaqlarını odunla qızdırırıq.Məktəblərimizdə kifayət qədər odun ehtiyatı vardır və bu qışa bəs edəcəkdir. Məktəblərimizə xeyriyyəçilər və Boradigah bələdiyyəsi də odunla yardım etmişlər.Amma mən bir məsələni deməyə bilmərəm ki,biz artıq neçə illərdir hər dəfə bu vacib məsələni problem kimi qeyd edirik,lakin bu ildən-ilə təxirə salınır.Mollaoba məktəbində batareyalar da quraşdırılıb,hər korpusa ayrıca qazanxana peçi çəkilib,bir-neçə il qazla da qızdırılıb,lakin ötən ildən buna icazə verilməyib.Onlar üçün texniki şərt də alınıb.Lakin qazanxana tikintisi ildən-ilə ötürülür. Bizim 2 məktəbimizdə yeni qazanxana tikilməlidir.
Mən xahiş edərdim ki,bu məsələ ilə aidiyyatı təşkilat olan Təhsil Şöbəsi ciddi məşğul olsun.Boradigah qəsəbə 1 saylı tam orta məktəbi əsaslı təmir edilməli və həmçinin 2 saylı məktəb isə yenidən tikilməlidir.1 saylı məktəbin idman zalı ötən ildə taxtaları çürüdüyündən o sökülüb çıxarıldı,lakin zalın yenidən təmir edilməsini həyata keçirə bilmədik.Mən ümid edirəm ki,bu il təhsil şöbəsi idman zalının yenidən təmir edilməsini həyata keçirəcəkdir.Məktəblərdən danışarkən mən bir cəhəti də qeyd edərdim ki,Babaser məktəbində quraşdırılmış transformatorda olan texniki nasazlıq tez-tez həm Babaser və həm də Mollaoba kəndlərini işıqsız qoyur.Biz bunu aidiyyatı qurumlara dəfələrlə deməyimizə baxmayaraq hələ də bu məsələ öz həllini tapmayıb.
Boradigah qəsəbəsində fəaliyyət göstərən 15 çarpayılıq xəstəxana 32 yaşayış məntəqəsinə xidmət edir.Xəstəxanada 70 nəfər tibb personajı çalışır.Onlardan 15 nəfəri ali təhsilli həkimdir.Xəstəxanada doğuş,terapiya,Uzi,laboratoriya,renrtgen şöbələri fəalyyət göstərir.Yadınızdadırsa,ötən il Xəstəxananın əsaslı təmiri ilə bağlı aidiyyatı təşkilatlar qarşısında məsələ qaldırılmış və xəstəxananın əsaslı təmir edilməsi Dövlət proqramına salınmışdır.Bu işdə biz birinci növbədə dövlətimizin başçısı cənab İlham Əliyevə,həmçinin Masallı rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynova öz dərin minnətdarlığımızı bildiririk.Biz ümidvarıq ki,xəstəxana işçiləri də öz əməli işləri ilə göstərilən etimadı doğruldacaqlar.Boradigah qəsəbə xəstəxanası ərazidə vaxtında peyvənd işləri görmüş,məktəblilər arasında vərəmə qarşı manti tədbirini düzgün aparmışlar.Xəstəxanada uşaq ölümü faktına rast gəlinməmişdir.Xəstəxana işçiləri tərəfindən məktəblərdə 1-ci sinifdən 6-cı sinfə qədər olan uşaqlarda qurd xəstəliyinə qarşı dərman verilmiş,yeni doğulmuş uşaqlara yaşa uyğun polimelit,difteriya-tetanus,göyöskürək-hib,qızılca xəstəliklərinə qarşı profilaktik peyvəndlər aparılmışdır.Ümidvarıq ki,yaxın gələcəkdə xəstəxana tamamilə yenidən qurulacaq,həkimlərimiz də əhaliyə edilən səhiyyə xidmətinin keyfiyyətini daha da yaxşılaşdıracaqlar.
Abadlıq-quruculuq,səliqə-sahman bu günümüzün ən aktual məsələlərindəndir.Ötən il Rayon İcra Hakimiyyəti Başçısının təşəbbüsü ilə hər bir ərazi vahidi üzrə nümayəndəlikdə istirahət mərkəzi yaradılmağa başlanıldı. Bu məqsədlə qəsəbə ərazisində yerləşən BVM-si və Şəhidlər abidələri yenidən təmir edilməyə başlanılmış və həmin ərazidə Şəhidlər abidəsi tamamilə yenidən qurulmuş, istirahət mərkəzinin tikintisi isə başa çatdırılmışdır.Həmin ərazidə 30 ədəd yeni ağac əkilmişdir.Həmçinin,çayın kənarında, bizim təşəbbüsümüz əsasında, olan çayçının geniş həyətində,elə çayçının öz vəsaiti hesabına bir ədəd talvar və fontan tikilmişdir ki,bu da yay aylarında bütün boradigahlıların sevimli istirahət yerinə çevrilmişdir.
Boradigah qəsəbə ərazisində “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnəmə”yə uyğun olaraq kommunal xidmətin təşkili üçün müəyyən işlər görülmüş, lakin bu sahədə hələ çox iş görülməlidir. Boradigah bələdiyyəsi bu məqsədlə 400 nəfərlə müqavlə bağlamış,lakin həmin müqavilə elə kağız üzərində qalıb.Əhalidən zibillərin daşınması yenə də köhnə qayda ilə davam edir.Yəni,ayda bir neçə dəfə bələdiyyə tərəfindən ayrılmış texnika zibilləri yığır və daşıyır.Bu isə nəzərdə tutulan effekti vermir.Ona görə ki,zibillərin daşınmasında ardıcıl iş görülmür və bələdiyyə üzvləri də bu vacib məsələyə bir qədər laqeyd münasibət göstərirlər.Bu sahədə Boradigah bələdiyyəsi öz işini tamamilə yenidən qurmalıdır.Həmçinin,bələdiyyə öz gəlirlərini artırmaq üçün ancaq torpaq satılmasına bel bağlaya bilməz.Bunun üçün bələdiyyə əhalidən alınan torpaq və əmlak vergilərinin yığılmasında öz fəallığını artırmalıdır.Əhalinin hər şeydən əvvəl əmlakı qiymətləndirilməlidir.Bu işə ötən ildə başlanıldı və xeyli iş də görüldü.Əhali də bunu müsbət qarşılayır və bir az maarifləndirmə işi aparan kimi həvəslə ona qoşulurlar.Çünki,ilkin sənəd kimi evi və əmlakı rəsmiləşdirilir.Ərazi nümayəndəliyi ərazidə gedən bütün işlərdə bələdiyyə ilə birgə işini qurmuşdur.Bizim əlbir işimiz nəticəsində qəsəbə üçün böyük bir zibil poliqonu yaradılmış,istirahət mərkəzi tikilmiş,əhalini narahat edən suötürücü kanalların və yolların qumlanması birgə həyata keçirilmişdir.Boradigah-Qumbaşı yolu kənarında ağaclar əkilmiş və bu ağacların qorunması üçün dəmir məftillər çəkilmişdir.Bu işə artıq 2 ildir ki,başlanılmış,2013-cü ildə isə həmin sahədə 250 küknar şamı əkilmişdir.Əvvəlki illərdə əkilən ağaclar tam şəkildə qorunduğundan onlar artıq böyümüşlər. Qəsəbənin qəbirstanlıq sahəsi də genişləndirilmiş,onun kənarları daş hasara alınmışdır.Bu işdə xeyriyyəçilər də öz köməkliklərini etmişlər. Həmçinin,ərazimizin “Çaylıq”adlanan sahəsində qonşu Qəzvinoba kəndi ilə sərhəd kanalı qazılaraq əraziyə girən sel sularının axıdılması Boradigah çayına birləşdirilmişdir.Bu kanal uzun illər idi ki,qazılmırdı.Bunun da nəticəsində əhalinin həyətlərinin su basma halının qarşısı alınmışdır.Mən bir cəhəti də qeyd etməliyəm ki,bu il yeni Bələdiyyə seçkiləri keçiriləcək.Bu böyük tədbirə qəsəbəmiz indidən hazırlanmalıdır.Bələdiyyə işinin düzgün təşkili, hər şeydən əvvəl, qəsəbəmizin abadlığı və səliqə-sahmanı deməkdir.Əfsuslar olsun ki,əhalimiz öz torpaq və əmlak vergilərini ödəməkdən imtina edirlər.Əgər hər bir məhəllə öz vergilərini vaxtlı-vaxtında verərsə,yığılan pullar elə həmin məhəllənin abadlığına sərf olunardı. Ötən ildə olduğu kimi 2013-cü ildə də qəsəbəmizdə bir sıra nəzərdə tutulan işlər də görülmüşdür.Ən böyük işlərimiz ərazimizin C.Cabbarlı küçəsinin asfaltlaşdırılması oldu. Asfalt işi görülərkən həmin küçələrin qaz xətləri,işıq dirəkləri,kanalizasiya xətləri də yenidən qurulmuş,nümunəvi küçə yaradılmışdır. Ümumilikdə isə,2013-cü ildə ərazimizdə 1000 metr asfalt işi görülmüşdür. Ötən ildə qəsəbəmizdə sizlərin qaldırdığınız müraciət əsasında faydalı işlərdən biri də idman mərkəzinin tikilməsidir.Həm də bu idman mərkəzi Respublikada ilk dəfə olaraq Alternativ enerji - günəş enerjisi ilə işləyəcək.Əlbəttə ki,regionlarda belə bir idman mərkəzinin tikilməsi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bir daha idmana və onun inkişafına göstərdiyi daimi qayğının nəticəsidir.2015-ci ildə ölkəmizin Avropa Yay Olimpiya və 2017-ci ildə İslam ölkələrinin oyunlarına ev sahibliyi etməsi isə məhz Azərbaycanımızın bütün dünyada artan nufuz və hörmətinin əlamətidir.İdmandan danışarkən onu da deməliyəm ki,artıq 3 ildir ki,qəsəbəmizdə sərbəst güləş üzrə idman klubu fəaliyyət göstərir.Artıq burada məşğul olan güləşçilərimiz rayon birinciliyində ən yüksək yer tutaraq respublika çempionatına qatılıblar.Bundan başqa,hər il ənənəvi olaraq ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş mini futbol turniri keçirilir.Turnirdə ətraf kəndlərin komandaları da dəvət olunur.Qaliblərə rayon İdman və Gənclər idarəsinin fəxri fərmanları və xeyriyyəçilər tərəfindən pul mükafatları verilir.Ötən il idman sahəsində olan uğurlarımızdan biri də Boradigahın həvəskar futbol liqasına komanda şəklində daxil olmasıdır.Bununla əlaqədar Boradigah futbol komandası artıq Salyan,Sabirabad,Viləş komandaları ilə oyunlar keçirmiş və yaxşı nəticə göstərmişdir.Biz Boradigah komandasından növbəti mərhələyə çıxmağı ümidlə gözləyirik.Sevindirici haldır ki,ərazimizdə onlar üçün stadion yeri də vardır və yeri gəlmişkən qəsəbə üçün yeni stadion tikilməsi də dövlət proqramına salınarsa,bu bizi çox sevindirərdi.Biz inanırıq ki,qəsəbəmizdə tikilən yeni idman mərkəzi idmanın inkişafına yeni təkan verəcək və ərazimizdən güclü idmançılar yetişəcəkdir.Bundan başqa Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlyi gənclərin asudə vaxtının səmərəli keçirilməsindən ötrü də bir sıra əlavə tədbirlər həyata keçirir. Bu məqsədlə,qəsəbə mədəniyyət evində Novruz şənlikləri,Yeni il şənlikləri keçirilir.Demək olar ki,bütün kütləvi tədbirlərdə gənclərin milli-mənəvi dəyərlərə yiyələnməsindən ötrü təbliğati söhbətlər edilir və çalışırıq ki,gənc nəsil əsil azərbaycan vətəndaşı kimi yetişsin.Bu məqsədlə gənclərimizin vətənpərvərlik tərbiyəsinə,onların orduya çağırışına xüsusi diqqət edirik.2013-cü ildə ərazimizdən hərbiyə çağırışda heç bir nöqsana yol verilməmişdir.Gənclərimiz də böyük həvəslə Azərbaycan ordusunda xidmətə gedirlər.2013-cü ildə həqiqi hərbi xidmətə 167 nəfər çağırılmış,ondan 144 nəfəri xidmətə getmişdir.2013-cü ildə olan çağırışçılardan 8 nəfəri Bakı şəhərində, 15 nəfər isə Rusiya Federasiyasında olduğundan orduya getməmişdir.Tərəfimizdən həmin şəxslər müəyyənləşdirilmiş və aidiyyatı üzrə tədbir görülməsi üçün rayon çağırış və səfərbərlik komissiyasına təqdim edilmişdir.Həmçinin gənclərimizin milli-mənəvi dəyərlərə yiyələnməsində dini dəyərlərimizdən də istifadə edilir.Bu məqsədlə ərazimizdə olan hər üç məsciddə,xüsusən məhərrəmlik ayında bir sıra əxlaqi söhbətlər aparılır və bu söhbətlərdə ata oğul,ər-arvad,qardaş-bacı,qonşuluq,bir sözlə,həyatımızı əhatə edən bütün münasibətlərdən bəhs edilir.Lakin din pərdəsi altında öz mövhumatçılıq niyyətlərini həyata keçirənlərə qarşı daha sərt tədbirlər görülməlidir və görülıcəkdir də.Bunu hamı bilməlidir ki,din dünyagörüşüdür,mənəvi paklıq və ruhumuzla bağlı olan bir məsələdir və bizim dinimizin heç bir reklama və avantürüzmə ehtiyacı yoxdur.Son illərdə ərazimizdən azyaşlı qızların ərə verilməsi faktlarının artması bu sahədə bizim çox ciddi nöqsanlarımızdandır.Biz dəfələrlə bütün tədbirlərimizdə bu vacib məsələyə toxunmuşuq və valideynlərə öz övladlarını erkən nigaha girməməyi tələb etmişik.Bu məqsədlə əvvəlcə ərazi nümüyəndəliyinin akt zalında ağsaqqallarla görüş keçirtdik və bu məsələni ciddi müzakirə etdik.Daha sonra isə Masallı rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynovun sədrliyi ilə geniş müşavirə keçirildi.Həmin müşavirədə rayonun bütün rəhbər işçiləri də iştirak etdi.Mən deyərdim ki,çox səmərəli bir müşavirə idi.Biz orada mövcud vəziyyəti hərtərəfli müzakirə etdik.Həmçinin,19 dekabr 2013-cü ildə Lənkəran şəhərində H.Əliyev Mərkəzində yekun olaraq cənub zonası üzrə erkən nigah məsələsi ilə bağlı Respublika Ailə,Uşaq və Qadın problemləri üzrə dövlət Komitəsi və Yunisef xətti ilə keçirilən tədbirdə Boradigahın da nümayəndələri iştirak etdi. Nədənsə,valideynlər arasında belə bir fikir formalaşıb ki,mən qızımı tez ərə verim canım qurtarsın.Çox böyük səhv bir fikirdir.Mən bu gün müraciət edirəm hörmətli valideynlərə ki,siz qızlarınızı ərə vermək əvəzinə onlara təhsil verin. Qoy hörmətli valideynlər bilsinlər ki,nigah yaşı hər iki tərəf üçün 18 yaş müəyyənləşdirilmişdir və bu da qanun kimi qəbul edilmişdir.Hamı da bu qanuna hörmət etməli və bu sahədə hər hansı bir qanun pozanlara qarşı ən ciddi tədbir görüləcəkdir.
2013-cü ildə qanunçuluğun qorunması sahəsində görülən işlərdən danışarkən onu da qeyd etməliyəm ki,ərazimizdə zəbt olunmuş torpaqlar və payıbəlli torpaqlarda qanunsuz olaraq tikilən evlər barədə də tərəfimizdən müəyyən işlər görülmüşdür. 33 zəbt edilmiş torpaq və 27 payıbəlli torpaq sahəsində tikilən evlər barədə müvafiq sənədlər Masallı rayon Torpaq və Xəritəçəkmə Şöbəsinə göndərilmişdir.Zəbt edilmiş torpaqlardan 8 vətəndaş öz torpağını sənədləşdirmiş, qalan vətəndaşlar barəsində isə akt tərtib edilərək İcra Hakimiyyəti yanında inzibati komissiyaya verilmişdir.Payıbəlli torpaq sahəsində qanunsuz tikili aparanların siyahısı isə Masallı rayon Torpaq və Xəritəçəkmə komitəsi tərəfindən məhkəməyə verilmişdir.Görülən tədbirlər bu il də davam etdiriləcəkdir.Mən bu gün fürsətdən istifadə edib ərazidə mağaza və ya hər hansı bir sahibkarlıq obyekti tikən vətəndaşlara da bildirmək istəyirəm ki,belə hal olarsa qanunamüvafiq olaraq sənədlər hazırlanmalı və tikintiyə icazə verilən sərəncam olmalıdır.Lakin bundan sonra tikintini aparmaq olar.Amma son iki ay ərzində bəzi vətəndaşlarımız özbaşına olaraq müəyyən tikinti işləri görmüşlər.Şübhəsiz ki,həmin şəxslər barədə müvafiq akt tərtib edilərək həm polis bölməsinə və həm də Rayon İcra Hakimiyyətinə göndərilmişdir.Bundan sonra da belə halların qarşısı qətiyyətlə alınacaqdır.
Boradigah qəsəbə inzibati ərazi nümayəndəliyi qanunla müəyyən edilmiş qaydada “Ailə Məcəlləsinə”əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı aparmışdır. 2013-cü ildə ümumilikdə tərəfimizdən 84 nigah,190 doğum şəhadətnaməsi və 49 ölüm faktı qeydiyyata alınmışdır.Verilən doğum şəhadətnamələrinin bəzilərində müddət ötürülməsinə yol verilmişdir ki,bu da doğum haqqında verilən tibbi arayışın yubadılması ilə bağlı olmuşdur.
Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə 1 mədəniyyət evi,1 klub və 2 kitabxana fəliyyət göstərir.Qəsəbə və rayon ərazisində olan tədbirlərdə onların işçiləri həmişə iştirak edirlər.Lakin həmin qurumların fəalyyəti ümumilikdə qənaətbəxş deyil.Onlar da öz işlərini günün tələbləri səviyyəsində qurmalıdırlar.
Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndiliyində yuxarıda qeyd etdiyim kimi,2736 ha torpaq sahəsi vardır.Əsas torpaqlar kənd təsərrüfatının heyvandarlıq sahəsi ilə məşğul olan 17 fermerin əlində cəmləşib.Boradigah qəsəbə ərazi nümayəndəliyində 2764 baş iri buynuzlu -ana mal 1158, 3590 baş xırda buynuzlu mal-qara vardır.Sahə baytar həkimi ərazidə vaxtlı-vaxtında mal-qara arasında müxtəlif heyvan xəstəliklərinə qarşı–dabaq, qara-yara, çiçək, quşlarda taun- peyvənd işləri aparır. 2012-ci ildə heyvandarlıq sahəsində keçirilən müşavirədən sonra 2 vətəndaşımız süni mayalama ilə heyvanını cütləşdirmiş və nəticə müsbət olmuşdu.2013-cü ildə isə 9 ədəd süni mayalanma faktı olmuşdur.Bu sahədə heyvandarlıqla məşğul olanlar suni mayalanmadan istifadəni çoxaltmalıdırlar.Amma əkinçilik demək olar ki ,unudulub.Hər il ərazimizdə 100 ha-dan artıq taxıl əkilir ki,bu da lazımi effekti vermir.Çunki,ərazimiz vaxtilə tərəvəzçilik sahəsində ixtisaslaşmışdı.Bu gün Boradigahda təqribən 800 ha-dan artıq əkinə yararlı torpaqlar vardır.Əgər onlardan düzgün istifadə edilərsə, vətəndaşlarımız böyük fayda götürə bilərlər.Nədənsə,əhalinin torpağa marağı elə bil ki,sönüb.Mənə elə gəlir ki,bu sahədə dövlət tədbirləri görülməlidir.Çünki,uzun müddət torpaqların əkilməməsi də davam edə bilməz.Mən bu gün bir məsələni də qeyd edərdim ki,ərazimizdə çayçılığı bərpa etmək mümkündür.İlkin mərhələdə 100-150 ha sahədə çayçılığı bərpa etmək olar.
Ərazimizdə irili- xırdalı 172 sahibkarlıq obyekti vardır.Qəsəbədə 2 Şadlıq evi,2 taxrta satışı məntəqəsi,2 yanacaq və 1 qaz doldurma məntəqəsi,4 müasir tipli restoran,1 mebel evi fəliyyət göstərir.Bu sahibkarlıq obyektləri və onların sahibləri ərazimizdə olan ictimai,siyasi və iqtisadi proseslərdə fəallıq göstərirlər.Amma onlar qəsəbəmizin abadlıq-quruculuq işlərində daha fəal iştirak edə bilərlər və etməlidirlər.2014-cü ildə yəqin ki,həmin şəxslər bu iraddan nəticə çıxaracaqlar.
Boradigah qəsəbə inzibati ərazi dairəsində Elektron ATS,Poçttamt da fəliyyət göstərir.Onların nümayəndələrinin işindən əhali razılıq edirlər.Lakin rabitə xidmətində ərazimizdə müəyyən işlər görülməlidir.O da ondan ibarətdir ki,telefon xətləri olduqca aşağıdadır və telefon dirəklərinin əksəriyyəti yararsızdır.Bu da tez-tez telefon xətlərinin qırılması ilə nəticələnir.Telefon xətlərinin ərazimizdə yeraltı aparılmasından ötrü quyular və xətlər də qazılmışdır.Amma bu iş, nədənsə, dayandırılmışdır.
Hörmətli yığıncaq iştirakçıları,Boradigah qəsəbə inzibati ərazi dairəsində görəcəyimiz işlər də çoxdur.Belə ki,Mollaobadan başlayaraq Boradigahın axırına qədər olan təzə yaşayış sahəsi şoran yer olduğu üçün həmin yerin içməli suya ehtiyacı vardır.Mən bu gün bir məsələnin də qəsəbəmiz üçün vacib əhəmiyyət kəsb etdiyini bildirərək istərdik ki, gələcəkdə qəsəbəmizə bir ədəd zibil götürən maşın veriləydi.Bu həm də qəsəbədə kommunal xidmətin əsaslı surərdə yaxşılaşdırılmasına kömək edərdi.Həmçinin,bu yəqin ki,gələcəyin işi olacaqdır,aztəminatlı ailələr üçün ümumi yaşayış binaları tikilməsi,Boradigah qəsəbə 1 və 2 saylı tam orta məktəbin əsaslı təmiri,uşaq bağçasının tikilməsi,yararsız elektrik dirəklərinin dəyişdirilməsi və smart tipli elektrik sayqaclarının quraşdırılması,ara küçə yollarının təmiri də qəsəbə üçün vacib məsələlərdəndir.
Göründüyü kimi ərazimizdə müəyyən işlər görülmüş və qarşıda bizi hansı işlər gözləyir sadalandı.Bütün görülən işlərdə səy və bacarığımızı əsirgəməmişik.Bilirsiniz ki, 2014-cü il həm də növbəti Bələdiyyə seçkiləri ilidir. Boradigah qəsəbə inzibati ərazi dairəsi nümayəndəliyi bir daha sizləri və Masallı rayon İcra Hakimiyyətinin Başçısı cənab Rafil Hüseynovu əmin etmək istəyir ki,biz boradigahlılar qarşıdan gələn Bələdiyyə seçkilərini böyük siyasi fəallıq və ruh yüksəkliyi ilə keçirəcək,öz işini günün tələbləri səviyyəsində quracaq və Möhtərəm Prezidentimizin sərəncam və fərmanlarını,Masallı rayon İcra Hakimiyyəti Başçısının sərəncam və əmrlərinin vaxtında yerinə yetirilməsində bütün qüvvəsini sərf edəcəkdir.
Hesabat yığıncağında çıxış edən Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov 2013-cü ildə ölkəmizin bütün sahələrində qazanılmış uğurlarından, yeniliklərdən və nailiyyətlərdən söz açaraq bildirmişdir ki, Azərbaycan iqtisadi qüdrətini artıran bir ölkəyə çevrilmiş, onun beynəlxalq aləmdə nüfuzu günü gündən artmaqdadır. Bunun bariz nümunəsi olaraq deyə bilərəm ki, 2013-cü ildə Boradigah qəsəbəsində 1 km asfalt işi görülmüş, sizlərin qaldırdığınız müraciət əsasında faydalı işlərdən biri də idman mərkəzinin tikilməsi olmuşdur. Bu idman mərkəzi Respublikada ilk dəfə olaraq Alternativ enerji - günəş enerjisi ilə işləyəcəkdir. Regionlarda belə bir idman mərkəzinin tikilməsi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin idmana və onun inkişafına göstərdiyi daimi qayğının nəticəsidir.
Natiq bu ildə Boradigah qəsəbəsində insanların rifah halının yaxşılaşdırılması və mövcud problemlərin həll olunmasında inzibati ərazi dairəsi üzrə nümayəndəliyin fəaliyyətində dönüş yaradacağına inandığını bildirərək bu işdə onlara uğurlar arzulamışdır.