Şriftin ölçüsü :

Saytın rəngi :

ƏRKİVAN QƏSƏBƏSİNDƏ 2013-CÜ İLİN YEKUNLARI 2014-CÜ İLDƏ QARŞIDA DURAN VƏZİFƏLƏRƏ DAİR HESABAT YIĞINCAĞI

26 yanvar 2014 | 16:00

25 yanvar 2014-cü il tarixdə Masallı rayon Ərkivan qəsəbəsi “Ərkivan” şadlıq evində Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2013-cü ildə görülmüş işlər və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.

Hesabat yığıncağında Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov və qəsəbə sakinləri iştirak etmişlər.

Əvvəlcə Ərkivan qəsəbə inzibati ərazi dairəsinin nümayəndəsi Sabiq Cahangirov hesabat məruzəsi ilə çıxış etmişdir.

            S. Cahangirov bildirmişdir ki, 2013-cü  il ölkəmiz üçün əsaslı yüksəliş, sabit və davamlı inkişaf möhtəşəm layihələrin həyata keçdiyi  il kimi tarixə düşdü. Azərbaycan xalqının Ümumilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi fundamental dövlətçilik ənənələrini möhkəmləndirən və yeni dövrün reallıqlarına uyğun inkişaf etdirən Prezident İlham Əliyev cənabları ölkədə demokratik cəmiyyət quruculuğunun, siyasi və iqtisadi islahatların dönməzliyini təmin edilməsi, yeni islahatlar kursunun həyata keçirilməsi sahəsində davamlı tədbirlərə imza etmişdir. 2013-cü il ordu quruculuğu ilə bağlı önəmli addımlar, ASAN xidmətinin fəaliyyətə başlaması, Şahdəniz-2 kimi önəmli layihələrin reallaşdığı il kimi tarixə düşdü .Ölkə iqtisadiyyatının sürətli, dinamik inkişafının nəticəsidir ki, regionların sosial-iqtisadi inkişafı dövlət  proqramına əsasən bölgələrdə geniş miqyaslı abadlıq və quruculuq işləri görülmüşdür. Çoxsaylı sosial və infrastruktur layihələr həyata keçirilmişdir. Bunu rayonumuzun timsalında da görmək olar. Rayon İcra Hakimiyyətinin Başçısı cənab Rafil Hüseynov rayona rəhbər təyin olunduğu gündən geniş abadlıq və quruculuq işlərinə başlanılmışdır, şəhərin prospekt və küçələri yenidən qurulmuş piyada yolları təmir edilmiş, yeni işıqlandırma sistemi quraşdırılmış, yeni məktəblər, səhiyyə ocaqları, uşaq bağçaları tikilmiş və  əsaslı təmir edilmişdir. Bu işlər bu gün də davam etdirilir. Bildiyiniz kimi 4 sentyabr 2013-cü ildə Prezident cənab İlham Əliyevin rayona səfəri Masallıların böyük sevincinə səbəb olmuşdur. Səfər çərçivəsində ölkə başçısı rayonda aparılan abadlıq işləri ilə tanış olmuş, həmçinin 5 yeni obyektin - Masallı Mədəniyyət evinin, Taekvando və Boks  Mərkəzlərinin, Heydər Əliyev Mərkəzinin və yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının inzibati binasının açılışında iştirak etmişdir.

Buna görə biz, ölkə başçısı cənab İlham Əliyevə və rayonumuzda tələbkarlıq və əzmkarlıqla səlahiyyətlərini yerinə yetirən cənab Rafil  Hüseynova minnətdarlığımızı bildiririk.

 

     Ərkivan qəsəbəsi coğrafi mövqeyinə, hərtərəfli inkişafına görə rayonun ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayır. Qəsəbənin ümumi sahəsi 2294 hektar, əhalisinin sayı 16941 nəfər, təsərrüfatların sayı 4244 olmaqla 2621 fərdi yaşayış evi və iki ümumi yaşayış binası vardır ki, burada 48 ailə yaşayır. Masallı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 05 mart 2013-cü il tarixli 590-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 mart 2013-cü il tarixli Sərəncamını rəhbər tutaraq RİHB-nın sərəncamı ilə Rayonun Allahyarlı kəndi Yeyənkənd kənd inzibati ərazi  dairəsinin tərkibindən çıxarılaraq Ərkivan qəsəbə inzibati ərazi dairəsinin tərkibinə daxil edildi.

     Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi öz işini  Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamlarını, Rayon İcra Hakimiyyəti Başçısının əmr və sərəncamlarını və digər normativ hüquqi aktları rəhbər tutaraq  ” Yerli İcra Hakimiyyəti haqqında Əsasnamə”yə uyğun olaraq illik və rüblük iş planına əsasən qurmağa daima səy göstərmişdir.

     Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 2013-cü ildə 57 sərəncam və 13 əmr verilmişdir. Verilmiş sərəncamlar təsdiq olunmuş iş planında nəzərdə tutulmuş maddələr üzrə nümayəndəliyin səlahiyyətləri çərçivəsinə əsasən ərazidə  abadlıq işlərinin  aparılması, çağırış yaşlı gənclərin həqiqi hərbi xidmətə çağırılmasının təşkili, az yaşlı qızların erkən nigahlarının və qanunsuz tikililərin qarşısının alınması , təhsil, səhiyyə milli bayramların, tarixi günlərin keçirilməsi və digər məsələlərlə əlaqədar verilmişdir. Vətən uğrunda Şəhid ailələri və Milli Qəhrəmanları Birliyinin Masallı Rayon Şöbəsi, ərazi nümayəndəliyi, bələdiyyə, Ağsaqqallar şurası ilə birgə qəsəbənin Şəhidlər Parkında  20 yanvar şəhidlərinin 23-cü ildönümü, Xocalı soyqırımının 21-ci il dönümünə aid Anım tədbiri keçirilmişdir. Tədbirdə Məktəblilər arasında keçirilən rəsm və şer müsabiqəsinin qalibləri mükafatlanmışlar .Bələdiyyənin demokratiya həftəsi ərəfəsində qəsəbə bələdiyyəsinin 2 saylı məktəbin ərazisində şəhidlərin xatirəsinə ucaldılmış abidənin açılışı olmuşdur. 9 may qələbə günündə Böyük Vətən Müharibəsi iştirakçısı Kərimov Orduxanla görüş keçirilmişdir.

        Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin sərəncamlarının yerinə yetirilməsi ilə əlaqədar  tədbirlər planı hazırlanmışdır. Tədbirlər planında nəzərdə tutulmuş  bütün tədbirlər, xüsusən bayram və tarixi günlər qəsəbəmizdə vaxtlı-vaxtında keçirilmişdir.

        Ərazi nümayəndəliyində kargüzarlıq işi "Dövlət hakimiyyəti orqanlarında idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair təlimata" əsasən aparılır. Hazırda 01 yanvar 2013-cü il vəziyyətinə təsərrüfatbaşına uçot kitabında dürüstləşdirmə işləri başa çatdırılmışdır. İş nomenklaturasına uyğun olaraq nümayəndəlikdə kitablar açılmışdır. Həmin dürüstləşdirmə əsasında seçici siyahıları dəqiqləşdirilmiş və Rayon İcra Hakimiyyətinə təqdim edilmişdir.  Aktiv seçici hüququ olanların siyahısının dürüstləşdirilməsində 8985 səsvermə hüququ olan vətəndaşdan 7645-nin ərazidə yaşaması kimi fakt aşkar olunmuşdur.

                 Nümayəndəliyə vətəndaşların müraciətlərinə “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında Azərbaycan Respublikasının Qanunlarının" tələbləri səviyyəsində baxılmışdır. Vətəndaşlar tərəfindən nümayəndəliyə 67 yazılı, 124 şifahi müraciət daxil olmuşdur. Bu da əsasən torpaq mübahisələri, qonşu, ailə münaqişələri  və digər sosial məsələlərlə əlaqədar olmuşdur. Ərazidə respublikanın yuxarı instansiyalarına da vətəndaşlarımız tərəfindən  müraciətlər  olmuşdur. Tərəfimizdən xüsusi  ilə RİH  tərəfindən  belə  şikayətlər  dəfələrlə  araşdırılsa da  nəticə  etibarı  ilə  qarşısını  ala  bilməmişik . Bütün  bunlara  baxmayaraq bu sahədə  hələ  də  nöqsanlarımız var. Maddi durumla əlaqəli müraciətləri həll etməkdən ötrü Ərkivan  bələdiyyəsinin  imkanlarından və qəsəbə xeyriyyəçilərinin köməyindən   istifadə  edirik. Qəsəbə sakini Abbasova Lətafət Mirvahid qızı RİHB-nın göstərişinə əsasən Bakı şəhərində əməliyyat olunmuş və hal-hazırda xəstənin durumu normaldır. Xəstəyə mütəmadi olaraq  rayon xəstəxanasının rəhbərliyi və ərazi nümayəndəliyi tərəfindən nəzarət olunur. Digər  vətəndaşımız Dadaşova Nadirə övladının böyrək köçürülməsi üçün qəsəbə sakinləri və xeyriyyəçiləri bu əməliyyatın İran İslam Respublikasında həyata keçməsinə köməklik göstərmişlər. Vətəndaşları  narahat edən  məsələlərlə  daha  obyektiv  və  yerində baxmaqdan  ötrü  R.İ.H-nin  başçısı  cənab  R. Hüseynov  2013-cü  ildə Ərkivan  qəsəbəsində  üç dəfə səyyar görüş keçirtmişdir. Görüş  zamanı  irəli  sürülmüş  təkliflər  vaxtında öz  həllini  tapmışdır. Ərazi  nümayəndəliyi  vətəndaşların  hər  bir müraciətini diqqətlə  dinləyir  və  onlarla bağlı  tələblərini  operativ  həll  etməyə  daim  səy göstərir. Nümayəndəliyə Rayon İcra Hakimiyyətindən, idarə və təşkilatlardan 50 məktub daxil olmuşdur ki, onlara bir qayda olaraq vaxtında cavab verilmişdir. Ərazi nümayəndəliyindən idarə və təşkilatlara 125 məktub göndərilmişdir

       Ərkivan qəsəbəsində 4 orta, 1 əsas ,1 ibtidai orta məktəb fəaliyyət göstərir.  Qəsəbənin 6 məktəbi üzrə 2211 nəfər şagird təhsil alır, onların təlim-tərbiyəsi  ilə 211 nəfər müəllim məşğul olur. 2012-2013-cü il təhsil ili üzrə 139 məzundan ötən il ali və orta ixtisas məktəblərinə 49 nəfər məzun daxil olmuşdur ki, onlardan 2 nəfəri müvafiq olaraq 640 və 576  bal toplamışlar. Tərəfimizdən şagirdlərin davamiyyətinə mütəmadi olaraq nəzarət edilir. 9-11 siniflərdə davamiyyət  qismən  zəif  olsa da  1-9-cu siniflərdə  80%-dən  yuxarıdır. Cənab  başçı qəsəbə 1 saylı , 3 saylı və 5 saylı   məktəblərinin əsaslı təmirə ehtiyacı olması barədə sizi məlumatlandırmışıq. Buna baxmayaraq məktəblər öz işlərini ''Təhsil  haqqında qanunun ''maddələrinə uyğun qurmağa çalışırlar. Lakin bu sahədə də nöqsanlarımız var. Ali məktəblərə qəbul olanların sayı bizi qane etmir. Məktəblərimizin qışa hazırlığı tam təmin edilmişdir. Məktəblər odunla və dizel yanacağı ilə təmin olunmuşdur. Bu sahədə məktəb rəhbərlərinin işini təqdirəlayiq  hesab etmək olar.

     Məktəb yaşlı qızların erkən ailə həyatı qurmasının qarşısının alınmasından ötrü  tədbirlər görülməsi daima nəzarətdə saxlanılır. Bu işlərdə ağsaqqalların, ziyalıların, hüquq-mühafizə orqanlarının köməyindən istifadə edilir. Bununla bağlı nümayəndəlikdə komissiya yaradılmış məktəb rəhbərləri, din xadimləri, ərazidə işləyən həkimlər bu komissiyaya cəlb olunmuşdur. Nişanlanma halı baş verən kimi valideynlərlə görüş keçirilir dövlətimizin  müvafiq qanunları onlara izah edilir. Məktəblərdə və mərasimlərdə bu mövzu ilə əlaqədar daim təbliğat işləri aparılır. Bunun nəticəsi olaraq son illərdə azyaşlı qızların ərə getməsi faktı xeyli azalmışdır.

      Ailə məcəlləsi və Ədliyyə Nazirliyinin təsdiq etdiyi Vətəndaşlıq vəziyyəti haqqında təlimata əsasən il ərzində nümayəndəlikdə 85 nigah, 313 doğum, 79 ölüm faktları qeydiyyata alınmış və müvafiq şəhadətnamələr verilmişdir. Ürək ağrıdan məsələlərdən biri də rəsmi nigahların sayının azalmasıdır. Belə ki ərazidə yeni ailə quranların 25-30 faizi rəsmi nigah bağlamadan ailə həyatı qururlar. Bu da gələcəkdə problemlərin artmasına səbəb olur. Boşanma zamanı rəsmi nigahın olmaması əmlak bölgüsündə və aliment işində problem yaradır. Ərazidə 2013-cü ildə 8 ailə   boşanmaq üçün müraciət etmiş, ağsaqqal və ziyalıların iştirakı ilə onlarla aparılan danışıqlar nəticəsində 5 ailənin dağılmasının qarşısı alınmışdır.

     Qəsəbədə 10 ildən artıq müddətə  4 qrup üzrə , 90 yerlik uşaq bağçası fəaliyyət göstərib. Hazırda isə uşaq bağçası 2 qrup olmaqla fəaliyyət göstərir və burada 8 ştat vahidi olmaqla 40 uşaq tərbiyə alır. Uşaq bağçasının maddi-texniki bazası əsaslı şəkildə gücləndirilmiş, bağçaya 40 ədəd 2 mərtəbəli  çarpayı ,onların yataq dəsti, paltaryuyan maşın, televizor, ətçəkən maşın, Tozsoran, DVD və sair avadanlıqlar alınmışdır. Uşaq bağçasında ərzaq təminatı normaldır, hər ay uşaq bağçasına 907 manatlıq ərzaq verilir. Ötən il RİHB-nın tapşırığı  ilə bağça yolunun 500 kv.m hissəsinə asfalt beton örtüyü döşənmişdir. Bağçanın həyətyanı sahəsində 150 ədəd  küknar ağacı əkilmişdir və onların suvarılması üçün 4 nöqtəyə su xətti çəkilmişdir. Bütün bunlara baxmayaraq uşaq bağçasının təmirə ehtiyacı vardır. Belə ki, RİHB-nın səyi nəticəsində qəsəbədəki uşaq bağçasının 2014-cü ildə  təmirə dayandırılması planlaşdırılır.

      Qəsəbədə fəaliyyət göstərən sağlamlıq mərkəzində 5 həkim, 4 mama, 2 ferdşel, 6 tibb bacısı, 3 xadimə olmaqla ümumilikdə 20 nəfər tibb personalı çalışır .Bu sağlamlıq mərkəzində stomotoloji, genekologiya, peyvənd, manipulyasiya, terapevt-pediatr və uzi otaqlarında həkimlər əhaliyə  xidmət göstərirlər. Sağlamlıq mərkəzinə il ərzində 309 qadın hamiləliklə əlaqəli müraciət edib, müxtəlif yaş qruplarında 2387  uşaq peyvəndə cəlb olunmuş, 368 nəfər vətəndaşdan hamiləliyə, 495 nəfərdən malyariyaya görə qan analizləri götürülmüşdür. Ümumilikdə hesabat  ilində 7476 vətəndaş  tibb məntəqəsinə müraciət etmişdir.

       Prezident cənab İlham Əliyevin yanvarın 16-sında imzaladığı sərəncama əsasən 2013-cü il Azərbaycanda "informasiya-kommunikasiya texalogiyaları ili " elan olundu. Qəsəbədə 2048 nömrə tutumlu Elektron  Avtomat Telefon Stansiyası  əhaliyə xidmət göstərir. Bundan başqa qeyd etmək istəyirəm ki, Ərkivan qəsəbəsinə sürətli internet xətti çəkilmiş və qəsəbənin sakinləri bu xidmətdən istifadə edirlər. Qəsəbənin təzə məhəllələrinə telefon xəttinin çəkilişi ilə bağlı müraciətləri Rayon Telekommunikasiya qovşağı ilə birgə araşdırılmış və məsələni həlli üçün tədbirlər görülmüşdür. Qəsəbənin Poçt  şöbəsində   məktub, teleqram və bağlamaların göndərilməsində  problem olmadığı halda, kompyuter sisteminin olmaması kommunal borcların yığılmasında problemlərin yaranmasına səbəb olmuşdur.

     Qəsəbədə yerləşən mədəniyyət evi ötən əsrin əvvəllərində inşa edilmişdir. Mədəniyyət evinin əsaslı təmirə və lazımi avadanlıqlarla təmin edilməsinə ehtiyac vardır. Bina qəsəbə sakini Məmmədov Qalib tərəfindən 2004-cü ildə təmir olunsa da binanın bugünkü şəraiti orada lazımi tədbirlərin yüksək səviyyədə keçirilməsinə imkan vermir. Hazırda Sənətkarlıq evində  rəqs dərnəkləri  və güləş idman növü  fəaliyyət göstərir.

           Yeniyetmə və gənclərimizin asudə vaxtlarının səmərəli keçməsi üçün qəsəbədə 5 futbol, 3 voleybol stadionu,2 uyğunlaşdırılmış güləş zalı fəaliyyət göstərir. Qəsəbənin idmancıları güləş, boks, futbol və voleybol üzrə keçirilən rayon və respublika yarışlarında müvəffəqiyyətlə iştirak edirlər. Bu ildə ənənəvi olaraq Masallı Olimpiya İdman Kompleksində Masallı rayon İcra Hakimiyyətinin və Ərkivan qəsəbə inzibati  ərazi dairəsi üzrə nümayəndəliyinin təşəbbüsü ilə Sank-Peterburqda yaşayan həmyerlimiz,iş adamı Məşkür Qasımovun sponsorluğu, Gənclər və İdman Nazirliyi və güləş Federasiyasının təşkilati dəstəyi ilə , Əməkdar məşqçi,SSRİ idman ustası Nadir Ağayevin xatirəsinə həsr edilmiş Yunan-Roma güləşi üzrə Respublika turniri keçirildi. Turnirdə 30 rayon və təşkilatların idman cəmiyyətlərini təmsil edən komandalardan 300-dən çox idmançı iştirak etmişdir.Qaliblər pul mükafatı və diplomlarla mükafatlandırıldı.Tədbir Respublikamızın bir neçə aparıcı televizaya kanallarında  və qəzetlərində işıqlandırıldı. Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi məşqçi Şirziyad Mehtiyevin tələbəsi  güləşçimiz Mehtiyev Əli Ümummilli Lider Heydər Əliyevin 90-cı il  dönümünə  həsr olunmuş Beynəlxalq turnirdə və Yeniyetmələr arasında Yunan-Roma güləşi üzrə  respublika birinciliyində birinci yerə layiq görülmüş və Ölkənin güləş yiğma komandasının tərkibində məşqlərə başlamışdır.İki boksçumuz  məşqçi  Həbib Mehtiyevin tələbələri Təbriz Cəfərov və  Ramid Kərimov   uşaqlar arasında Boks üzrə respublika  birinciliyində qızıl medala layiq görülmüşlər.Tərkibi Ərkivan qəsəbə və Türkoba kənd idmançılarindan ibarət rayonumuzun voleybol komandası  voleybol üzrə ölkə çempionatında 3-cü yerə layiq görülmüşdür. Ümummilli Lider Heydər Əliyevin 90-cı il  dönümünə həsr edilmiş  futbol üzrə rayon və qəsəbə çempionatında qəsəbə komandası 2-ci yerə layiq görülmüş və qaliblər mükafatlandırılmışdır.Turnirdə futbol mütəxəssisləri tərəfindən seçilən  futbolçular rayonumuzu futbol üzrə həvəskarlar liqasinda təmsil edən Viləş komandasının heyətinə dəvət olunmuşlar.RİHB-nın Qəsəbə  mərkəzi stadionundakı tapşırıqlarından sonra stadiona gedən  yola  nümayəndəlik və bələdiyyə tərəfindən beton dirəklər basdırılaraq işıqla təmin olunmuşdur. İş adamı Sucayət Qasımov tərəfindən idmançiların geyinib soyunma yerləri tikilmişdir.Digər iş adami Mirzəyev Rəşad tərəfindən su quyusu qazılaraq idmançilarin istifadəsinə verilmişdir.Rayonun Viləş komandası da təlim məşq prosesini və futbol üzrə həvəskarlar liqasının oyunlarını qəsəbə stadionunda keçirir. Qəsəbədə idman kompleksinin olmaması idmançılarımızın daha böyük nəaliyyətlər əldə etməsi üçün çətinliklər yaradır.

     Milli ordunun müntəzəm olaraq komplektləşdirilməsini, gənclərin həqiqi hərbi xidmətə yola salınmasının mütəşəkkilliyini təmin etmək məqsədi ilə  "Həqiqi hərbi xidmətə çağırışın əsasları haqqında" qanununu əsas tutaraq

hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmuş gənclərimiz fəxrlə, vaxtında hərbi komissarlığa gedir və həqiqi hərbi xidmətə yollanırlar. 2013-cü ildə 115 nəfər çağrışçımız həqiqi  hərbi xidmətə yola salınmışdır.Gənclərin hərbi- vətənpərvərlik tərbiyəsi ilə bağlı bir sıra tədbirlər görülmüşdür.

     

       Əhalinin məşğuliyyətinin əsas hissəsini əkinçilik , maldarlıq təşkil etsədə, hazırda sahibkarlıq fəaliyyəti üstünlük təşkil edir. Əhalinin iqtisadi vəziyyətinin yaxşılaşdırılması vətəndaşların iş yerləri ilə təmin olunmasında qəsəbədə fəaliyyət göstərən 2 kərpic zavodu, 3 yanacaq doldurma məntəqəsi və 70-ə yaxın digər ticarət,istehsal sahələri xüsusi əhəmiyyət daşıyır. Belə  ki   yüzlərlə    sakinimiz  bu  müəssisələrdə  işlə təmin olunur. Bundan əlavə el sənətini yaşadanlar, dulusçuluq, sandıqçılıq,xarratlıq və başqa sənətkarlıq növləri ilə məşğul olurlar. Qəsəbədəki  955 ha pay və icarə torpaq sahələrindən ötən il 450 hektar sahəyə buğda, 50 hektar sahəyə  arpa, 50 hektar sahəyə vələmir əkilmişdir ki, bu da əvvəlki illərlə nisbətdə çox yüksək göstəricidir.Tərəvəz əkinində də irəliləyişlər nəzərə çarpır. Belə ki, 55 hektar sahədə müxtəlif tərəvəz növləri əkilib becərilmişdir. 1 hektar sahədə  bütün il boyu xiyar, pamidor yetişdirilir. 1 ha sahədə kivi, 2 ha sahədə isə feyxoa yetişdirilir. Vətəndaşların xüsusi mülkiyyətində 2043 baş iri buynuzlu və 2561 baş xırda buynuzlu mal-qara, 27794  baş quş vardır.Hesabat ilində baytarlıq xidməti 764 -brüselyoz qanalma,210 baş inəklərdə  vərəm,3603 -lasota taun xəstəliyinə qarşı,1892-iribuynuzlu heyvanlarda dabaq xəstəliyinə ,12460 -iri quşlarda taun xəstəliyinə ,4674-qoyunlarda çiçək xəstəliyinə ,46-itlərdə quduzluğa qarşı,14 baş -atlarda manqo xəstəliyinə qarşı qabaqlayıcı tədbirlər həyata keçirilmişdir.101 baş  heyvanda süni mayalanma işi aparılmış və 41 baş bala əldə edilmişdir.

Hörmətli toplantı iştirakçıları!

     Ərazidə qanunçuluğun qorunması ilə əlaqədar ərazi nümayəndəliyi və bələdiyyə birgə olaraq ərazidə yerli əhəmiyyətli məsələlərin həlli ilə bağlı müvafiq tədbirlər görmüşdür. Beləki, qanunsuz tikililərlə bağlı 52 qanunsuz fakt aşkar edilmiş və lazımi tədbirlər görülmüşdür. Torpaq və əmlak vergilərinin verilməsi, ərazidə qanunsuz tikililərin aparılması, torpaqların zəbt olunması ilə əlaqədar vətəndaşlarla vaxtaşırı maarifləndirici tədbirlər keçirilir.

        Qəsəbə daxilində təmir-tikinti, abadlıq-quruculuq və kommunal xidmətlər ərazi nümayəndəliyinin işlərinin əsasını təşkil edir.Belə ki,xeyriyyəçi iş adamı Gülağa Tənhanın təşəbbüsü ilə dəyəri  beş yüz min manat olan möhtəşəm Mərasim evi tikilərək qəsəbə sakinlərinin istifadəsinə verilmişdir. Mərasim evinin acılışında xeyriyyəçi iş adamı tərəfindən otuzdan çox imkansız ailələrə maddi yardım göstərilmiş 400 nəfərlik ehsan süfrəsi açılmışdır.15 noyabr tarixində qəsəbədə "Sahibkarlığın inkişafına dövlət dəstəyi mövzusunda  tədbir keçirilmişdir. Tədbirdə RİHB -ı və Sahibkarlığa kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev sahibkarlarla görüşmüş və mikro kredit müqavilələri imzalanmışdır. 2013-cü ilə büdcədən ayrılmış xərclərin hesabına qəsəbənin əsas yollarına, o cümlədən  Abaslı, Həsənəküçə,Miyondi, Bağlaküçə  və Pələnküştə küçələrinə  ümumilikdə 5000 kv.m asfalt-beton örtüyü döşənmişdir. 2,5 km qəsəbənin ara yollarına qum-çınqıl tökülərək təmir edilmişdir. Təmirə ehtiyacı olan ara yollarda nümayəndəlik və  Bələdiyyə hesabına təmir işləri aparılmışdır. Sel sularının fəsadlarının qarşısının alınması istiqamətində ərazi nümayəndəliyi, bələdiyyə ilə birlikdə mütamadi olaraq su aparıcı kannalların təmizlənməsini yeni su arxlarının qazılmasını təmin etmişdir.Bunun nəticəsidir ki, ötən ilin yağışlı keçməsinə baxmayaraq qəsəbədə evlərin və həyətyanı sahələrin su basması hallarına yol verilməmişdir. Qəsəbənin bütün məktəblərində ərazi nümayəndəliyi və daxili imkanlar hesabına cari təmir işləri  aparılmışdır. RİHB-nın tapşırığına əsasən qəsəbənin mərkəzində yerləşən Şəhidlərin Xatirə Parkının ərazisində veteranların çay evi tikintisi tamamlanmış və istifadəyə verilmişdir.Əlavə olaraq parkın ərazisində 350 kv.m ərazidə talvar tikintisində tamamlanma işləri sona çatmaq üzrədir.

Ərazidə yerləşən məktəblərin,parkın,idarə müəssisələrin həyətində yol qıraqlarında ağaclar əkilmişdir. Belə ki,  RİHB-nın təşəbbüsü ilə noyabr və dekabr ayının "Yaşıllaşma ayi" elan olunması ilə əlaqədar Ərkivan qəsəbəsindən Qəriblər kəndinə qədər olan ərazidə-Masalı-Yardımlı şosesinin sağ və sol tərəflərində ağac əkmə kompaniyası keçirilmişdir.Bu kompaniyada, bələdiyyə,məktəblilər və qəsəbə gəncləri fəal iştirak etmişlər. 1000 ədəd küknar,300 ədəd meşə ağacı, 200 kq palıd qozası əkilmiş , tikanlı məftillə və ağac hörükləri ilə hasara alınmışdır. 2013-cü ildə qəsəbədə gedən abadlıq quruculuq işlərinin əsasını Masallı-Yardımlı yolunun 3 km-lik hissəsinin yenidən qurulması təşkil edir. Belə ki, R-47 kateqoriyalı yolunun 1və 2-ci km-də yolun mühafizə zolağında yerləşən obyektlərə tərəfimizdən rəsmi xəbərdarlıq verilmişdir. Bunun nəticəsi olaraq obyekt  sahiblərinin  əksər hissəsi obyektlərin sökülüb yolun mühafizə zolağından kənarda tikilməsi işlərinə başlamışdır.  Avqust ayının iyirmisi Nəqliyyat Naziri cənab Ziya Məmmədovun rayonumuzda görüşü zamanı qəsəbə ağsaqqallar şurasının sədri Şərafət Əzimov  Ərkivan dairəsindən  1 saylı məktəbə qədər yolun yenidən qurulması xaişi ilə təklif irəli sürmüşdür.Bu istiqamətdə də işlər sürətlə davam etməkdədir.  

       2013-cü ildə bayram ərəfəsində qəsəbədə yaşayan şəhid ailələrinə,məcburi köçkünlərə, müharibə əlillərinə,az təminatlı ailələrə rayon rəhbərliyi,ərazi nümayəndəliyi,bələdiyyə,Qızıl Aypara və millət vəkili E.Axundova tərəfindən yardımlar edilmişdir.

Hörmətli toplantı iştirakçıları!

    Ərkivan qəsəbəsi elektrik və təbii qazla təmin edilmişdir. Elektrik enerjisi qəza vəziyyətləri istisna olmaqla 24 saat verilir. Qəsəbənin bəzi küçələrində qazın normal verilməsində  problemlər vardır.Qəsəbənin qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə müasir tipli politelin borularla qazlaşdırılma layihəsinə başlanılmışdır.Qəsəbənin Pələnküştə küçəsinin qaz çəkilişi artıq  başa çatmaq üzrədir.150-yə yaxın abunəçi yeni lahiyə əsasında qazla təmin edilmişdir.Qızlaküçə və Bağlaküçə məhəllələrində işlər gedir.  Qəsəbənin 2saylı və Allahyarlı ibtidai orta məktəbi yeni çəkilmiş qaz xəttinə birləşdirilmişdir.

     2013-cü ildə R-47 Masallı-Yardımlı yolunun 3 km hissəsi, qəsəbə yollarının asfaltlaşması, ara yolların qum-çınqılla təmir edilməsi, su ötürücü kanalların təmizlənməsi, əsas küçələrin işıqlandırılması işləri həyata keçiriləcəkdir. 1 saylı məktəbin təmiri, 3 və 5 saylı  məktəblərinin yenidən tikilməsi üçün aidiyyatı orqanlar qarşısında məsələ qaldırılacaqdır. Qəsəbədə Güləş İdman kompleksinin tikilməsi üçün ərkivanlı iş adamları və idman təşkilatının nümayəndələri ilə söhbətlərin  aparılması davam etdiriləcəkdir.

Hörmətli toplantı iştirakçıları!

      9 oktyabr 2013-cü il tarixində keçirilən Prezident seçkiləri Respublikamızın hər yerində olduğu kimi ərazimizdə də yüksək seçici  əhval ruhiyyəsi şəraitində keçmiş və ərazidə olan seçicilər hörmətli prezidentimiz cənab İlham Əliyevə sadiqlik nümayiş etdirərək səs vermişlər. Bu da ərazidə yaşayan sakinlərin dövlətə, dövlətçiliyimizə, rəhbərimizə sədaqətin böyük təzahürüdür. Əminliklə bildirmək istəyirəm ki, qəsəbənin sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı siyasəti dəstəkləyir, ölkəmizdə gedən quruculuq və abadlıq işlərini alqışlayırlar.

 

            Hesabat yığıncağının yekunu olaraq Masallı rayon İcra hakimiyyəti başçısı Rafil Hüseynov Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2013-cü ildə gördüyü işləri yüksək qiymətləndirərək qeyd etdi ki, ümumən Masallıda böyük işlər aparılır, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin göstəriş və tövsiyələri  həyata keçirilir, biz verdiyimiz sözü vədlə deyil gördüyümüz işlərlə yerinə yetiririk. Bu mütəmadi olaraq belə də olacaqdır. Qarşıda görüləcək işlərimiz çoxdur və ümid edirik ki, 2014-cü ildə də nəaliyətlər qazanacağıq deyə natiq qeyd etmişdir.

Keçidlər