Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda I yarımilin yekunları müzakirə olundu

06 avqust 2019 | 16:00

        06 avqust 2019-cu il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin iclas zalında 2019-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olunub.

         Şura iclasında hüquq-mühafizə orqanları, idarə, müəssisə və təş kilat rəhbərləri, şəhər, qəsəbə və kənd inzibati ərazi nümayəndələri, bələdiyyə sədrləri iştirak ediblər.
       Tədbiri giriş sözü ilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov açıb, şuranın gündəliyini açıq elan edib.
        Sonra rayon İcra hakimiyyətinin başçısı cənab R.Hüseynov geniş məruzə ilə çıxış edib.
        Məruzəçi qeyd edib ki, respublikamızın hər yerində olduğu kimi rayonumuzda da 2019-cu ilin birinci yarısı sosial-iqtisadi inkişaf göstəricilərinə görə uğurlu olmuş və yeni iş yerlərinin yaradılması, tikinti-quruculuq, abadlıq işlərinin sürətlə davam etdirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilmişdir.
         Rüb ərzində rayon üzrə məhsul istehsalı və göstərilən xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 % artaraq 389,0 milyon manat olmuşdur. Bu dövrdə sənaye məhsullarının həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 16,4 faiz artaraq 30,6 milyon manata, kənd təsərrüfatı məhsullarının həcmi 3,3 faiz artaraq 68,0 milyon manata çatmışdır. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2,2 faiz artaraq 43,1 milyon manat olmuşdur.
         Rüb ərzində adambaşına düşən pul gəlirləri 2942 manat, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 326,40  manat olmuşdur.
         2019-cu ilin birinci yarısında Masallı rayonunun gəlirləri 4 milyon 151 min 989 manata qarşı 4 milyon 901 min 168 manat və ya 118,0 % icra olunmuşdur. Rayonun yerli xərcləri isə 4 milyon 202 min 612 manata qarşı 3 milyon 552 min 638 manat və ya 84,5% icra olmuşdur.
          Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğının nəticəsində Masallı rayonunda yeni sənaye müəssisələrinin açılması davamlı xarakter almışdır. Bu proses çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonumuzda olan sahibkarlara güzəştli kreditlərin verilməsi işinin genişləndirilməsi və süni maneələrin aradan qaldırılması fəaliyyətimizin əsas istiqamətlərindəndir. 2019-cu ilin birinci yarım ilində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 20 sahibkara 445min 700 manat kredit verilməsi milli iqtisadiyyatın lokomotivi kimi sahibkarlıq subyektlərinin sayının artmasına, fəaliyyət dairəsinin genişlənməsinə təkan vermiş və 20 yeni iş yerinin açılmasına səbəb olmuşdur.
            Rayonda əmək bazarının mövcud vəziyyətinin qiymətləndirməsi və kadr potensialına dair müvafiq proqnozların hazırlanması məqsədilə mərkəzləşdirilmiş məlumat bazasının yaradılması qərara alınmışdır. Həmçinin dövlət müəssisələrində açılmış vakant iş yerlərinə rayon Məşğulluq mərkəzində işaxtaran kimi qeydiyyata alınmış vətəndaşların ilk növbədə növbəlik siyahısı üzrə işlə təmin olunmasına  nəzarət olunmuşdur.
            Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırığı ilə işaxtaran və işsiz vətəndaşların məşğulluğunun təmin edilməsi məqsədi ilə cari ilin I yarımilində “DOST” İş Mərkəzində 685, “Azəriqaz”da 119, “Azərişıq”da 60, Masallı rayon Meşə Mühafizəsi İdarəsində 18, həmçinin “Azərsun”ASC və “Fəxrəddin K” MMC-də  yeni iş yerləri açılmışdır.
            2019-cu ilin birinci yarısında Masallı Rayon Məşğulluq Mərkəzinə ümumilikdə 3104 nəfər müraciət etmiş və qeydiyyata alınmışdır ki, onların 1002-si qadınlardır. Qeydiyyata alınanlardan 967 nəfəri işlə təmin olunmuşdur ki, bunların da 327 nəfərini qadınlar təşkil edir.
            Rüb ərzində rayonun kənd, meşə, balıqçılıq təsərrüfatında 9.6 min manatlıq məhsul istehsal edilmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.2 min manat və ya 0,6 % çoxdur. Kənd təsərrüfatı müəssisələrində bir işçi üçün orta aylıq əmək haqqı 257.8 manat olmuşdur.
           1 iyul 2019-cu il vəziyyətinə rayonda iri buynuzlu mal-qaranın sayı 73057 başa, xırda buynuzlu mal-qaranın sayı 91062 başa çatmışdır. Hesabat dövrü ərzində süd istehsalı 25740 tona, ət istehsalı 3581,1 tona, yumurta istehsalı 36205 min ədədə çatmışdır.
            Masallı rayonu üzrə kənd təsərrüfatına yararlı 32519 ha torpaq sahəsinin 26732 hektarı xüsusi mülkiyyətə verilmiş pay torpaqları  təşkil edir ki, bu torpaqların da 23628 ha əkin, 1275 ha çoxillik əkmələr, 1829 ha isə biçənəklərdir.
            Rayonda 2019-cu ilin məhsulu üçün hazırki vaxtadək 18100 ha sahədə şum vurulmuş,  7496 ha sahədə buğda, 2786 ha sahədə arpa, 2661 ha sahədə isə vələmir əkinləri aparılmışdır.
            Hazırda 2019-cu ilin məhsulu üçün əkilmiş taxıl sahələrində biçin kompaniyası başa çatdırılmışdır. 7496 ha buğda sahəsindən 17392 ton buğda, 2786 ha arpa sahəsindən 5968 ton məhsul yığılmışdır. Buğdada orta məhsuldarlıq 23,2 sentner, arpada isə 21,4 sentner olmuşdur.
Bu ilin altı ayı ərzində “Aqrolizinq” ASC-nin Masallı bölməsi tərəfindən məhsul istehsalçılarına 517,6 ton güzəştli şərtlərlə müxtəlif növ mineral gübrələr satılmışdır.
            Artıq 2019-cu ilin yazlıq əkinlərinə başlanılmış, 844,5 ha kartof, 105 ha paxla, 305 ha noxud, 70 ha mərci, 66,5 ha lərgə, 70,2 ha lobya, 141,6 ha sarımsaq, 98,1 ha yonca, 126 ha soğan, 1843,8 ha tərəvəz və 379,7 ha bostan bitkiləri əkilmişdir. Yazlıq əkin işləri hazırda başa çatdırılmışdır.
           Hal-hazırda rayon ərazisində taxıl biçinindən sonra yay şumuna başlanılmışdır. Rayonun inzibati əraziləri üzrə ümumilikdə 1157 ha sahədə şum vurulmuşdur.
           İcra başçısı bildirib ki, ənənəvi kənd təsərüfatı sahələrinin inkişaf etdirilməsi rayonumuzda ön plana keçrilmişdir. Belə ki,rayon ərazisində 35 ha sahədə tütün, 217,6 ha sahədə çəltik əkilmişdir. Artıq tütün sahələrindən məhsul yığımına  başlanılmış və hal hazırda rayon üzrə 214 ton yaş tütün yarpağı toplanılmış və 5 ton quru tütün yarpağı təhvil verilmişdir.
           Baramaçılığın intensiv inkişafına nail olmaq məqsıdi ilə ərazi vahidlərində tut bağlarının aqrotexniki tələblərə uyğun budanmasını həyata keçrilməsindən ötrü  Qarğalıq, Viləş, Təzə Alvadı, Banbaşı, Çaxırlı  və s. ərazi nümayəndəliklərinə tövsiyələr verilmişdir.
           2018-ci ildə rayonumuza 78 qutu tutipəkqurdu gətirilərək 33 təsərrüfata paylanmış  78 qutu tutipəkqurdundan 3406,9 kq yaş barama alınaraq “Azər-İpək” ASC-nə təhvil verilmişdir. Cari ildə isə rayona 125 qutu tut ipəkqurdu gətirilərək 49 nəfər kümçüyə paylanmış, 5283,90 kq sort qarışıqları və 34,90 kq karapaçax növ barama olmaqla ümumilikdə 5318,80 kq yaş barama “Azər-İpək” ASC-nə təhvil verilmişdir.
           2019-cu ildə rayon ərazisində Baramaçılıqın inkişafında yüksək nəticələri ilə fərqlənən kümçülərdə olmuşdur ki həmin kümçülər 1 (bir) qutu ipəkqurdundan yüksək məhsul əldə əldə etmişlər. Belə ki, 1(bir) qutu ipəkqurdundan Mahmudavar inzibati ərazi dairəsindən Sadıqov Cəbrayil Qulam oğlu 72,20 kq, Türkoba inzibati ərazi dairəsindən İbrahimov Əfqan Cəlil oğlu 52,45 kq,Hişkədərə inzibati ərazi dairəsindən Cəfərova Qumra Mahmud qızı 65,90 kq,Təzə Alvadı inzibati ərazi dairəsindən Ələsgərova Göyçək Saleh qızı  50,60 kq, Səmidxan inzibatı ərazi dairəsindən  Allahverdiyev Həsən Abdulhəsən oğlu 55 kq, Qarğalıq inzibatı ərazi dairəsindən Zalıyev Sübhan Allahverdi oğlu 75,0 kq, Xıl inzibati ərazi dairəsindən Fəezəliyev İbrahim Çapar oğlu 75,20 kq, Gəyəçöl inzibati ərazi dairəsindən Şükürov Afərin Bəhrəm oğlu 58,0 kq, Sərçuvar inzibati ərazi dairəsindən  Miriyev Əsədulla Cahangir oğlu 56,82 kq və Xırmandalı inzibati ərazi dairəsindən  İbrahimov Eldəniz Məhərrəm oğlu 74,93 kiloqram yaş barama məhsulu əldə etmişlər.
        Yaxın günlərdə “Azər-İpək” ASC-i tərəfindən  kümçülərdən  qəbul edilmiş yaş baramanın hər kiloqramına  4 manat olmaqla kümçülərin kart hesablarına köçürüləcəkdir. Barama istehsalçılarına ipək emalı müəssisələrinə təhvil verdikləri yaş baramanın hər kiloqramına görə Dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi üçün müvafiq sənədlər hazırlanaraq baxılması üçün Respublika Komissiyasına göndərilmişdir. Komissiya sənədləri araşdırıb yekun qərar qəbul edildikdən sonra vəsaitin verilməsinə başlanılacaqdır.
        Hal-hazırda çayçılığın inkişaf erdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrar Kredit və İnkişaf Agentliyi”nin  AMAL layihəsinin çərçivəsində rayonun Ərkivan,Hişkədərə,Kolatan,Miyənkü,Tüklə,Sığdaş  ərazilərində yeni çay plantasiyaları salınması məqsədi ilə  76 nəfər gəncin bu işə cəlb edilməsinə başlanılmışdır.
       Eyni zamanada 2019-cu ilin “Tədbirlər planı”na uyğun olaraq kənd təsərrüfatı məhsulları istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkinlərinə görə subsidiyaların verilməsi işi səmərəli təşkil olunmuşdur. Belə ki, kənd ərazi komissiyaları tərəfindən istehsalçılardan sənədlərin qəbulu başa çatdırılmış, ərazi komissiyaları üzrə Qaydalara uyğun olaraq hazırlanmış cədvəllər Masallı DAİM-ə təqdim edilir. Bütün sənədlər təqdim edildikdən və Rayon Komissiyası tərəfindən yoxlanıldıqdan sonra yekun qərar qəbul edilməsi üçün Respublika Komissiyasına göndəriləcəkdir.
       Masallı rayonu üzrə arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslər tərəfindən saxladıqları hər arı ailəsinə (pətəyə) görə dövlət büdcəsinin vəsaiti hesabına verilən  subsidiyanı almaq üçün   ümümilikdə rayon üzrə  484 nəfər arıçı tərəfindən 8198 arı ailəsinə görə subsidiyanın verilməsi üçün müvafiq sənədləri  Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinə təqdim edilmişdir. Rayon Komissiyasına təqdim olunmuş materiallara baxılmış, arıçıların saxladıqları arı ailələrinə (pətəklərinə) DAİM-in və rayon baytarlıq idarəsinin əməkdaşları, rayon icra hakimiyyətinin inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin və bələdiyyələrin təmsilçilərinin iştirakı ilə baxış keçirilmiş və onların identikləşdirilməsi təmin edilmişdir.
       İdentikləşdirmə zamanı rayon üzrə 483 nəfər arıçıya ümumilikdə saxladıqları 7821 arı ailəsinə (pətəyə) görə dövlət büdcəsinin vəsaiti hesabına yardımın verilməsi üçün qərar qəbul olunmuşdur. Rayon Komissiyası üzrə hazırlanmış sənədlər Respublika Komissiyasına təqdim olunmuşdur. Yaxın vaxtlarda 78210 manat vəsaitin arıçıların bank hesablarına köçürülməsi gözlənilir.
       2019-cu ilin birinci yarısı ərzində Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında Masallı sahibkarlarının da iştirakı təmin edilmişdir. Yarmarkaya 6 ay ərzində 6600 kiloqram kartof, 3320 kiloqram soğan, 8700 kiloqram düyü, 3800 kiloqram mandarin, 5790 kiloqram noxud, 360 kiloqram bibər, 1500 kiloqram mərci, 900 kiloqram xiyar, 5600 kiloqram pomidor, 2580 kiloqram alma, 1600 kiloqram portağal, 250 kiloqram gilas, 210 kiloqram çiyələk, 300 kiloqram armud, 510 kiloqram limon, 300 kiloqram bal, 5600 dəstə göyərti, 1005 litr süd, 860 banka qatıq, 10440 ədəd yumurta  göndərilmişdir.          
       Masallı RİH başçısı cənab R.Hüseynov vurğulayıb ki, rüb ərzində Viləşçay Su Anbarı İstismar İdarəsi tərəfindən rayon ərazisindəki suvarma kanallarında ümumilikdə 220000 m 3 həcmində və 95,6 km uzunluğunda lildən təmizləmə işləri aparılmışdır. Həmçinin rayon ərazisində 4500 ha qapalı suvarma şəbəkəsi olan əkin sahələrində suvarma işləri aparıldığından bu şəbəkələrə texniki baxış keçirilərək təmir işləri görülmüşdür. Bundan əlavə Sel və daşqın sularının maneyəsiz ötürülməsindən ötrü Viləşçay, Boradigahçay, Tatyançay, Taxtaçay və Göytəpəçayın Təklə və  Xırmandalı kəndləri ərazisindən keçən hissələrində, o cümlədən əsas sel ötürücü kanallarda lildən təmizləmə işləri aparıllmış, dambalar möhkəmləndirilmişdir. Ümumilikdə 268 min m 3 torpaq qazma işləri görülmüşdür. Əsas suaparıcı Viləş sağ beton kanalında təmir bərpa işləri aparılmış və suvarma mövsümünə hazır vəziyyətə gətirilmişdir.
Rüb ərzində Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən 13 ha sahə kol-kosdan təmizlənmiş, 31 ha ərazidə torpaq hazırlığı işləri, 13 ha sahədə meşə əkini, 8 ha aqrobağ əkini aparılmışdır. Meşələrin yanğından qorunması üçün 25 km zolaq çəkilmişdir.
        Rayon Baytarlıq İdarəsi tərəfindən hesabat dövründə rayonda iri və xırda buynuzlu mal-qarada və digər ev heyvanlarında qara yara, quduzluq və dabaq xəstəliklərinə qarşı, eləcə də ev quşlarında müxtəlif xəstəliklərə qarşı peyvəndləmə işləri aparılmışdır.
Cari ilin 6 ayı ərzində 1361 baş iri buynuzlu heyvan süni mayalandırılmış və 993 baş sağlam bala alınmışdır.
        Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsində hazırda26 min 615 nəfər əmək pensiyaçısı uçotdadır. Rüb ərzində ümumilikdə 121 nəfərə əmək pensiyası təyin olunmuşdur.
        Bildiyiniz kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 aprel 2019-cu il tarixli Sərəncamı ilə otuz səkkiz min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən 38 min əhalinin yaşadığı Masallı-Köhnə Alvadı-Təzə Alvadı-Güllütəpə-Əmirtürbə-Yeni Zuvand avtomobil yolunun tikintisinin asfalt-beton işləri başa çatdırılmışdır.
        Fürsətdən istifadə edib bütün rayon ictimaiyyəti adından cənab Prezidentə minnətdarlığımızı bildiririk.
       2019-cu ilin birinci yarım ilində 47 saylı Yol İstismar İdarəsi tərəfindən rayonun bir sıra yollarında təmir işləri aparılmışdır. Belə ki, yerli əhəmiyyətli Ərkivan-Boradigah-Rüdəkənar, Həsənli-Xımandalı, Masallı-Viləş, Təzəkənd avtomobil yollarında cari təmir edilmiş, Hüseynhacılı avtomobil yoluna isə çınqıl materialı tökülərək hamarlama işləri aparılmışdır.
      2019-cu ilin birinci yarısı ərzində Masallı Elektrik şəbəkəsi tərəfindən 110/35/10 kv-luq yarımstansiyalarda  təmir bərpa işləri aparılmışdır. Belə ki, 110/35/10 kv-luq Tüklə, Masallı yarımstansiyalarında ümumilikdə  2087 ədəd 0,4 kv-luq dayaqlar basıdırlmış, 59587 metr SİP kabel çəkilmiş, 1593 ədəd Smart tipli sayğaclar quraşdırlmışdır. Abonentlərin fərdi yaşayış evlərində olan köhnə sayğaclar çölə çıxarılıb yeni sayğaclarla əvəz olunmuşdur. Həmçinin  35/10 kv-luq Alvadı yarımstansiyasında tam yenidənqurma işləri aparılmış və yarımstansiyanın gücü 2,5 dəfə artırılmışdır. Alvadı yarımstansiyasında ümumilikdə 319 ədəd 10 kv-luq dayaq basdırılmış, 61341 metr SİP kabel çəkilmiş, 1725 ədəd müasir tipli elektrik sayğacı quraşdırılmışdır. Təklə, Sığıncaq, Mollahəsənli, Xoşçobanlı, Ləngan kəndlərində tam yenidənqurma işləri başa çatdırılmışdır. Belə ki, həmin kəndlərdə 18 ədəd yeni transformator məntəqəsi quraşdırılmış, 603 ədəd 10kv-luq dayaq, 1590 ədəd 0,4 kv-luq dəmir dayaq basırılmış,42126 metr SİP kabel çəkilmiş, 1510 ədəd müasir tipli elektrik sayğacları quraşdırılmışdır. Qarğalıq yarımstansiyasında ümumilikdə 1411 ədəd 0,4 kv-luq dəmir dayaq basdırılmış, 30479 metr SİP kabel çəkilmiş, 830 ədəd Smartkart tipli sayğac quraşdırılmışdır. 
         Rayonun yaşayış məntəqələrinin qaz təchizatının yaxşılaşdırılması, əhalinin fasiləsiz təbii qazla təmin edilməsi məqsədilə 2019-cu ilin I yarım ili ərzindəbir sıra işlər görülmüşdür. Belə ki, rayonun Ərkivan qəsəbə, Türkoba və Təzə Alvadı kəndləri ərazisində 65 ədəd qaz sayğacları küçəyə çıxarılmış, həmçinin payız-qış mövsümündə qaz təchizatında yaranan problemlərin aradan qaldırılmasından ötrü müvafiq tədbirlər həyata keçirilmişdir.
           Rayon üzrə qaz alan əhali abonentlərin sayı 40615, sənaye abonentlərinin sayı 299-dur. Hazırda rayon əhalisinin 96 faizi qazla təmin edilmişdir.
            2019-cu ilin 6 ayı ərzində 3 saylı Regional Sukanal idarəsinin Masallı sukanal sahəsi üzrə 695 ədəd su sayğacına surğuc vurulmuşdur. 2019-cu ilin birinci yarısında ümumilikdə 76525 manatlıq su xidməti göstərilmişdir ki, ondan 70403 manatı əhali, 6122 manatı isə qeyri əhali kateqoriyasının payına düşür. Bundan əlavə 16315 manatlıq kanalizasiya xidməti görtərilmişdir ki, ondan 5474 manatı əhali, 10841 manatı isə qeyri-əhali kateqoriyasının payına düşür. Bu dövr ərzində su və kanalizasiya xidmətlərinə görə yığılmış vəsait əhali kateqoriyası üzrə satışın 99.7 faizini, qeyri əhali üzrə 111 faizini təşkil edir.
           Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən şəhər ərazisində süpürülən sahə 369823 m2 təşkil edir. Süpürülən ərazilərdən toplanmış məişət tullantıları gün ərzində 16-20 ton olmuşdur. Atılan bərk tullantıların ərazidən daşınması ilə bağlı sahibkarlıq subyektləri və əhali ilə müqavilələr bağlanmışdır.
            Şəhərin küçə və prospektlərində yığıla biləcək yağış və qar sularının axıdılması üçün su axarlarının işlək vəziyyətə gətirilməsi və onların vaxtlı-vaxtında təmizlənməsi Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən daim diqqət mərkəzində saxlanılmışdır. Eyni zamanda park, xiyaban, küçə və prospektlərin işıqlanmasından ötrü 2000 dən artıq işıq dirəklərinə, həmçinin 35 ha yaşıllıq sahəsinə xidmət göstərilmişdir.
           Şəhər ərazisində Birlik tərəfindən 450 ədəd yolka, 200-ə yaxın dekorativ gül kolları, 65000 ədəd çiçək becərilmiş, 4500 ədəd müxtəlif növ qızılgül becərilmişdir.


2019-cu ilin birinci yarısı ərzində 95,0 ton kağız və karton tullantıları yığılmış 49,6 ton təhvil verilmişdir. Eyni zamanda 7 ton plastik tullantı yığılmışdır.
           Son illərdə Masallıda yeni məktəb binalarının tikintisi geniş vüsət almış və 55 məktəb binası yenidən tikilmiş və ya əsaslı təmir olunmuşdur. Lakin buna baxmayaraq bu sahədə görüləsi işlərin miqyası daha böyükdür. Belə ki, 27 məktəbintikintisinə, 15 məktəbin isə əsaslı təmirinə ehtiyac vardır. Həmçinin 7 uşaq bağçasının əsaslı təmirinə, 4 uşaq bağçasının yeni binaya ehtiyacı var ki, bunlardan Həsənli kənd və Masallı şəhər 1 saylı uşaq bağçaları qəzalı vəziyyətdədir.
Yeni təhsil konsepsiyasında peşə təhsili sisteminin inkişafı prioritet istiqamətlərdəndir. Bu mənada rayonda fəaliyyət göstərən Masallı Dövlət Regional Kollecinin və Peşə məktəbinin maddi texniki bazasının yaxşılaşdırılması həlli vacib məsələlərdəndir
Rayonda fəaliyyət göstərən tibb məntəqələrinin maddi texniki bazasının yaxşılaşdırılması məqsədilə də tədbirlər görülmüşdür. Rüb ərzində Lürən həkim məntəqəsi tikilərək istifadəyə verilmişdir.
            2019-cu ilin ikinci rübündə rayon əhalisinə göstərilən tibbi xidmətin səviyyəsini yüksəltmək, onun maddi texniki bazasını möhkəmləndirmək üçün bir sıra işlər görülmüşdür.
            2019-ci ilin ilk altı ayında rayonda 1021 nəfər uşaq doğulmuş, uşaq ölümü 2,1 promil (2 nəfər), evdə doğuş 0,4 promil (2 nəfər) olmuşdur.
            İmtiyazlı qrupa daxil olan xəstələrin tibbi müayinəsi və müalicəsi diqqət mərkəzindədir. Xüsusilə (şəkərli diabeti) olan 6003 xəstəyə hər ay dərman preparatlarının verilməsi üçün bütün imkanlardan istifadə edilir.
            Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 12 fevral 2019-cu il tarixdən  əhalinin tibbi müayinədən keçirilməsinə başlanılmış və 12 may 2019-cu il tarixə kimi 139518 nəfər tibbi müayinədən keçirilmişdir. Müayinələr zamanı 4524 nəfər ambulator, 151 nəfər stasionar müalicəyə cəlb edilmişdir. 150 nəfər isə Bakı şəhərinə göndərilmişdir.
            Əhalinin tibbi müayinəsi ilə bərabər uşaqların icbari dispanserizasiyası da davam etdirilir. Altı ay ərzində 21970 uşaq müayinə edilmişdir ki, bunlardan 680 nəfər uşaqda müxtəlif xəstəliklər aşkarlanmış və onlar dispanser qeydiyyatına alınmışdır.
           Masallı Rayon Gigiena və Epidemiologiya Mərkəzi ikinci rüb ərzində mütəmadi olaraq  yoluxucu xəstəliklərə qarşı peyvəndlər aparmışdır.
           Masallı Regional Mədəniyyət İdarəsi rüb ərzində əlamətdar günlərin qeyd edilməsi və bayram tədbirlərinin təşkilini daim diqqətdə saxlamışdır.
          İcra başçısı qeyd edib ki, turizm Masallı rayonunun əsas inkişaf istiqamətlərindəndir və bu səbəbdən də daimi diqqət mərkəzində saxlanılmalıdır.
          Turizm sahəsində mövcud problemlərdən biri də obyektlərə nəzarət sisteminin və təsir vasitələrinin zəif olmasıdır. Bu sahəyə nəzarət sisteminin gücləndirilməsi, təsir vasitələrinin sərtləşdirilməsi, habelə turizm infrastrukturunun yaxşılaşdırılması gələcəkdə rayonumuzun turizm potensialının inkişaf etdirməklə iqtisadi cəhətdən daha böyük gəlirlərin əldə edilməsinə şərait yaradacaqdır.
          Rayonda turizmin sürətli inkişafını təmin etdirmək məqsədi ilə Masallıda müalicəvi turizm şəhərciyinin salınması nəzərdə tutulur. Bununla bağlı əlaqədar təşkilatlara müraciətlər ünvanlanmış və ilkin razılıq əldə olunmuşdur. Hazırda məsləhətləşmələr və araşdırmalar aparılır. Bu layihənin icrası nəyin ki, Masallıda, bütün regionda turizmin inkişafına böyük təkan verəcəkdir.
            Rayonda siyasi partiyaların 23 təşkilatı fəaliyyət göstərir (YAP, AXCP, VHP, Müsavat, MMP, Ədalət, BAXCP, BQP,Ümid, KAXCP, DADP, ADİP,AKP və.s ). Bütün partiyalara fəaliyyətləri üçün "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bərabər şərait yaradılmış və ofislə təmin olunmuşlar Yeni Azərbaycan Partiyası digər partiyalardan müqayisə olunmaz dərəcədə güclüdür. Partiyanın 107 ilk təşkilatının 11 min 299 nəfər üzvü vardır. Digər partiyaların  üzvlərinin ümumi sayı 1391 nəfərdir.
Rayon  ərazisində 38 QHT fəaliyyət göstərir. Bunlardan əlavə bir neçə təşkilat qeydiyyatdan keçməsə də fəaliyyəti mövcuddur. Qeyri-hökumət təşkilatlarının fəaliyyətinin təhlili göstərir ki, rayonda əlil və veteranların problemlərinin həlli sahəsində 12 ,uşaq , gənclər və idmanla  bağlı 5, qadın problemləri ilə 2, ekologiya sahəsində  2,   təhsil, ziyalılar və jurnalistlərlə iş 4 , sosial, aqrar, iqtisadi ,həmkarlar sahəsində 10 və digər təşkilatlar dövlət qeydiyyatından keçmişdir .


            Rayon İcra Hakimiyyəti müstəqil Respublikamızın müdafiə qüdrətinin möhkəmləndirilməsi naminə üzərinə düşən bütün tədbirləri həyata keçirmiş və rüb  ərzində həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan 340nəfər gənc hərbi xidmətə yola salınmışdır.
Rayonda ictimai təhlükəsizliyin və sabitliyin təmin olunması, cinayətkarlığa qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi sahəsində də bir çox işlər görülmüşdür. 2019-cu ilin birinci yarısında rayon ərazisində 230 cinayət hadisəsi qeydə alınmışdır. Cinayətlərin açılma faizi 93,4 olmuşdur.
            2019-cu ilin birinci yarısı ərzində rayon İcra hakimiyyətinə 1097 müraciət daxil olmuşdur ki, onlardan 578-i rayon İcra hakimiyyətinə, 519-u isə yuxarı təşkilatlara ünvanlanmışdır. Daxil olmuş müraciətlərin 895-i ərizə, 186-sı şikayət, 16-sı təklif olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ərizələrin sayında 148 ədəd artma olmuşdur. Bu dövr ərzində  keçirilən qəbullar zamanı ümumilikdə 551 nəfər vətəndaş qəbul edilmişdir. Onlardan 411 nəfəri rayon İcra hakimiyyətində, 124 nəfəri səyyar, 16 nəfəri virtual qəbullarda qəbul edilmişdir. Rayonun idarə, müəssisə və təşkilatlarında, şəhər, qəsəbə və kənd icra nümayəndəliklərində vətəndaşların qəbulu, ərizə və şikayətlərə baxılması işinin daha da yaxşılaşdırılması sahəsində xeyli iş görülmüş, onların müraciətlərində qaldırılan məsələlərin vaxtında və obyektiv həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Yerlərdə müntəzəm olaraq keçirilən səyyar qəbullar ictimaiyyət arasında böyük razılıqla qarşılanır. 
Rüb ərzində “Dövlət Qulluğu Haqqında” qanuna və “Yerli İcra Hakimiyyətləri  haqqında Əsasnamə”yə uyğun olaraq Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatında və ərazi nümayəndəliklərində dövlət qulluğunun vəzifələrinə kadrların seçilib yerləşdirilməsi, ehtiyat kadr bazasının yaradılması və kadrların hazırlanması diqqət mərkəzində olmuşdur. Belə ki, istər rayon icra hakimiyyəti başçısı aparatı və istərsə də yerli ərazi nümayəndəlikləri daha gənc, işgüzar və bacarıqlı kadrlarla möhkəmləndirilmiş, idarəetmənin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlər görülmüşdür. Yaranmış vakansiyalar barədə icra hakimiyyətinin elektron saytında və “Yeni həyat” qəzetində elanlar verilmişdir.
Rüb ərzində 5 nəfər masallılı Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunmuşdur.
Belə ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Masallı rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nəzərov Cəlil Oruc oğlu, Tarix-Diyarşünaslı Muzeyinin direktoru Tağıyeva Əntiqə Rəhim qızı, Fəxrəddin-K MMC-nin icraçı direktoru Baxışov Fəxrəddin Əlisa oğlu, EMBAWOOD mebel fabrikinin rəhbəri Məmmədov Məşhur Sahbaz oğlu “Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi” medalı ilə təltif edilmişdir.
Dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə rayon İcra hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Məhərrəmov Adəm İmanverdi oğlu “Dövlət qulluğunda fərqlənməyə görə ” medalı ilə təltif edilmişdir.
Fürsətdən istifadə edib bütün təltif olunanları təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq
          Masallı RİH başçısı cənab R.Hüseynov çıxışına davam edərək deyib:" Görülən işlərə baxmayaraq qarşıda bizi daha böyük və çətin işlər gözləyir.     
           2019-cu ildə Masallı şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, Viləş Park Bulvar kompleksinin tikintisinin başa çatdırılması nəzərdə tutulur
           Azərbaycan Respublikası Prezidentinin 18 sentyabr 2018-ci il tarixli 491 nömrəli Sərəncamına uğun  olaraq  Masallı rayonunda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 37 sututarda zəruri təmir-bərpa işlərinin davam etdirilməsi nəzərdə tutulmuşdur.
           Kəndlərimizə içməli su xəttinin çəkilməsi, kəndlərarası  yolların əsaslı təmiri, habelə yeni təhsil və səhiyyə müəssisələrinin tikilməsi kimi bir çox abadlıq və quruculuq işlərinin həyata keçirilməsi, rayonun bütün ərazilərində geniş ağac əkini kampaniyasının aparılması istiqamətində tədbirlər görülməsi planlaşdırılır.
           Masallı rayonunda Viləşçay Su Anbarının ikinci növbəsinin tikilməsi və bəndin ümumi su tutumunun 120 mln m 3 -ə çatdırılması ilə bağlı təklifimiz ölkə rəhbərliyi tərəfindən bəyənilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nda çayçılıq rayonlarında çay sahələrinin su təminatının yaxşılaşdırılması və yeni sahələrin əkin dövriyyəsinə cəlb edilməsi üçün Viləşçay su anbarının 2-ci növbəsinin tikintisi nəzərdə tutulmuşdur və bu istiqamətdə layihələndirmə işlərinə başlanılmışdır.
Rayonda turizmin inkişafı rayon iqtisadiyyatının əsas sahələrindən birini təşkil edir. Bu səbəbdən bütün regionu əhatə edən və bir mərkəzdən idarə olunan Turizm İstirahət şəhərciyinin İsti-Su zonasında salınması ilə bağlı irəli sürdüyümüz təklif reallaşmaq ərəfəsindədir. Bu istiqamətdə səylərimiz davam edəcəkdir.
           2019-cu ildə Xalça fabrikinin tikilməsi və regional yun tədarük məntəqəsinin yaradılması, eyni zamanda şəhər ərazisində 22 yerlik Uşaq-bərpa Mərkəzinin tikintisi nəzərdə tutulmuşdur.
Son illərdə rayon ərazisində baş verən sel-daşqın hadisələri ilə əlaqədar rayonun bir sıra yaşayış məntəqələri su basmaya məruz qalmışdır. Sel-daşqın hadisələrinin qarşısının alınması məqsədilə Hüseynhacılı, Yeddioymaq, Viləş və Qızılağac kəndlərindən keçən Viləş çay yatağında, Təklə, Xırmandalı ərazisindən keçən Göytəpə çayının, Boradigah qəsəbəsindən keçən Boradigah çayının, Mahmudavar ərazisində Rüdəkənar kəndindən keçən Ulum çay yatağında lildən təmizləmə və bəndbərkitmə işlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Masallı rayonunda 2019-cu ildə qazlaşmanın 100%-ə çatdırılması və elektrik xətt təsərrüfatının sürətlə yenilənməsi qarşımızda duran vəzifələrdəndir.
           Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Masallı rayonunda sahibkarlığın inkişafına dəstək vermək, onlara köməklik göstərmək və bu sahədə mövcud problemlərin aradan qaldırılması istiqamətində tədbirlər görmək ən ümdə vəzifələrimizdəndir. Habelə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, məmur-vətəndaş münasibətlərinin daha yüksək səviyyədə təşkili istiqamətlərində ardıcıl və sərt tədbirlərin görülməsi bundan sonra da daha geniş şəkildə davam etdiriləcəkdir.


Bildiyiniz kimi 2019-cu il Azərbaycan Respublikasının Prezidenti tərəfindən “ Nəsimi ili ” elan olunmuşdur. Bu Sərəncamdan irəli gələn vəzifələrin Masallı rayonunda icrası ilə əlaqədar bütün imkanlar səfərbər olunacaq və bu vacib məsələ daim diqqət mərkəzində saxlanılacaqdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarını əmin edirik ki, Respublikamızın, o cümlədən Masallı rayonunun inkişafı naminə üzərimizə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi üçün bütün imkan və bacarıqlarımızdan istifadə edəcəyik."
          Məruzə ərtafında  Masallı rayon İcra hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri  Adəm Məhərrəmov, Qızılağac kəndindən fermer Elmar Həsənov, Masallı Dövlət Aqrar inkişaf Mərkəzinin rəisi Seymur Nuriyev çıxış etmiş, görülən işlərin hesabatını veriblər.        
          Şura iclasında müzakirə edilən məsələ ilə əlaqədar qərar qəbul olundu.
          Daha sonra Masallı RİH başçısı R.Hüseynov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” medalını Adəm İmanverdi oğlu Məhərrəmova , “Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi” medallarını isə Əntiqə Rəhim qızı Tağıyevaya, Cəlil Oruc oğlu Nəzərova, Məşhur Şahbaz oğlu Məmmədova və Fəxrəddin Əlisa oğlu Baxışova təqdim edib.
          Çıxış edən dövlət qulluqçusu A.Məhərrəmov onun əməyinə verilən yüksək qiymətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayonun rəhbərinə minnətdarlığını bildirib.
          Şura iclasını Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov yekunlaşdırıb.

 

 

 

Keçidlər