Masallıda nübar məhsul yığılıb
Masallı rayonunun Kolatan kəndinin “Sığaçol” ərazisində 2014-cü ildən başlayaraq 100 hektarda əkilmiş çay sahələrindən bu il ilk dəfə nübar məhsul yığılıb.
Plantasiyalarda aparılan birinci yığım zamanı sahələrdən 10 tondan çox yaşıl çay yarpağı toplanaraq Lənkəran 1 nömrəli çay fabrikinə təhvil verilib. Bir həftədən sonra plantasiyalarda ikinci yığım başlanacaq. İlin sonunadək sahələrdən 20 ton yaşıl çay yarpağının yığılması nəzərdə tutulub.
Masallıda ənənəvi əkin sahələrindən biri çayçılıqdır. Ötən əsrin 90-cı illərinə qədər rayonda 3324 hektar çay sahəsi olub. Sonradan isə çayçılıq uzun müddət tənəzzül dövrünü yaşayıb. Hazırda aqrar sektorda aparılan islahatlar, məhsul istehsalçılarına göstərilən dövlət dəstəyi kənd təsərrüfatının digər sahələri kimi, çayçılığın inkişafı üçün geniş imkanlar açır. Eləcə də Prezident İlham Əliyevin 2018-ci il 12 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı” çayçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsinə, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsinə, çay istehsalına marağın artırılmasına xidmət edir.