Ulu Öndər Heydər Əliyev siyasəti əbədiyaşardır
12 iyul 2019-cu il tarixdə Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illik yubileyi münasibəti ilə “Ulu Öndər Heydər Əliyev siyasəti əbədiyaşardır” mövzusunda konfrans keçirilmişdir.
Konfransı giriş sözü ilə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açmış, geniş məruzə ilə çıxış edərək bildirmişdir ki, bu gün dünyada elə bir xalq tapmaq olmaz ki, tarixin taleyüklü və mürəkkəb mərhələsində onun taleyində müstəsna rol oynamış, dövlətçilik ənənələri formalaşdırmış milli lideri olmasın.Belə liderlərin mənalı və zəngin həyat səhifələrini vərəqləyərkən, onların mənsub olduğu xalqların da dövlətçilik ənənələri, tarixi, inkişaf səviyyəsi barədə aydın təsəvvür yaranır.Bu dahi şəxsiyyətlər yüksək mənəvi aləmləri ilə, ali bəşəri və milli ideallara, ümummilli mənafelərə ürəkdən bağlılıqları ilə milyonların qəlbində özləri üçün möhtəşəm abidə ucaldırlar.
Tarixi gerçəkliklərin müqayisəsi böyük şəxsiyyətləri fəaliyyətinin qiymətləndirilməsində ən obyektiv istinad yeridir.Bu mənada, Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan istisnasız olaraq daim irəliləyən, iqtisadi, sosial, humanitar və mədəni sahələrdə intibaha can atan, hər addımda insan və şəxsiyyət amilini uca tutan ölkə kimi görünür.
Ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi sayəsində müstəqil Azərbaycanın xarici siyasətində etibarlı tərəfdaşlıq və sabitlik mərkəzi kimi çıxış edən, iqtisadi və sosial rifah yolunda qətiyyətli addımlarla irəliləyən, “dövlət-vətəndaş” birliyinin təşəkkül tapdığı bir ölkəyə çevrilib.
Seyfəddin Əliyev çıxışında qeyd etmişdir ki, Azərbaycanı dirçəltmək, bütün sahələrdə öncül olmaq milli Öndərimiz Heydər Əliyevin taleyinə yazılmışdı. Yalnız böyük şəxsiyyətlərə məxsus olan keyfiyyətlərin Heydər Əliyevdə cəmləşməsinin nəticəsi idi ki, çox qısa bir zaman kəsiyində Azərbaycan keçmiş İttifaqa daxil olan respublikaların hamısının həsəd apara biləcəyi sıçrayışla tərəqqiyə nail oldu. Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan 1993-cü ildən sonrakı on il ərzində böyük və şərəfli yol keçdi. 1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf illəri kimi yaddaşlarda və tarixdə qaldı. Bu illər ərzində dövlətçiliyin əsasları qoyuldu. Azərbaycan dünya birliyinə özünü təqdim etdi. Beynəlxalq əlaqələr inkişaf etdi. Dünya xəritəsində Azərbaycan özünə layiq yer tutdu. Nəhəng sosial və iqtisadi islahatlar uğurla aparıldı. Azərbaycan bir neçə beynəlxalq təşkilata üzv oldu. Ölkəmizə böyük həcmdə investisiyalar cəlb edildi. Azərbaycan belə bir möhkəm zəmin əsasında bu gün də inkişaf edir.
Böyük iftixar hissi ilə qeyd edə bilərik ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Ümummilli liderimizin siyasi kursu uğurla davam etdirilir.Bu siyasətə sədaqətlilik Azərbaycan xalqında parlaq gələcəyə inamını daha da artırıb.
Heydər Əliyev Mərkəzi ərazi ilk partiya təşkilatının sədri Dilbər İbayeva çıxış edərək bildirdi ki, xalqımızın çoxəsrlik dövlətçilik tarixində Ümummilli liderimiz Heydər Əliyevin müstəsna yeri və rolu vardır.Misilsiz xidmətləri ilə Azərbaycanın ən parlaq və şanlı tarixini yaratmış dünya şöhrətli xadimin Azərbaycanda hakimiyyətdə olduğu hər iki dövr ərzində xalqın milli maraqlarına xidmət etmiş, Azərbaycan dövlətinin tərəqqisi uğrunda beynəlxalq aləmdə böyük uğurlara imza atmışdır.
Sonra digər çıxış edənlər Şura üzvləri Sevil Qəhrəmanova, Hikmət Xəlilov, Mahmudavar ərazi ilk partiya təşkilatının sədri Cəmaləddin Ağayev və başqaları çıxış edərək Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən, ölkəmizin dünya birliyində layiqli yer tutmasından söz açmışlar.