Şriftin ölçüsü :

Saytın rəngi :

Muzeydə Mətbuat günü

19 iyul 2019 | 16:00

19 yul 2019-cu il tarixdə Masallı Tarix - Diyarşünaslıq muzeyində 22 Iyul-Milli Mətbuat və Jurnalistika Günü ilə əlaqədar “Milli mətbuatımızın tarixi səhifələri" mövzusunda tədbir keçrilib.

Tədbirdə jurnalistlər, ziyalılar, təhsil və mədəniyyət işçiləri, Masallı Rayon  İcra Hakimiyyətinin və ASAN Xidmət Mərkəzinin könüllüləri iştirak edirdi. Tədbiri muzeyin direktoru Əməkdar mədəniyyət işçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əntiqə Tağıyeva qonaqları salamlayaraq  KİV nümayəndələrini 22 iuyl Milli Mətbuat Günü münasibətilə təbrik edib, şərəfli və son dərəcə məsuliyyət tələb edən işlərində uğurlar arzulayıb. Ötən müddət ərzində dünyasını dəyişən jurnalistlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Natiq çıxışında mətbuat tarixindən , görkəmli jurnalist və maarifçi Həsən bəy Zərdabi ilə başlayan milli mətbuat və onun keçdiyi tarixi inkişaf mərhələləri, o cümlədən Çar Rusiyası, Azərbaycan Cümhuriyyəti, Sovet Azərbaycanı dövrlərində, eləcə də müstəqil Azərbaycan Respublikasında milli mətbuat və jurnalistika peşəsinin inkişafı haqqında söz açıb. Qeyd edilib ki, H.B.Zərdabi ilə başlayan anadilli mətbuatımız, sonralar “Kəşkül”, “Şərqi-Rus”, “Ziya”, “Ziyai-Qafqaziyyə” və digərləri ilə davam etdirildi. İlk milli mətbu orqanlarımızın tarixi missiyası şübhəsiz ki, maarifçilik idi. Sözügedən qəzetlərin ətrafında H. B. Zərdabi, C. Məmmədquluzadə, M. Ə. Sabir,C.Cabbarlı və başqaları olmaqla dövrün tanınmış ədəbi və ictimai-siyasi xadimləri toplaşmışdılar. Fəaliyyətlərinin əsas qayəsi kimi milləti işıqlı, savadlı, hər cür nadanlıq və cəhalətdən uzaq görməyi arzulayan ədəbi-ictimai xadimlər, xalqı maarifləndirməyin başlıca üsulunu mətbuat səhifələrində yazmaqda, xalqı bu üsulla oxumağa, maarifə dəvət etməkdə görürdülər.
Masallı ağsaqqallar Şurasının sədri, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü Ələşrəf Niftiyev jurnalistika peşəsinin vəzifələri və fəaliyyət metodlarından, həmçinin keçmiş jurnalist kimi şəxsi təcrübəsindən söz açıb. Vurğulanıb ki, son illər sosial şəbəkələr və digər müasir məlumat vasitələri aktuallığını qoruyub saxlayır. Xüsusilə, Masallı rayonunda mətbuatın yaşadılması və inkişafında rayon rəhbərliyinin rolu böyükdür. Məhz, rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynovun dəstəyi nəticəsində yerli mətbuat yaşayır, insanlarımıza xəbər ötürməyə, maarifləndirməyə davam edir.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan həftəlik “Yeni həyat” qəzetinin baş redaktoru Əlihüseyn Şükürov milli mətbuat və jurnalistika günü münasibətilə bütün həmkarlarını, qələm dostlarını təbrik etdi. O, çıxışında milli mətbuatımızın mövcud problemlərindən və qazanılan uğurlardan danışdı. Ə.Şükürov son illərdə qəzet, kitab oxumağa marağın xeyli azaldığını, gənclərin daha çox müasir məlumat vasitələrinə meyl göstərdiyini dedi. Bununla belə, çap məlumat vasitələrinin, o cümlədən qəzetlərin daha uzunömürlü, məlumatların elektron vasitələrində olduğu kimi itmək, silinmək ehtimalının olmadığını diqqətə çatdırdı. Eyni zamanda təmsil etdiyi qəzetin tarixindən və əldə etdiyi nailiyyətlərdən danışdı.
“Yeni Həyat” qəzetinin məsul katibi Həsənağa Əliyev rayonun mətbuat tarixi, bir zamanlar fəaliyyət göstərmiş mətbuat orqanları, jurnalistlər haqqında danışdı. Bildirdi ki, rayonun ən uzunömürlü mətbu orqanı bu gün “Yeni həyat” adı ilə nəşr edilən qəzetdir. 1932-ci ildən bu günə qədər müxtəlif adlar altında nəşr edilən qəzet, bir çox çətinliklərə sinə gərib, bir sıra mükafatlara layiq görülüb. Bütün çətinliklərə baxmayaraq qəzet bu gün də nəşr edilir, oxucuları xəbər və maraqlı məlumatlarla təmin etməyə çalışır.
Şair-publisist Xanəli Tolış mətbuatla bağlı gənclik xatirələrindən, rayondakı hazırkı ədəbi mühit və prosesdən söz açdı. O, gənc jurnalist və ədibləri mətbuatla işləməyə çağırdı.
2 nömrəli Regional “Mətbuatyayım” İdarəsinin rəisi Əbülfəz Nuriyev də mətbuatla bağlı xatırələrini tədbir iştirakçıları ilə bölüşdü. Bildirdi ki, hazırda Masallı rayonunda mətbuatın inkişafı üçün əlverişli şərait və imkanlar vardır.
Tədbirin sonunda xatirə şəkili çəkdirildi.

Keçidlər