Rəxşəndə Əlimərdanova: Arzum öz fəaliyyətimi məktəblilərin təlim-tərbiyəsinə həsr etməkdir
Mən bu gün müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsində iştirak etdim. Müsabiqədə namizədlərin bilik və bacarıqlarının müəyyənləşdirilməsi üçün bütün lazımi şərait yaradılıb.
Bu fikri müsabiqə iştirakçısı Rəxşəndə Əlimərdanova söyləyib. Müsabiqənin test imtahanlarında 55 bal topladığını bildirən Rəxşəndə Əlimərdanova deyib: “Balakən rayonunda anadan olmuşam. 2016-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirmişəm. Masallı rayonunda işləmək üçün vakant yer tutmuşam”. Bilirəm ki, Masallı respublikanın inkişaf etmiş rayonlarındandır.
Burada son illərdə bir sıra infrastruktur layihələr həyata keçirilib. Məktəb tikintisinə geniş meydan var. Hər il bir neçə məktəb inşa olunur və ya bərpa edilir. Rayonun ucqar dağ kəndlərində də yeni təhsil ocaqlarının inşasına diqqət yetirilir.
Burada şagird kontingenti genişdir. Hər il yüzlərlə məzun tələbə adını qazanır. Bu da Bu da məsuliyyətimi artırır. Deməli, məktəbə yüksək hazırlıqlı gəlməliyəm. Axı, məktəb təkcə şagirdə bilik vermək üçün deyil, həm də əsl vətənpərvər gənclər yetişdirən müqəddəs ocaqdır.
Müəllimlik peşəsinin həm şərəfli, həm də məsuliyyətli peşə olduğunu qeyd edən R.Əlimərdanova öz fəaliyyətini məktəblilərin təlim-tərbiyəsinə həsr etmək arzusunda olduğunu vurğulayıb. Deyib ki, ilk dəfə sinfə girdiyim gün həyatımın ən unudulmaz anı olacaq.