Ekologiya və Təbii Sərvətlər naziri Masallı rayonunda vətəndaşların qəbulunu keçirib
31 yanvar 2014-cü il tarixdə Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov Masallı şəhərində yerləşən Gənclər mərkəzində Masallı, Lənkəran, Lerik, Astara, Yardımlı və Cəlilabad rayonlarında yaşayan vətəndaşları qəbul edib.
Görüşdə nazirlə birlikdə nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərləri də iştirak edib.
Qəbulda ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, hidrometeorologiya, geologiya, biomüxtəliflik, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı 40-dan artıq vətəndaşın şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb.
Nazir qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların narazılığına səbəb olan halların aradan qaldırılması, hər bir vətəndaşın müraciətinin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Müraciətlərin bir hissəsi isə elə yerindəcə öz həllini tapıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.