Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda tütün yığımına başlanılıb

17 avqust 2019 | 16:00

Masallı rayonunda uzun illik fasilədən sonra ənənəvi əkin sahələrindən olan tütünçülük yenidən bərpa olunub. Artıq üçüncü ildir ki, rayonda tütün əkilir. Tütünçülüklə məşğul olan məhsul istehsalçıları bu il 35 hektarda əkin aparıblar.

Bir neçə gündür Masallının tütün sahələrində məhsul yığımına başlanılıb. Fermerlər və məhsul istehsalçıları bu il hər hektar tütün sahəsindən 2 ton məhsul yığmağı planlaşdırırlar.
Masallı rayonunda tütün əsasən Qızılağac, Xırmandalı, Şərəfə, Bədəlan və digər 10-a yaxın kənddə əkilib.
Xırmandalı kənd sakini Məhərrəm İbrahimli özünə məxsus və icarəyə götürdüyü torpaqlarda badımcan, tərəvəz, bostan əkini ilə yanaşı, tütünçülüklə də məşğul olur.
Tütünçülükdən yaxşı gəlir qazanan və dövlətin hərtərəfli dəstəyindən razılığını bildirən təsərrüfat sahibi növbəti ildə əlavə torpaq icarəyə götürüb 20 hektar əkin aparmaq niyyətindədir.
İlk yığımda sahələrin hər hektarından təxminən 500-600 kiloqram yaş tütün toplanırdısa, bitkinin boyu artdıqca, bu göstərici də çoxalır.
Yığılan yarpaqlar ipə düzülərək hava şəraitindən asılı olaraq 3-5 gün ərzində qurudulur və bağlanmış müqavilə əsasında tədarük məntəqəsinə təhvil verilir.
İndiyədək sahələrdən yığılmış 280 ton yaş tütündən 6,2 ton quru tütün tədarük olunub.
Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Fərasət Mikayılov bildirib ki, gələcəkdə rayonda tütün qəbulu məntəqələrinin və qurutma sexlərinin inşası planlaşdırılıb: “Nəzərdə tutulub ki, rayonda fermentləşmə zavodu tikilsin, tütün qurudulması üçün sexlər olsun. Bu, həm vaxta qənaət edəcək, həm də tütünün maya dəyərini aşağı salacaq. Daşınma xərci də münasib olacaq. Özümüzün qəbul məntəqələrimizdə tütünü həm qurudub, həm də təhvil verə bilərik. Bundan başqa, rayonda tütünçülüyü daha inkişaf etdirmək üçün gələcəkdə yeni əkin texnologiyaları tətbiq olunacaq, əkində məhsuldar sortlardan geniş şəkildə istifadə ediləcək”.
Masallının tütün sahələrində məhsul yığımı oktyabrın sonuna qədər davam edəcək.

Keçidlər