Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda icra başçısı-vətəndaş görüşü

05 avqust 2019 | 16:00

Rafil Hüseynov kəndləri gəzər, problemləri öyrənir, təklifləri dinləyir
 
  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışlarında vurğulayır ki, yerli icra orqanları vətəndaşlara daim diqqət və qayğı göstərməlidirlər: "Yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlar üçün çalışırlar, yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlara xidmət edirlər... Mənim bölgələrə çoxsaylı səfərlərim və vətəndaşlarla söhbətlərim bu sahədə çox gözəl bir ünsiyyət yaradıb. Çünki vətəndaşların təklifləri mütləq nəzərə alınır və bölgələrdə bir çox layihə məhz vətəndaşların təklifləri əsasında reallaşır. Ona görə, daim bu təmas olmalıdır ki, insanları narahat edən, bu gün hələ həllini tapmayan məsələlər həll olunsun. Bizim buna imkanımız da, iradəmiz də var”.
  Ölkə rəhbərinin tapşırığını əsas tutan Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun hər həftənin I günləri virtual, II günləri RİH-də, III günləri isə səyyar qəbulları zamanı vətəndaşların müraciətləri diqqətlə araşdırılır və əsasən operativ həll edilir. Bu da təkrar müraciətlərin yaranmasının qarşısını alır və vətəndaşlar tərəfindən böyük razılıqla qarşılanır. Kənd və qəsəbələrdə keçirilən səyyar qəbul-görüşlərdə çıxış edənlər, hər hansı bir məsələ ilə bağlı fikir söyləyənlər, şəxsi problemlərini dilə gətirənlər inanırlar ki, Rafil müəllimə hər kəs sözünü deyə bilər. Və dediyimiz kimi, hər hansı bir məsələ nəticəsiz qalmır; sənədləşir, videoya alınır və nəticəsi barədə növbəti görüşlərədək vətəndaşa məlumat verilir. Rayon rəhbəri bilir ki, hər sözün, hər müraciətin arxasında insan taleyi dayanır... Hər bir müraciətə həssaslıqla yanaşan icra başçısı, şübhəsiz, belə şikayətlərin operativ və qanun çərçivəsində həllinə çalışır. Başçı həmin şikayətlərin yerindəcə həllinə nail olmaq üçün evlərdə görüşlərin keçirilməsinə üstünlük verir.
  Son 5 ildə rayon icra hakimiyyətinin səyyar qəbullarında 1400-ə yaxın vətəndaşın 2002 arzu və təklifi dinlənilmişdir.
  Cari ilin may ayından başlayaraq Masallı RİH başçısı və aparatın məsul işçiləri müntəzəm olaraq kənd və qəsəbələrdə sakinlərin evlərində olur, onlarla görüşürlər.


  RİH başçının evlərdə keçirdiyi ilk belə görüşlərindən biri Ərkivan qəsəbəsində olub. Qəsəbə sakini Nahidə Cahangirovanın evində qonaq olan başçıya ev sahibi ünvanlı sosial yardım (ÜSY) almaması, payıbəlli torpağının olmaması, qızı Zəhranın serebral iflic xəstəsi olması, ona pensiya verilməsinə kömək göstərilməsini, həmçinin qız övladına görə patronajlığın təyin olunmasını xahiş etmişdir. Başçı müraciət edən qadını diqqətlə dinləmiş, ÜSY barədə elektron müraciət olunmuş, sağlamlıq imkanları məhdud uşağa müavinət təyin edilmişdir. Bu ilin aprelin 1-dən hər ay əlli manat pul vəsaiti patronajın hesabına köçürülür.
  Qəsəbədə digər 4 nəfərin - Fariz Cahangirov, Cəsarət Səfərov, Təranə Məmmədhüseynova və Xumnaz Rəhimovanın da evlərində olan başçı, onların da müraciətini dinləyib.


  Fariz Cahangirov kənd təsərrüfatı ilə məşğul olmaqdan ötrü kreditin götürülməsinə kömək göstərilməsini xahiş etmişdir. Vətəndaş DAİM-də qəbul edilərək, ona müvafiq banka müraciət etmək tövsiyə olunmuşdur.
Kanalizasiya çəkilərkən Cəsarət Səfərovun evində çatlar əmələ gəlib. Özü xahiş etməsə də ona işlətmək üçün inşaat materialları və maddi kömək göstərilib.
  Xumnaz Rəhimova qəsəbədə yeni məhəllədə yaşayır. O, yaşadığı evə 300 metrlik qaz xəttinin çəkilməsini xahiş etmişdir.
"Azəriqaz"la rəsmi yazışma zamanı məlum olmuşdur ki, podratçı şirkətin səhvi üzündən xanımın yaşadığı evə qaz xətti çəkilməmişdir. Çox təəssüf ki, "Azəriqaz"ın süründürməçiliyi hələ də davam edir.
  Masallı RİH başçısı Meşəkənarı kəndində olarkən Natiq Alışovun evinə getmişdir. O, icra başçısına, oğlu Nurlanın serebral iflic xəstəsi olduğunu demiş, qayğılarından danışmışdır. Valideyn əlil arabası, patronajın təyini, evinin cari təmir məsələləri və dərman preparatı ilə bağlı müraciəti etmişdir. Valideynin arzusu yerinə yetirilmiş, oğluna əlil arabası verilmişdir, dərmanla təmin olunmuş, digər xahişi yerinə yetirilmişdir.
  Rayon rəhbərinin vətəndaşlarla şəxsi evlərdə keçirilən görüşlərindən biri iyulun 25-də Boradigah qəsəbəsinin Mollaoba ərazisində olmuşdur. Mollaoba öz müasirliyi və yeni tikililəri ilə fərqlənən abad və müasir kəndlərdəndir. RİH başçısı adəti üzrə heç kimə xəbər vermədən, bəzi evlərə getmiş, qapıları döymüş, ailələri narahat edən məsələləri dinləmiş, bəzilərinin operativ həllinə nail olmuşdur.
RİH başçısının növbəti görüşü cənab Prezidentin tapşırıq və tövsiyəsinə gözəl nümunədir. Rafil müəllim kəndin ağbirçəyi Məhəddisə Əhədova ilə görüşüb. İlin əvvəlində vətəndaş üçün fərdi ev tikilsə də, o, yeni ocağa köçə bilmirdi. Həmin evdə işığın, qazın olmaması, köhnə evə qazın rezin şlanqla uzaq məsafədən çəkilməsi, elektrik xəttinin qəzalı vəziyyəti buna səbəb göstərilirdi. RİH başçısı faktla yerindəcə tanış oldu, elektrik və qaz təsərrüfatının təcili qaydaya salınması, sayğac qoyulması barədə tapşırıq verdi. Məlum oldu ki, təzə binaya işıq və qaz xəttinin çəkilməsini öhdəsinə götürən inşaatçılar, tikinti başa çatan kimi buralarda görünməyiblər. 
  Məhəddisə Əhədovanın xəstəliyi ilə bağlı müraciəti də yerindəcə həllini tapıb.   Ev sahibi RİH başçısına minnətdarlıq bildirdi.
  RİH başçısı qonşu həyətə keçib kənd sakini Qurbanəli Şiriyevlə görüşüb. 80 yaşlı Qurbanəli kişi onkoloji xəstədir. Rafil müəllim onunla hal-əhvallaşır, problemlərini soruşur:
- Gəlmişəm ki, görüm, nə çətinliyin var?
  - Payıbəlli torpağımla bağlı Sizə müraciət etdim, kömək etdilər. Sağ olun!
   Q.Şiriyev RİH başçısına minnətdarlıq edir, deyir ki, hələ indiyədək Masallıda rayon rəhbərinin qapı-qapı gəzib, sakinlərin problemləri ilə yaxından maraqlandığını görməmişdim. Cənab İlham Əliyevdən nümunədir ki, evimizə gəlirsiniz və problemlərimizlə yaxından maraqlanırsınız. 
   Qurbanəli kişinin bir oğlu ruhu xəstədir. Ünvanlı sosial yardıma ehtiyacı var. DSMF Masallı rayon şöbəsinin müdiri Ərzuman Hüseynov bu sahədə sənədlərin hazırlanmasında kömək göstəriləcəyini bildirir .
Mollaoba sakini Miryaqub Nağıyev icra başçısını çay süfrəsinə dəvət edir. Rafil müəllim həyət-bacaya baxır, deyir ki, olduğum həyətlərdə belə yaşıllıq görməmişəm, limon, mandarin ağacları da əkibsən, Çox yaxşıdır. "Ağa, çətinliyin, problemin varsa kömək edək”, - deyə rayon rəhbəri həyətində qonaq olduğu vətəndaşdan soruşur.
  - Sağ olun. Sizin bu tədbiriniz Allaha da, bəndəyə də xoş olar. Şükür, dolanıram, çətinliyim də yoxdur. Allah Prezidentimizə yar olsun, fikri-zikri xalqın üstündədir. Əmək haqlarının, pensiyaların artırması imkansızlara böyük kömək oldu.
Kənd sakini Surac Hüseynov iş adamıdır. Heyvandarlıqla məşğuldur. Bu sahənin inkişafı üçün bir neçə dəfə kredit götürüb. RİH başçısına fermaya gedən yolun aşılmasını xahiş etdi. Siracın istəyi yerinə yetirilir: bir gündən sonra fermaya yol açıldı.
R.Hüseynov daha sonra kənddə Sevil Qasımovanın evində oldu. Sevil xanım elə bir çətinliyi olmadığını, ona baş çəkildiyinə görə ölkə rəhbərinə minnətdarlıq etdi.  Dünyaya on bir övlad gətirən Sevil ana hazırda heç bir maddi çətinlik çəkmədiyini gündəmə gətirir. Deyir ki, yaşım 70-i keçib. Hələ heç vaxt bu çağacan rayon rəhbərinin ev-ev gəzib adamların dərd-səri ilə tanış olduğunu görməmişdim. Hamı kimi yaşayırıq, imkanımız yaxşıdır.
Masallı Rayon İcra Hakimiyyəti başçısının növbəti görüşü bəzi problemlərin aradan qaldırılması, digərlərinin nəzarətə götürülməsi ilə başa çatır.  Bəli, Masallı rəhbərliyinin vətəndaşlarla apardığı bu iş üsulu olduqca təqdirəlayiqdir. Təcrübə göstərir ki, belə bir yanaşma həm bir sıra mühüm problemlərin həllinə şərait yaradır, həm də xalqın dövlətə və dövlətçiliyə olan inam hissini bir qədər də gücləndirir. Vətəndaş görür ki, onun arxasında dövləti, Prezidenti dayanıb və təbii ki, bu, onu hədsiz sevindirir, cəmiyyətdə, həyatda yaşamaq hissini daha da gücləndirir.

Keçidlər