2013-CÜ İLDƏ GÖRÜLMÜŞ İŞLƏR VƏ 2014-Cİ İLDƏ QARŞIDA DURAN MƏSƏLƏLƏR MÜZAKİRƏ OLUNMUŞDUR
21 fevral 2014-cü il tarixdə Masallı şəhər Mədəniyyət Mərkəzində Masallı rayon İcra hakimiyyəti başçısının 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər. Masallı şəhər Mədəniyyət Mərkəzində təşkil olunmuş sərgi ilə tanış olmuş və 2013-cü ildə rayonun sosial-iqtisadi inkişafına həsr olunmuş sənədli filmə tamaşa etmişlər.
Hesabat yığıncağını giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunları və 2014-cü ildə qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış etmişdir.
Natiq məruzədə qeyd etmişdir ki, Müstəqil Azərbaycan Respublikasının banisi, Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kursun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyət və sədaqətlə davam etdirilməsi nəticəsində ölkəmiz günü-gündən qüdrətlənir və inkişaf edir.Bu tərəqqini hər bir Azərbaycan vətəndaşı rifah halının yüksəlməsi, özünün sosial vəziyyətinin yaxşılaşması şəklində görür, yaşayır və hiss edir.Eyni zamanda bütün regionlarımızda geniş miqyaslı abadlıq və quruculuq işlərinin aparılması, illərlə yığılıb qalmış problemlərin həll edilməsi,kəndlərimizin,şəhərlərimizin yenidən qurulması ölkəmizin sürətli inkişafına əyani sübutdur.Bu gün qətiyyətlə deyə bilərik ki, Azərbaycan regionun lider dövlətinə çevrilməklə bərabər, həm də beynəlxalq aləmdə güclü dövlət və etibarlı tərəfdaş kimi tanınmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 9 yanvar 2014-cü il tarixdə 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş Nazirlər Kabinetinin geniş iclasında çıxış edən ölkə başçısı bildirmişdir ki, keçən il bütövlükdə ölkəmiz üçün uğurlu olmuşdur. Azərbaycanda böyük layihələr icra edilmiş, ölkəmizin beynəlxalq nüfuzu artmışdır. 2013-cü ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasında fəaliyyəti başa çatdı. İki il ərzində Azərbaycan öz mövqeyini ortaya qoydu.
2013-cü ildə Azərbaycanın ictimai-siyasi həyatında önəmli hadisə baş vermişdir-Prezident seçkiləri keçirilmişdir. Azərbaycan xalqı bir daha öz səsini bizim siyasətimizə, real işlərə vermişdir. Cənab Prezident demişdir: doğma xalqıma bir daha minnətdarlığımı bildirmək istəyirəm ki, on illik fəaliyyətimi yüksək qiymətləndirərək mənə yenidən böyük etimad göstərmişdir. Əlbəttə ki, bu böyük etimad bizim hamımızı yeni işlərin görülməsinə sövq edir, sövq etməlidir. Biz bundan sonra da fəal işləməliyik, ölkəmizi gücləndirməliyik, Azərbaycan xalqının rifah halını təmin etməliyik.
2013-cü ildə Azərbaycanda bir sıra beynəlxalq tədbirlər keçirilmişdir. Onlardan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Fələstinə yardım məqsədilə təşkil olunan Konfransı xüsusi qeyd etmək olar. Keçən il Avropa İttifaqı ilə vizaların sadələşdirilməsi istiqamətində önəmli saziş imzalandı. Bu, ölkəmizin Avropa İttifaqı ilə münasibətlərinin təzahürüdür. Bundan əlavə Bakıda III Beynəlxalq Humanitar Forum keçirilmişdir. Bu, artıq gözəl ənənədir və dünya ictimaiyyətinin diqqətini çəkir. II Mədəniyyətlərarası Dialoq Forumunun və Dünya İqtisadi Forumunun-Davos Forumunun toplantısının Bakıda keçirilməsi ölkəmizin önəmini artırdı, beynəlxalq imicini möhkəmləndirdi və Azərbaycanı dinamik, müasir dövlət kimi bir daha dünya ictimaiyyətinə təqdim etdi.
Xarici siyasətimizin əsas məsələsi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində əfsuslar ki, heç bir irəliləyiş olmamışdır deyən cənab Prezident bildirmişdir ki, bu gün Ermənistan ilə Azərbaycan arasında müqayisə apardıqda bizim üstünlüyümüz hər bir sahədə acıq-aydın özünü biruzə verir. Bizim dövlət büdcəmiz Ermənistanın dövlət büdcəsindən 10 dəfə böyükdür. Ümumi daxili məhsul 8 dəfə, əhali 6 dəfə çoxdur. Bizim bütün potensialımız güclənir, böyüyür, artır. Ermənistanda isə həm çox ağır iqtisadi, həm də demoqrafik fəlakət yaşanır. Azərbaycan heç vaxt öz tarixi torpağında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdir. Məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və həll ediləcəkdir. Dağlıq Qarabağ məsələsinin ədalətli, beynəlxalq normalara uyğun şəkildə həll edilməsi üçün bizim hərbi gücümüz həlledici rol oynayacaqdır. Biz bu gün güclü ordu yaradırıq. Bizim ordumuz dünyanın ən güclü orduları sırasındadır.
Əlbəttə ki, ölkəmizin əsas inkişaf dinamikasını iqtisadi gücümüz müəyyən edir və iqtisadi islahatların dərinləşməsində Azərbaycan böyük uğurlara imza atır. 2013-cü ildə İqtisadiyyatımızın inkişafı davam etmişdir. Ümumi daxili məhsul 6 faiz artmış, qeyri-neft sektorunda isə bu göstərici 9.8 faiz olmuşdur. Əhalinin pul gəlirləri 8 faiz artmış, infilyasiya isə cəmi 2.4 faizdir.
İl ərzində ölkə iqtisadiyyatına 28 milyard dollar investisiya qoyulmuşdur. Bu, rekord göstəricidir. Bu investisiyanın 17.5 milyard dolları daxili sərmayədir.
Valyuta ehtiyatlarımız rekord həddə, 50 milyard dollara çatmışdır ki, bu da ümumi daxili məhsulun 70 faizini təşkil edir.
Keçən il işsizliklə bağlı olan problemlər də öz həllini tapmışdır. 110.000 yeni iş yeri açılmışdır ki, onlardan 80.000 daimi iş yeridir. İşsizliyin səviyyəsi 5 faizə, yoxsulluğun səviyyəsi isə 5.3 faizə düşmüşdür. Azərbaycanın xarici dövlət borcu ümumi daxili məhsulun 8 faizini təşkil edir ki, bu da dünya miqyasında ən gözəl göstəricilərdən biridir.
Ötən il sosial məsələlərin həlli işində önəmli addımlar atılmışdır deyən cənab prezident vurğulamışdır ki, ilk növbədə sovet vaxtından qalan əmanətlərin qaytarılması, daha doğrusu kompensasiya şəklində əhaliyə verilməsi prosesi başa çatmışdır. Keçən il maaşlar və pensiyalar da qaldırılmışdır.
2013-cü il Azərbaycanda kosmik sənayenin yaranması ili kimi tarixdə qalacaqdır. Birinci Azərbaycan peyki “Azərspace-1” fəzaya qaldırılmışdır. Bu, xalqımızın, dövlətimizin böyük tarixi nailiyyətidir. Biz kosmik kluba üzv olmuşuq.
Kənd təsərrüfatının inkişafı qeyri neft sektorunun əsas istiqamətlərindən biridir. Keçən il kənd təsərrüfatı təxminən 5 faiz artmışdır. 2014-cü ildə və ondan sonrakı illərdə kənd təsərrüfatının inkişafı ilə bağlı daha da böyük işlər görüləcəkdir.
2013-cü ildə Azərbaycanın neft-qaz potensialının inkişafı və möhkəmləndirilməsi üçün tarixi sazişlər bağlanmışdır. Belə ki, 2013-cü ilin dekabrın 17-də Bakıda “Şahdəniz-2” investisiya sazişi imzalanmışdır. Bu, tarixi nailiyyətdir, tarixi qələbəmizdir. Bu layihə XXI əsrin layihəsidir.
5 fevral 2014-cü il tarixdə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrasına həsr olunmuş Konfrans keçirilmişdir.Konfransda çıxış edən cənab Prezident bildirmişdir ki, 2004-cü ildə birinci Proqramın qəbul edilməsi Azərbaycan regionlarının inkişafında xüsusi rol oynamış və böyük dönüş yarada bilmişdir.Ondan sonra 2009-2013-cü illəri əhatə edən ikinci Proqram qəbul edilmiş və icrası başa çatdırılmışdır. İki Proqramın icra edilməsi nəticəsində iqtisadiyyat 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı isə 1,5 dəfə artmışdır. Ölkədə 1 milyon 200 min yeni iş yeri açılmışdır ki, onların 900 mini daimi iş yeridir. Yoxsulluq təqribən 50 %-dən 5,3 % -ə düşmüşdür. İşsizlik isə 5 % təşkil edir. Son on il ərzində ölkəmizə 160 milyard dollar investisiya cəlb edilmişdir.
İnfrastruktur Layihələrinin icrası son on ildə prioritet məsələ olmuşdur. Belə ki, Azərbaycanda 17 yeni elektrik stansiyası tikilmiş, qazlaşdırma 90 %-ə çatdırılmış, yol layihələrinin icrası geniş vüsət almışdır. Eyni zamanda su layihələri də icra edilir. Bu gün ölkəmizin hər bir şəhərində içməli su və kanalizasiya xəttləri çəkilir.
Bu Proqramlar çərçivəsində Respublika üzrə 2700 məktəb, 500-dən çox tibb müəssisəsi tikilmiş və təmir edilmişdir. 41 Olimpiya İdman Kompleksi yaradılmışdır. Bundan əlavə bir çox mədəniyyət ocaqları da bərpa edilmişdir.
2013-cü il Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da bütün istiqamətlərdə uğurlu il kimi yadda qalmışdır. Xüsusilə də ötən il ölkə başçısının Masallıya səfərini hər birimiz böyük qürur hissi ilə xatırlayırıq. Belə ki, 4 sentyabr 2013-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Masallı rayonunda səfərdə olmuş və bir sıra sosial-mədəni obyektlərin açılışında iştirak etmişdir. Heydər Əliyev Mərkəzi, Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzi, YAP Masallı rayon təşkilatının inzibati binası, Taekvondo və Boks mərkəzləri cənab Prezidentin iştirakı ilə açılaraq istifadəyə verilmişdir. Yenidən qurulan Heydər Əliyev parkına, Heydər Əliyev meydanına və Qəhrəmanlar parkına baxış keçirilmişdir.
Ölkə başçısı Masallıda olarkən rayonda aparılan digər abadlıq-quruculuq işləri ilə tanış olmuşdur. Təsadüfi deyildir ki, rayon ictimaiyyəti ilə görüş zamanı qaldırılan bütün məsələlər ölkə başçısı tərəfindən bəyənilmiş və həlli ilə bağlı konkret tədbirlər görülmüşdür. Masallı Tarix-Diyarşünaslıq Müzeyinin və Uşaq İncəsənət Məktəbinin tikintisi, rayonun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi və uzunluğu 23.8 km olan kəndarası yolların çəkilməsi məqsədilə ümumilikdə 10,7 milyon manat vəsait ayrılmışdır. Bu, cənab Prezidentin Masallıya, rayon sakinlərinə olan diqqət və qayğısının bariz nümunəsidir. İcazə verin bütün Masallılar adından bu qayğıya görə Möhtərəm Prezidentimizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildirək. Hazırda rayonun inkişaf proqramında nəzərdə tutulmuş bir sıra sosial-mədəni obyektlərin tikintisi davam etdirilir. Belə ki, Heydər Əliyev mərkəzi yenidən qurulmuşdur. Rayon İcra hakimiyyətinin inzibati binasında isə əsaslı təmir işləri aparılır.Həmçinin şəhərin Z.Əliyeva, Azərbaycan, Füzuli, Dadva, Talışxanov və Qarabağ küçələrində geniş abadlıq və quruculuq işləri görülmüşdür.
Yeni Azərbaycan Partiyasının inzibati binasının, Qəhrəmanlar parkının, Ahıllar evinin, Heydər Əliyev parkının, Mədəniyyət Mərkəzinin, Taekvondo və Boks Mərkəzlərinin, həmçinin Boradigah idman kompleksinin tikintisi tamamlanaraq istifadəyə verilmişdir. Rayonun giriş və çıxış qapılarının tikintisi də başa çatmışdır. Bunlardan əlavə Qarabağ küçəsində məhəllələr abadlaşdırılmış, ümumi yaşayış evlərinin dam örtükləri müasir üslubda dəyişdirilmişdir. Cari ildə 6 məktəb binası, 1 uşaq bağçası və 2 həkim məntəqəsi istifadəyə verilmişdir. Hazırda şəhərin Azərbaycan, Həzi Aslanov küçələrində və Talışxanov prospektində abadlıq, quruculuq işləri davam etdirilir. Bu işlər çərçivəsində qeyd olunan küçələrə müasir işıqlandırma sisteminin, səkilərin qurulması və yaşıllıq zolaqlarının salınması nəzərdə tutulur. Həmçinin H.Aslanov küçəsində yerləşən kommunal binaların fasadlarının və dam örtüklərinin əsaslı təmiri işləri davam etdirilir.
Bir çox sosial obyektlərin tikintisinə başlanılmışdır. Belə ki, Mərkəzi rayon Xəstəxanasının, Kalinovka kənd və Boradigah qəsəbə sahə xəstəxanalarının əsaslı təmiri, rayonun müxtəlif ərazilərində 6 həkim məntəqəsinin tikintisi aparılır. Bundan əlavə 3 məktəbin əsaslı təmiri, 5 məktəb və bir uşaq bağçasının, həmçinin Masallı Tarix Diyarşünaslıq muzeyinin və Uşaq İncəsənət məktəbinin tikintisi davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə altı istiqamətdə və ümumi uzunluğu 24 km olan kəndarası avtomobil yollarının çəkilməsi məqsədilə vəsait ayrılmışdır. Bu vəsait hesabına daha ağır vəziyyətdə olan Həsənli-Xırmandalı, Kürdəbaz-Qarğalıq,Seybətin-Səmidxan, Musaküçə-Lürən və Qodman-Qəriblər yolunun əsaslı təmiri başa çatdırılmışdır. Bununla bərabər 6 yaşayış məntəqəsini birləşdirən ümumi uzunluğu 14 km olan Kolatan-Sığdaş və 6 yaşayış məntəqəsini birləşdirən ümumi uzunluğu 4 km olan Bambaşı-Yeyənkənd yolunun çəkilişi başa çatdırılmışdır.
İstifadəyə verilmiş istehsal, emal və xidmət obyektləri yeni iş yerlərinin açılmasına öz təsirini göstərmişdir. 2013-cü ildə rayon Məşğulluq Mərkəzində qeydiyyata alınan 555 nəfərdən 424 nəfəri idarə və müəssisələrdə münasib işlə təmin edilmişdir ki, onlardan 238 nəfəri qadınlar olmuşdur.
Ölkənin əsas inkişaf dinamikasını onun iqtisadi gücü müəyyən edir və iqtisadi inkişafın dərinləşməsində Azərbaycan böyük uğurlara imza atır.Bu inkişafın tərkib hissəsi olaraq Masallı rayonunda da iqtisadiyyatın inkişafı və şaxələndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Ötən il rayon üzrə məhsul istehsalı və göstərilən xidmətlərin həcmi 2012-ci illə müqayisədə 3.9% artaraq 439 milyon manat olmuşdur. Hesabat dövründə adambaşına düşən pul gəlirləri 2072 manat, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 261.2 manat olmuşdur.
Həmən dövrdə rayonda 439 milyon manatlıq məhsul istehsal edilmişdir ki, bu da əvvəlki ilə nisbətən 2.4% çoxdur. Bu dövrdə sənaye məhsullarının həcmi 6.8 %, kənd təsərrüfatı məhsullarının həcmi 0.7%, əhaliyə göstərilən xidmətlərin həcmi 1.7% dəfə, orta aylıq əmək haqqı 1.6% çox artmışdır.
Qeyri-neft sektorunun inkişafına göstərilən diqqət və qayğının nəticəsidir ki, 2013-cü ildə Masallı rayonuna qoyulan investisiyaların həcmi 28 milyon manatı keçmişdir.
2013-cü il ərzində Masallı rayon büdcəsinin yerli gəlirləri 259,5 milyon manata qarşı 262,4 milyon manat və ya 101.1 % icra olunmuşdur.
Sahibkarlığın inkişaf etdirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin əsas istiqamətlərindəndir.Buna uyğun olaraq rayonda sahibkarlığın inkişafına daim diqqət və qayğı göstərilir. Sahibkarlığa mane olan lüzumsuz müdaxilələrin qarşısı alınır və yeni biznes layihələrinin həyata keçirilməsində onlara yaxından kömək göstərilir.Hesabat ilində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonumuzdan olan 80 sahibkara ümumilikdə 3.212.000 manat güzəştli kreditlər verilmişdir.
Regionların sosial-iqdisadi inkişafı ilə bağlı qəbul olunmuş dövlət proqramlarında Masallı rayonunda bütün sahələri əhatə etməklə 31 maddə nəzərdə tutulmuşdur.Bu maddələrdən 29 icra olunmuş, 2 maddə isə icra olunmamışdır.( kommunal binaların istilik sisteminin bərpası, Sosial sığınacaq və sosial reblitasiya mərkəzinin tikintisi həyata keçirilməmişdir.)
Kənd təsərrüfatı qeyri-neft sektorunun inkişafı istiqamətində prioritet sahələrdən biridir. Burada struktur islahatlarının aparılmasına ehtiyac vardır və daha səmərəli struktur formalaşmalıdır. Masallı rayonunda da bu sahənin inkişafı qarşıda duran ən ümdə vəzifələrdəndir.
2013-cü ildə Masallıda 24953 ha əkin sahəsindən 17536 hektarda əkin aparılmışdır. Kənd təsərrüfatı məhsullarının istehsalının həcmi əvvəlki illə müqayisədə 0.7%, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 10.6%, bitkiçilik məhsullarının istehsalı 11.90% artmışdır.
Rayonda əkilmiş 7604 ha buğda sahəsindən 17895 ton, 2430 ha apra sahəsindən 5282 ton, 2805.7 ha tərəvəz sahəsindən 70299 ton, 1477 ha kartof sahəsindən 32175 ton, 586.5 ha bostan əkini sahəsindən isə 6909 ton məhsul istehsal edilmişdir.
2013-ci ilin əvvəlinə rayonda iri buynuzlu mal-qaranın baş sayı 73664 başa, xırda buynuzlu mal-qaranın baş sayı 83098 başa çatmışdır. Ötən il ərzində süd istehsalı 48570 tona, ət istehsalı 5678 tona, yumurta istehsalı 55200 ədədə çatmışdır.
Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında Masallı sahibkarlarının da iştirakı təmin edilmişdir. Yarmarkaya 265.5 ton tərəvəz, 112 ton kartof, 4 ton mal və quş əti, 10 ton noxud-lobya, 9.8 ton balqabaq, 2.6 ton süd, 2.5 ton sitrus meyvələri, 2.2 ton bal və 77 min ədəd yumurta göndərilmişdir.
212 min nəfər sakini olan Masallı respublikanın ən sıx əhali yaşayan və az torpaqlı rayonları sırasındadır.Təhlillər göstərir ki, torpağın az olmasına baxmayaraq mövcud əkin sahələrinin böyük bir hissəsi, 10 min hektara qədəri əkilmir və ya qismən əkilir. Əkilən sahələrin böyük hissəsinə taxıl və digər dənli bitkilər əkilmişdir ki, bu da torpaq payçılarına heç bir səmərə vermir. Taxıl əkininin hər hektarından cəmi 1-2 ton məhsul götürülür, təsərrüfatların əksəriyyəti yalnız dövlətin bu sahəyə ayırdığı subsidiyalar hesabına yaşayır.
Torpaqlardan düzgün və səmərəli istifadə olunmaması səbəbindən kənd təsərrüfatı gəlirsiz bir sahəyə çevrilmiş və əhalinin bu sahəyə ildən-ilə marağının azalmasına səbəb olmuşdur. Bu vəziyyət ölkə iqtisadiyyatının inkişafına mənfi təsir etməklə işsizlik probleminin tam həll edilməsinə mane olan əsas səbəblərdəndir.
Rayonda daha çox əmək tutumu olan və az sahədən daha çox gəlir götürmək mümkün olan sahələrin, o cümlədən istixana təsərrüfatlarının yaradılması bu problemin həllində əhəmiyyətli rol oynayır. Keçən il Şərəfə kəndi ərazisində 5 hektarlıq yeni müasir istixana təsərrüfatı qurulmuşdur. Əvvəlki illərdə mövcud olan 2,5 ha istilikxana təsərrüfatı ilə birlikdə hazırda Masallıda cəmi 11 hektar istixana təsərrüfatı yaradılmışdır. Qış aylarında istixananın hər hektarından 350-400 ton pomidor məhsulu, mövcud bazar qiymətləri ilə 500 min manat ümumi gəlir götürmək mümkündür. 1 hektar istixanada 20 nəfər daimi işlə təmin edilir. Beləliklə ildə 11 hektardan 5,0-5,5 mln manat ümumi gəlir götürüləcək, 220 yeni iş yeri yaradılacaqdır. Müqayisə üçün deyim ki, ötən il əkilən 11 min 158 hektar taxıl sahəsindən cəmi 4,6 mln manatdan az ümumi gəlir əldə olunmuş, 100-110 nəfərin məşğulluğu qeydə alınmışdır.
Ötən il rayonda əkilən faraş kartof sahələrinin genişləndirilməsi məqsədilə ciddi tədbirlər həyata keçirilmişdir.Əlaqədar təşkilatlarla aparılan davamlı məsləhətləşmələr və həyata keçirilən əməli tədbirlər nəticəsində kartofun ixrac edilməsi istiqamətindəki mövcud problemlər aradan qaldırılmışdır.Təsadüfi deyildir ki, ötən il kartofun topdan satış qiyməti yüksək olmuş və bu davamlı xarakter almışdır. Nəticədə 1477 ha faraş kartof əkini sahəsindən 32174.6 ton məhsul götürülmüşdür ki, onun satışından 16 milyon 500 min manatdan artıq gəlir götürülmüşdür. Keçən il əldə olunan yüksək məhsuldarlıq və gəlir cari ildə bu sahənin daha da inkişaf etdirilməsinə və genişləndirilməsinə təkan verəcəkdir.
Cari ildə gəlirli sahə olan çiyələk əkini plantasiyalarının genişləndirilməsinə başlanmış, onun ərazisi artıq 27 hektara çatdırılmışdır. Örtüksüz çiyələk əkinlərində müasir texnologiyanın tətbiqi nəticəsində hər hektardan 20 min manata qədər ümumi gəlir götürmək və 10-12 daimi iş yeri yaratmaq mümkün olur. Rayonda həmçinin yüksək gəlirli və əmək tutumlu olan faraş kartof, tərəvəz əkinlərinə də üstünlük verilməlidir.
Çayçılığın inkişaf etdirilməsi məqsədi ilə bu il Kolatan kəndinə məxsus, uzun illər istifadəsiz qalmış 100 hektar sahədə ən yeni texnologiyaya əsaslanan çay plantasiyası salınması üçün hazırlıq işlərinə başlanmışdır. Artıq həmin əraziyə 14 km uzunluğunda yolun çəkilişi başa çatdırılmışdır. Yaxın gələcəkdə bu gəlirli sahənin ən azı 1400 hektara çatdırılmasına imkanlar vardır. Bu qədər yaşıl çay sahəsinin salınması idxaldan asılılığı azaltmaqla yanaşı, həm də ən azı 7000 iş yerinin yaradılmasına imkan verə bilər.
Faraş tərəvəz, giləmeyvə və sitrus bitkiləri əkinlərinin genişləndirilməsi, rayonda ən azı 5000 ton tərəvəz, 5000 ton sitrus meyvələrinin saxlama gücünə malik soyuducu anbarların, topdan və pərakəndə satış-ekspozisiya bazarının, habelə bu məhsulların ilkin emalı üçün müəssisənin tikilməsi zərurətini yaratmışdır.Təklif müvafiq mərkəzi icra orqanları tərəfindən də bəyənilmiş və onların həyata keçirilməsi istiqamətində işlər davam etdirilir. Biz indi bu istiqamətdə fəaliyyət göstərmək istəyən sahibkarların işə fəal qoşulmasını gözləyirik.
05 fevral 2014-ci il tarixli konfransda cənab Prezident geniş proqrqm xarakterli çıxışında kənd təsərrüfatının bütün inkişaf prespektivlərini aydın şəkildə göstərmişdir. Ölkə başçısı bildirmişdir ki, bu sahədə struktur dəyişklikləri aparılmalıdır və buna böyük ehtiyac vardır.Sistem xarakterli islahatlara üstünlük verilməlidir.Məhsuldarlıq artırılmalıdır və artırılacaqdır. Kənd təsərrüfatının inkişafı üçün müasir texnikanın alınması davam etdiriləcəkdir. Qısa bir müddətdə özümüzü ən müasir texnika-kombayn, traktor və digər texnika ilə təmin edəcəyik.
Bölgələr üzrə ixtisaslaşma aparılmalı, fermerlərin qeydiyyat sistemi və torpaqların elektron uçot sistemi yaradılmalıdır.
İri fermer təsərrüfatlarının yaradılması ilə bərabər kiçik və ailə təssərrüfatları da qorunmalıdır.
Subsidiyaların verilməsində tam şəffaflıq təmin olunmalıdır deyən cənab Prezident bildirmişdir ki, fermerlərin əsas problemlərindən biri də istehsal etdikləri məhsulların satışı ilə bağlıdır.Biz çalışmalıyıq ki, ilk növbədə azərbaycanda istehsal olunan məhsullar bazara çıxarılsın və yerli istehsalçının mənafeyi qorunsun. Yerli istehsalın gücləndirilməsi, idxaldan asılılığımızın azaldılması,ixrac yönümlü məhsulların yetişdirilməsi prioritet məsələdir.
Cənab Prezidentin tapşırıqlarından irəli gələn göstəriş və tövsiyyələri əsas tutaraq Masallıda kənd təsərrüfatının sürətli inkişafını təmin etmək məqsədi ilə geniş tədbirlər planı işlənib hazırlanacaqdır.
İxtisaslaşmanın sürətlə aparılması, tərəvəz əkini sahələrinin genişləndirilməsi, saxlama, çeşidləmə, qablaşdırma və nəqletmə kompleksinin qurulması layihələrinin həyata keçirilməsi üçün bütün zəruri tədbirlər görüləcəkdir.Bu layihələr uğurla icra edilərsə qısa vaxt ərzində Masallının faraş tərəvəzinin təkcə yerli bazarlara deyil, böyük həcmdə ənənəvi qonşu ölkələrin bazarlarına da çıxarılmasına imkan yaranacaqdır. Bu da minlərlə yeni iş yerinin açılmasına və əhalinin rifahının yüksəlməsinə səbəb olacaqdır.
2013-cü ildə Viləşçay Su Anbarı İstismar İdarəsi rayon ərazisindəki suvarma kanallarında 160000 m3 həcmində 68 km uzunluğunda lildən təmizləmə işləri aparmışdır. Həmçinin rayon ərazisində olan çaylarda təmizləmə işləri görülmüş və dambaları möhkəmləndirilmişdir.
Hesabat dövrü ərzində Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən 110 ha sahədə meşə əkini işləri aparılmış, 35 ha sahə kollardan təmizlənmişdir. Ziyanvericilərə qarşı 800 ha ərazidə dərmanlama işləri aparılmış və 100 ha sahə əl ilə təmizlənmişdir.
Rayon Baytarlıq İdarəsi tərəfindən hesabat dövründə rayonda iri və xırda buynuzlu mal-qarada və digər ev heyvanlarında qarayara, quduzluq və dabaq xəstəliklərinə qarşı, eləcə də ev quşlarında müxtəlif xəstəliklərə qarşı peyvəndləmə işləri aparılmışdır. Quş qripinin profilaktikası üçün il ərzində ev quşlarından seçmə qaydada 6 dəfə qan nümunələri götürülmüş və müayinə olunmaqdan ötrü Respublika Baytarlıq Laboratoriyasına göndərilmişdir. Rayon ərazisində quş qripi xəstəliyi qeydə alınmamışdır. Lakin ötən il qeyd olunmasına baxmayaraq bu il də ət kəsiminə və əhaliyə satışına nəzarət zəif təşkil olunmuşdur.
2013-cü il ərzində Masallı Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə 5150 ailə Ünvanlı dövlət sosial yardımı almaq üçün müraciət etmiş, onlardan 4926 ailəyə Ünvanlı Dövlət Sosial Yardım təyinatı aparılmış, 224 ailənin tələbindən qanuna müvafiq olaraq imtina edilmişdir. Yardım təyinatı aparılmış ailələrə aylıq 698 min 305 manat vəsait ödənilmişdir. Həmçinin il ərzində 6611 nəfər vətəndaşa sosial müavinət təyinatı aparılmış və onlara 458 min 54 manat vəsait ödənilmişdir.
Əhalinin sosial təminatı siyasətinin həyata keçirilməsi istiqamətindəki mövcud problemlər və çatışmamazlıqlar haqlı narazılıqların yaranmasına səbəb olur. Ötən ilki hesabatda da bu idarədə böyük problemlərin olduğu qeyd edilmişdir.Lakin aradan 1 il keçməsinə baxmayaraq nöqsanların aradan qaldırılması istiqamətində heç bir iş görülməmiş, əksinə vəziyyət daha da gərginləşmişdir.
Masallı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin rəhbərliyinin dəyişdirilməsi və yeni rəhbərlik qarşısında şəffaf, ədalətli idarəetmə sisteminin yaradılması vəzifəsinin qoyulması mövcud problemlərin qısa vaxtda aradan qaldırılmasını təmin etməlidir.Əvvəlki illərdə aparılan təyinatlara nəzər saldıqda çox acınacaqlı bir mənzərənin şahidi oluruq. Bir çox imkanlı şəxslərə qanunsuz təyinat aparmaqla bərabər, bəzi kəndlərə də kütləvi təyinatlar həyata keçirilmişdir ki, bu da bir çox hallarda şübhə doğurur. Belə ki, 2012-ci ildə 4265 ailəyə 3 milyon 337 min manat ünvanlı sosial yardım təyinatı aparılmışdır. 2013-cü ildə isə 4926 ailəyə 8 milyon 185 min manat ünvanlı sosial yardım təyin edilərək ödənilmişdir.Rəqəmləri müqayisə etdikdə görürük ki, təyinat aparılan ailələrin sayı təxminən 15 % artmasına baxmayaraq onlara ödənilən vəsaitin miqdarı 2,5 dəfə artmışdır. Bu uyğunsizluq da onu göstərir ki, mərkəzdə ciddi qanun və maliyyə pozuntularına yol verilmişdir.
Ona görə də idarənin yeni rəhbərliyinə tövsiyə olunur ki, qeyd olunan neqativ halların aradan qaldırılması, ədalətsizlik və qanunsuzluq hallarına son qoyulması məqsədilə təcili və təxirəsalınmaz tədbirlər həyata keçirsin.
Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsi tərəfindən 2013-cü ildə proqnoz tapşırıqları büdcədən maliyyələşən təşkilatlar üzrə 4878.1 min manata qarşı 4370.3 min manat və ya 89.6 %, qeyri-büdcə təşkilatları və fiziki şəxslər üzrə 1342.2 min manata qarşı 1177.8 min manat və ya 87.7 % yerinə yetirilmişdir. Şöbədə hazırda 26 min 945 nəfər əmək pensiyaçısı uçotdadır. Hesabat dövrü ərzində ümumilikdə 1237 nəfərə əmək pensiyası təyin olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2013-cü il “İnformasiya-Kommunikasiya Texnologiyaları ili” elan edilmişdir.
01 yanvar 2014-cü il tarixə Masallı rayonu üzrə mövcud ATS-lərin montaj tutumu 29029, istifadə tutumu isə 24094 abonentə bərabərdir. Rayondakı bütün ATS-lər elektronlaşdırıldığından ATS-lər üçün yeni binaların tikintisi və kəndlərin sürətli internet xətti ilə təmin edilməsi günün vacib məsələsi kimi qarşıda durur. Artıq bu istiqamətdə ciddi addımlar atılmışdır. Belə ki, yaxın günlərdə rayonun müxtəlif ərazilərində 55 yeni ATS binasının tikintisi planlaşdırılır. Bunlardan ilk olaraq Qodman kəndində tikilib istifadəyə verilmiş, Öncəqala kəndində isə tikintisinə başlanılmışdır.
Rayon icra hakimiyyətində İcra hakimiyyəti başçısının 10 ərazi nümayəndəlikləri ilə birbaşa elektron rabitə sisteminin qurulması başa çatdrılmışdır. Bu ərazilərin əhalisi birbaşa həmin məntəqələrdəki kompyuter vasitəsi ilə rayon İcra hakimiyyətinin başçısı ilə ünsiyyət qura bilirlər.
Masallı şəhərində elektrik xətt təsərrüfatının yenidən qurulması işləri başa çatdırılmış, şəhər üzrə 6721 smart tipli sayğac qoyulmuşdur Hesabat dövrü ərzində Masallı Elektrik Şəbəkəsi tərəfindən 220 kvt-lıq və 110 kvt-lıq yarımstansiyalarda təmir-bərpa işləri aparılmış, 236 ədəd ağac və dəmir beton dayaq dəyişdirilmişdir. Lakin hələ də elektrik xətt təsərrüfatı acınacaqlı vəziyyətdədir və bu sahədə irəliləyişə nail olmaq mümkün olmamışdır.
Rayon üzrə ümumi qaz abonentlərinin sayı 27 min 985 nəfərdir. Dövlət Proqramı əsasında rayon mərkəzi və 22 yaşayış məntəqəsinə bir pilləli sistem üzrə yeni qaz xəttinin çəkilməsi ilə əlaqədar Eminli, Qarğalıq, Şəhriyar, Kürdəbaz və Yeddioymaq-1 kəndlərində qaz xətlərinin çəkilişi yekunlaşdırılmış və 1124 abonent təbii qazla təmin edilmişdir. Hazırda Ərkivan qəsəbəsində və Təklə kəndində mövcud olan köhnə qaz xətlərinin yenidən qurulması işləri davam etdirilir.
Bununla bərabər bu sahədə ciddi nöqsanlar mövcuddur.Abonentlərə əsassız borcların yazılması və itkilərin əhali hesabına kompensasiya edilməsi kütləvi narazılıqla qarşılanır. Bundan əlavə qazın təzyiqində yaranan davamlı problemlər, həmçinin qaz xətləri çəkilən kəndlərdə işlər tam başa çatdırılmamış istismara qəbul edilməsi bu idarənin fəaliyyətinin qeyri-qənaətbəxş olmasından xəbər verir. Cənab Prezidentin tapşırığı ilə qazlaşmanın 95 %-ə çatdırılması nəzərdə tutulsa da Masallıda bu göstərici çox aşağıdır. Yeni layihələrin hazırlanması və təkliflərin irəli sürülməsi istiqamətində idarə tərəfindən heç bir təşəbbüs göstərilmir.
Azərbaycan hökumətinin Dünya Bankı ilə imzaladığı kredit sazişinə əsasən Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən Masallı şəhərinin içməli su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılmışdır. Lakin layihənin icrası prosesində davamlı problemlər yaranır. Layihənin icrasına başlanılmasından 2 ilə qədər vaxt keçməsinə baxmayaraq ləngimələrin yarandığı, bəzi hallarda görülən işlərinin keyfiyyətinin aşağı olduğu barədə podratçı təşkilata iradlar bildirilmiş və aidiyyəti təşkilatlarla ciddi müzakirələr aparılmışdır. Bundan sonra da məsələ ciddi nəzarətdə saxlanılacaqdır.
Uzun illərdir ki, Masallı rayon sakinlərini ən çox narahat edən məsələlərdən biri də rayonun əksər kəndlərində içməli su xəttinin və ya qaynaqlarının olmamasıdır. Bu problemin həlli ilə bağlı Cənab Prezident İlham Əliyev tərəfindən müvafiq qurumlara tapşırıqlar vermiş və Ölkə rəhbərinin nəzarətində olan məsələnin həlli istiqamətində qısa müddətdə müsbət nəticələr əldə olunmuşdur. “Azərsu” ASC-i tərəfindən ümumilikdə 110 min əhalinin yaşadığı 38 kəndə içməli su xəttinin çəkilişinə başlanılmışdır. Mənbəyini Viləşçay su anbarından alan bu xətt vasitəsilə əhalimiz ən yüksək keyfiyyətli su ilə təmin ediləcəkdir. İlin sonuna qədər bu kəndlərin bir çoxuna içməli suyun verilməsi gözlənilir. Bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Masallı sakinlərinin ən səmimi minnətdarlıqlarını çatdırmaq istərdik.
Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən ötən il yerinə yetirilən sanitar təmizləmə işlərinin həcmi artırılaraq gündəlik 212000 m2-dən 274000 m2-ə çatdırılmışdır. Ərazidən daşınan bərk tullantıların həcmi əvvəlki illə müqayisədə 4 dəfə artaraq 3000 m3-dən çox olmuşdur. Atılan bərk tullantıların ərazidən daşınması ilə bağlı sahibkarlıq subyektləri və əhali ilə müqavilələr bağlanmışdır. Hazırda bu istiqamətdə işlər davam edir və vəsaitin toplanmasında müsbət irəliləyişlərə nail olunsa da bu yetərli deyildir. Hələ də abonentlərin böyük bir hissəsi ödənişlərə cəlb edilməyib. Eyni zamanda kəndlərdə və qəsəbələrdə də bu iş bələdiyyələr tərəfindən çox pis təşkil olunub. Bu sahədə digər bir çətinlik isə taarif qiymətlərinin aşağı olmasıdır. Hazırda bərk tullantıların daşınma və zərərsizləşdirilmə qiyməti adambaşına 30 qəpik təşkil edir. Lakin bu məqsədlə çəkilən xərc 1,2-1,5 manat həddindədir. İndiki qiymətlə bu işə çəkilən xərclərin qarşılanması faktiki olaraq mümkün deyildir. Bu problemin həlli məqsədilə əlaqədar təşkilatlar qarşısında məsələ qaldırılmalıdır. Şəhərin küçə və prospektlərində yığıla biləcək yağış və qar sularının axıdılması üçün su axarlarının işlək vəziyyətə gətirilməsi və onların vaxtlı-vaxtında təmizlənməsi Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən daim diqqət mərkəzində saxlanılmalıdır. Müvafiq Dövlət Proqramına əsasən və Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Yeniləşən Azərbaycana yeni məktəb” devizi altında son illərdə Masallıda 34 yeni məktəb binası tikilmiş, 5 məktəb isə əsaslı təmir olunmuşdur. 2013-cü ildə 5 məktəb-640 şagird yerlik Xıl, 360 şagird yerlik Öncəqala, 220 şagird yerlik Kəlbəhüseynli, 220 şagird yerlik Kosakül və 80 şagird yerlik Allahyarlı kənd məktəbləri tikilib istifadəyə verilmişdir. Eyni zamanda 840 şagird yerlik Bədəlan kənd tam orta məktəbinin əsas korpusunun təmiri başa çatdırılmışdır. Hazırda Mahmudavar kənd ümumi orta məktəbin tikintisi, Kolatan və Masallı şəhər 1 saylı tam orta məktəblərinin və Bədəlan kənd tam orta məktəbinin II korpusunun əsaslı təmiri davam etdirilir. Şatıroba, Çayqıraq, Dəlləkoba və Köhnə Zuvand kəndlərində yeni məktəb binalarının tikintisinə başlanılması nəzərdə tutulur. Görülən işlərə baxmayaraq hələ də rayonda 34 yeni məktəbin tikintisinə və təmirinə ehtiyac vardır. Bu məsələ ilə bağlı xüsusi proqram hazırlanmış və Nazirlər Kabinetinə təqdim edilmişdir ki, bu proqramın icrasının yaxın illərdə tamamlanması nəzərdə tutulur.Bir sıra məktəblərin istilik sistemlərinin təmir edilməsi və qızdırılması işindəki mövcud çətinliklər aradan qaldırılmışdır. Hər il bir neçə kəndə təbii qaz xətləri çəkilir. Lakin bu qazdan məktəblərin istifadə edə bilməsi üçün müvafiq texniki şərtlərin alınması vacibdir. Bu məqsədlə 2013-cü ildə 8 məktəb texniki şərt və istiliklə təmin olunmuşdur. 2014-cü ildə isə daha 5 məktəbin texniki şərtlə təmin olunması nəzərdə tutulur. Şagirdlərin dərsə davamiyyətinin yüksəldilməsi, tədrisin keyfiyyətinin və valideyin-məktəb münasibətlərinin yaxşılaşdırılması rayon Təhsil Şöbəsinin qarşısında duran ən mühüm vəzifədir. Hamıya məlumdur ki, bu gün məktəblərimizdə tədris aparan müəllimlərimizin əksəriyyətinin bilik səviyyəsi aşağıdır və bu da ümumilikdə tədrisin keyfiyyətinə təsir göstərən əsas amillərdəndir. Bu gün rayon məktəblərində 809 ibtidai sinif müəllimindən 82 faizi, yəni 664 nəfəri orta ixtisas təhsillidir ki, onların da 188 nəfəri Gəncə Məişət Xidməti Kollecinin məzunlarıdır.Onların əksəriyyətinin təhsil səviyyəsi bu gün yüksək səviyyəli təhsilə uyğun gəlmir. Düşünürük ki, bu problemin həlli məqsədilə müəllimlər arasında attestasiyanın keçirilməsi vacibdir.
Masallı rayonunda 16 uşaq bağçası fəaliyyət göstərir ki, burada 940 uşaq tərbiyə alır. Uşaq bağçalarının maddi-texniki bazasının yaxşılaşdırılması məqsədi ilə 2013-cü ildə müəyyən tədbirlər həyata keçirilmişdir. Uşaq bağçalarına ümumilikdə 500 yataq dəsti və çarpayı verilmiş, habelə digər invertarla təmin olunmuşdur. Eyni zamanda daxili imkanlar hesabına Qızılağac kənd uşaq bağçasının əsaslı təmiri başa çatdırılmış, Masallı şəhər 2 saylı uşaq bağçasının tikintisinə başlanılmışdır. Bununla bərabər bu sahədə problemlər qalmaqdadır. Belə ki, layihə əsasında tikilmiş 7 uşaq bağçasının əsaslı təmirə, 5 uşaq bağçasının yeni binaya ehtiyacı var ki, bunlardan da 2-si qəzalı vəziyyətdədir. Məktəbəqədər uşaqların uşaq bağçalarına cəlbi cəmi 7% təşkil edir ki, bu da çox aşağı rəqəmdir. Yaşayış məntəqələrimizin əksəriyyətində uşaq bağçalarının olmaması gələcək nəslin təlim-tərbiyəsinə mənfi təsir göstərir. 11000 nəfərdən artıq əhalisi, 1300 nəfərə qədər bağça yaşlı uşağın olmasına baxmayaraq bu gün Boradigah qəsəbəsində uşaq bağçası yoxdur. Bundan əlavə Səmidxan, Musaküçə, Böyük Xocavar, Şatıroba,Qarğalıq və Təklə kəndlərində uşaq bağçalarının binaları mövcud olsa da fəaliyyəti dayandırılıb. Masallı şəhərində əlavə uşaq bağçalarının tikintisinə, habelə şəhər 1 və 4 saylı uşaq bağçalarının yenidən qurulmasına ehtiyac vardır. Qeyd olunan yaşayış məntəqələrində yeni bağçaların açılması ilə bağlı aidiyyatı təşkilatlara müraciət olunmuşdur və bu məsələ nəzarətdə saxlanılır.
2012-ci ildə rayon əhalisinə göstərilən tibbi xidmətin səviyyəsini yüksəltmək, onun maddi texniki bazasını möhkəmləndirmək üçün bir sıra işlər görülmüşdür.
2013-cü ildə rayonda 3026 nəfər uşaq doğulmuşdur. Evdə doğuş son illərdə ən aşağı səviyyədə 0.7 promil (20 nəfər) olmuşdur. Uşaq ölümü isə 4.0 promil (12 nəfər) olmuşdur. Bundan əlavə vərəm xəstəliyinə qarşı mübarizə tədbirləri davam etdirilmiş və 2950 uşağa vərəm əleyhinə (BSJ) peyvəndi edilmişdir. İl ərzində 115 nəfərdə ilkin vərəm aşkar edilmiş və onlar stasionar müalicəyə cəlb edilmişdir.
İmtiyazlı qrupa daxil olan xəstələrin tibbi müayinəsi və müalicəsi diqqət mərkəzindədir. Xüsusilə şəkərli diabeti olan 4159 xəstəyə hər ay dərman preparatlarının verilməsi üçün bütün imkanlardan istifadə edilir. Hazırda rayonda 521 vərəmli xəstə, 118 nəfər xroniki böyrək çatışmazlığı, 695 nəfər onkoloji, 14 nəfər hemofiliyalı, 70 talassemiya xəstəsi dispanser qeydiyyatındadır.
Fevral ayının 17-dən başlayaraq əhalinin tibbi müayinədən keçirilməsi prosesinə başlanılmış və hazırda bu işlər davam etdirilir.
Rayonda fəaliyyət göstərən tibb məntəqələrinin maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə müəyyən işlər görülmüşdür. Daxili imkanlar hesabına Mahmudavar kəndində yeni həkim məntəqəsi tikilmiş, Alışanlı kəndində isə tibb məntəqəsi əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Hazırda Xırmandalı, Qarğalıq, Güllütəpə, Yolağac, Şərəfə, Türkoba kəndlərində yeni tibb məntəqələrinin tikintisi davam etdirilir. Yaxın günlərdə Hacıtəpə, Əhmədli, Gəyəçöl, Məmmədoba və Ərəb kəndlərində həkim məntəqələrinin tikintisinə başlanılacaqdır.
2013-cü ildə Masallı rayon Mərkəzi Xəstəxanasının, Boradigah qəsəbə və Kalinovka kənd sahə xəstəxanalarının əsaslı təmirinə başlanılmışdır.
Rayonda səhiyyənin maddi texniki bazası xeyli zəifdir. Bu problemi 2014-cü ildə həll edəcəyik.
Masallı Rayon Gigiyena və Epidemiologiya Mərkəzi hesabat ili ərzində mütəmadi olaraq ərazilərdə reydlər keçirmiş və yoluxucu xəstəliklərə qarşı peyvəndlər aparmış, rayonda istehsal olunan 30 növ yeyinti məhsuluna gigiyenik sertifikat alınmışdır. Hesabat dövrü ərzində keçirilmiş reydlər zamanı yol verilmiş nöqsanlar aşkarlanaraq 501 akt tərtib edilmiş, sanitar norma və qaydalara əməl etməyən 38 cavabdeh şəxs barəsində inzibati cərimə protokolu tərtib edilmişdir.
Ötən ilki hesabatda bu idarənin fəaliyyəti müzakirə olunmuş və işlərində yol verdiyi nöqsanlara görə mərkəz rəhbərliyinə ciddi xəbərdarlıq edilmişdir.Lakin bundan nəticə çıxarmayan Gigiyena və Epidemiologiya Mərkəzinin əvvəlki rəhbəri tutduğu vəzifədən azad edilmişdir. Ümid edirik ki, mərkəzin yeni rəhbərliyi tərəfindən bu sahədəki nöqsanların aradan qaldırılması istiqamətində ciddi və təxirəsalınmaz tədbirlər həyata keçiriləcəkdir.
Bildiyniz kimi son iki ildə Masallı şəhərində Azərbaycanda ilk dəfə olaraq Beynəlxalq Folklor Festivalı yüksək səviyyədə keçirilir. İldən-ilə festivalda iştirak etmək istəyən ölkələrin sayının artması və miqyasının genişlənməsi onu deməyə əsas verir ki, Masallı bu festivala layiqincə ev sahibliyi edir. Ənənəyə uyğun olaraq iyun ayının 12-dən 15-ə qədər Ümummilli Liderimiz Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş III Masallı Beynəlxalq Folklor Festivalının keçirilməsi rayonumuz üçün tarixi bir hadisə idi. Bu festivalda Azərbaycanla bərabər bir çox ölkələrdən, o cümlədən Türkiyə, Latviya, İran, Rusiya, Qazaxıstan, Gürcüstan, Ukrayna və Dağıstandan folklor kollektivləri iştirak etmişlər. Fürsətdən istifadə edib bu tədbirin təşkilində yaxından iştirak edən hər kəsə təşəkkür edirəm.
12-15 iyun 2014-cü il tarixində Masallıda ənənəvi III Beynəlxalq Folklor festivalının keçirilməsi nəzərdə tutulur ki, artıq bununla bağlı hazırlıq işlərinə başlanılmışdır. Əminliklə ifadə etmək istəyirəm ki, III Beynəlxalq Folklor festivalında daha çox ölkənin iştirakı təmin ediləcək və keçən il olduğu kimi bu il də Masallı Azərbaycanı şərəflə təmsil edəcəkdir.
Masallı rayonunda fəaliyyət göstərən 31 turizm obyektindən 27-si müvafiq lisenziya ilə təmin edilmişdir ki, bu istirahət mərkəzlərində 1238 turist yeri vardır.
Hesabat dövrü ərzində rayonumuza 21200 nəfər turist səyahət etmişdir ki, bu da ötən illə müqayisədə 16 % çoxdur.Qonaqlardan 932 nəfəri xarici ölkə vətəndaşları olmuşdur.
Ötən il bu sahənin inkişafı və təbliği ilə bağlı müəyyən işlər görülmüşdür. O cümlədən müxtəlif kütləvi informasiya vasitələrində və Bakı şəhərində keçirilən Beynəlxalq Turizm Sərgisində rayonun turizm imkanları geniş nümayiş olunmuşdur. Turizm mövsümünün başlanması ilə əlaqədar Masallıda ənənəvi keçirilən Turizm sərgisini xüsusi qeyd etməyə dəyər.
Rayonda siyasi partiyaların 22 təşkilatı fəaliyyət göstərir (YAP, AXCP, VHP, Müsavat, MMP, Ədalət, BAXCP, BQP,Ümid, KAXCP, DADP, ADİP,AKP və.s ). Bütün partiyalara fəaliyyətləri üçün "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bərabər şərait yaradılmışdır. Yeni Azərbaycan Partiyası digər partiyalardan müqayisə olunmaz dərəcədə güclüdür. Partiyanın 90 ilk təşkilatının 10 min nəfərə yaxın üzvü vardır. Digər partiyaların üzvlərinin ümumi sayı 1376 nəfərdir.
Rayon ərazisində 36 QHT fəaliyyət göstərir. Bunlardan əlavə bir neçə təşkilat qeydiyyatdan keçməsə də fəaliyyəti mövcuddur. Qeyri-hökumət təşkilatlarının fəaliyyətinin təhlili göstərir ki, rayonda əlil və veteranların problemlərinin həlli sahəsində 12, uşaq, gənclər və idmanla bağlı 5, qadın problemləri ilə 2, ekologiya sahəsində 2, təhsil, ziyalılar və jurnalistlərlə iş 4 , sosial, aqrar, iqtisadi ,həmkarlar sahəsində 10 və digər təşkilatlar dövlət qeydiyyatından keçmişdir.
Cənab Prezidentin xeyir-duası ilə 2013-cü ildə istifadəyə verilən Heydər Əliyev Mərkəzi bu gün fəaliyyətini daha da genişləndirmişdir. Mərkəzdə Ümummilli lider Heydər Əliyevin siyasi və təşkilati irsinin öyrənilməsi, gənclərin dünyagörüşünün genişləndirilməsi, bilik və bacarıqlarının artırılmasında mühüm əhəmiyyət kəsb edən xalçaçılıq, heykəltaraşlıq, rəssamlıq emalatxanaları, kino-studiya yaradılmaqla müxtəlif xalq sənətkarlığı, dizayn, milli rəqs, xarici dil, kompyuter dərnəkləri, ekoloji sinif, internet kafe, 3 D formatlı kinozal, intellektual oyunlar otağı, elektron kitabxana, 300 yerlik tamaşa-konfrans zalı fəaliyyət göstərir. Hazırda bu kursların imkanlarından istifadə edənlərin sayı 250 nəfərdən çoxdur.
Rayon icra hakimiyyəti müstəqil Respublikamızın müdafiə qüdrətinin möhkəmləndirilməsi naminə üzərinə düşən bütün tədbirləri həyata keçirmiş və 2013-cü il ərzində həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan 922 nəfər gənc hərbi xidmətə yola salınmışdır.
Rayonda ictimai təhlükəsizliyin və sabitliyin təmin olunması, cinayətkarlığa qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi sahəsində də bir çox işlər görülmüşdür. 2013-cü il ərzində rayon ərazisində 317 cinayət hadisəsi qeydə alınmışdır. Cinayətlərin açılma faizi 93.4 faiz olmuşdur.
Bələdiyyələr öz fəaliyyətləri ilə seçildikləri yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafında, abadlıq-quruculuq işlərində və yerli əhəmiyyətli məsələlərin həlində yaxından iştirak etməlidirlər. Lakin həqiqət ondan ibarətdir ki, bu gün əksər bələdiyyələrin fəaliyyəti yalnız torpaq alqı-satqısı ilə məhdudlaşır. İşin düzgün qurulmaması ardıcıl problemlər yaratmışdır ki, bu da vergilərin yığılmasında özünü daha bariz şəkildə göstərir.Əgər bir bələdiyyədə vergi yığılmırsa, onun hər hansı bir işi görməsi də mümkün deyildir.
Həmçinin ərazilərdə torpaqların zəbt olunması və qanunsuz tikililər kütləvi hal almışdır ki, bu problemlərin həlli məqsədilə dəfələrlə tapşırıqlar verilməsinə baxmayaraq əldə olunan nəticə bizi qane edə bilməz. Bəzi bələdiyyə sədrlərinin bu qanunsuz prosesdə bilavasitə iştirakçı olduğu müşahidə olunur. Belə ki, Şıxlar bələdiyyəsinin sədri öz oğlu üçün payı bəlli torpaq sahəsində ev tikməyə cəhd göstərir.Belə halların qarşısı qətiyyətlə alınacaqdır.
Bələdiyyələr ərazilərdə istirahət mərkəzlərinin qurulması işində də yaxından iştirak etməli və bu məsələlər qısa müddətdə yekunlaşdırılmalıdır.
Hesabat dövrü ərzində rayon İcra hakimiyyətinə 2250 ərizə-şikayət daxil olmuşdur ki, onlardan 1127-si vətəndaşların, 1123 ərizə isə yuxarı təşkilatların payına düşür. Bu dövr ərzində icra hakimiyyətində keçirilən qəbullar zamanı 1463 nəfər şikayətçi qəbul edilmişdir. Səyyar qəbullar zamanı 5425 nəfər iştirak etmiş, onlardan 481 nəfər çıxış edərək ərazinin sosial-iqtisadi inkişafı və problemləri barədə təkliflər vermişlər.
Rayonun idarə, müəssisə və təşkilatlarında, şəhər, qəsəbə və kənd icra nümayəndəliklərində vətəndaşların qəbulu, ərizə və şikayətlərə baxılması işinin daha da yaxşılaşdırılması sahəsində xeyli iş görülmüş, onların müraciətlərində qaldırılan məsələlərin vaxtında və obyektiv həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Yerlərdə müntəzəm olaraq keçirilən səyyar qəbullar ictimaiyyət arasında böyük razılıqla qarşılanır. Bununla bərabər bir çox ərazi nümayəndələrinin vətəndaşların müraciətinə laqeyd münasibət göstərdiyi də müəyyən olunmuşdur.
Hesabat ilində “Dövlət Qulluğu Haqqında” qanuna və “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun olaraq Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatında və ərazi nümayəndəliklərində dövlət qulluğunun vəzifələrinə kadrların seçilib yerləşdirilməsi, ehtiyat kadr bazasının yaradılması və kadrların hazırlanması diqqət mərkəzində olmuşdur. Belə ki, istər rayon icra hakimiyyəti başçısı aparatı və istərsə də yerli ərazi nümayəndəlikləri daha gənc, işgüzar və bacarıqlı kadrlarla möhkəmləndirilmiş, idarəetmənin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlər görülmüşdür. Yaranmış vakansiyalar barədə icra hakimiyyətinin elektron saytında və “Yeni həyat” qəzetində elanlar verilmişdir.
Bir sevindirici məqamı da qeyd etmək istəyirəm. 2013-cü ildə rayonumuzdan 4 nəfər Cənab Prezidentin sərəncamı ilə təltif olunmuşdur. Masallı Rayon İcra Hakimiyyəti başçısının sənədlərlə və vətəndaşların müracitələri ilə iş şöbəsinin müdiri Baba Həsənov “Dövlət qulluğunda fərqlənməyə görə”, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Masallı rayon Komitəsinin sədri Səfail Eyvazov və “Dəfinə” məktəb-liseyinin direktoru Vidadi Nəzərov “Tərəqqi” medalı ilə təltif olunmuşlar. Masallı şəhər 1 saylı tam orta məktəbinin direktoru Mirqabil Hüseynov isə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür. Fürsətdən istifadə edib onları təbrik edir və gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayıram.
2013-cü il Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi ilə də əlamətdar olmuşdur. Öz dahi oğlunu hər zaman sonsuz hörmət, ehtiram və minnətdarlıqla yad edən Azərbaycan xalqı bu milli qürur gününü daha təntənə ilə qeyd etmişdir. Masallı rayonunda da yubiley tədbirlərinin yüksək səviyyədə qeyd olunması üçün rayon icra hakimiyyəti başçısı tərəfindən sərəncam imzalanmış və xüsusi tədbirlər planı təsdiq olunmuşdur. Tədbirlər planına uyğun olaraq rayonun Mədəniyyət və Turizm şöbəsi, Gənclər və İdman İdarəsi, təhsil şöbəsi, o cümlədən digər idarə-müəssisələrdə ümummilli lider Heydər Əliyevin 90 illik yubleyi təntənəli şəkildə qeyd edilmişdir. Eyni zamanda 10 may 2013-cü il tarixdə geniş konsert proqramı təşkil edilmiş və 12-15 iyun 2013-cü il tarixlərdə 90 illik yubleyə həsr olunmuş II Beynəlxalq Folklor Festivalı keçirilmişdir.
Azərbaycanda 2013-cü il Prezident seçkiləri ili kimi də yadda qalmışdır. Masallı sakinləri də Heydər Əliyev siyasətinə və cənab Prezidentə bağlılıqlarını bir daha nümayiş etdirərək yekdilliklə Azərbaycan xalqının yeganə namizədi olan cənab İlham Əliyevə səs vermişlər. Fürsətdən istifadə edib bu tarixi hadisə və böyük qələbə münasibətilə bütün Masallı sakinləri adından möhtərəm Prezidentimizi səmimi qəlbdən təbrik edir və ona Azərbaycanın inkişafı naminə gərgin və şərəfli fəaliyyətində uğurlar arzulayırıq.
Görülən işlərə, əldə edilən uğurlara baxmayaraq 2014-cü ildə bizi daha böyük və çətin işlər gözləyir.
Masallı şəhərində abadlıq işlərinin aparılması, Azərbaycan, Talışxanov, Həzi Aslanov küçələrinin və bu küçələrdə yerləşən kommunal binaların fasadlarının, dam örtüklərinin yenidən qurulması işlərinə artıq başlanılmışdır.İl ərzində bu işlərin başa çatdırılması nəzərdə tutulur.
Masallı şəhərinin ən böyük problemi olan su-kanalizasiya sisteminin qurulması işinin yüksək səviyyədə təşkili və bu sahədə mövcud problemlərin qısa müddətdə aradan qaldırılması qarşımızda duran əsas vəzifələrdəndir. Artıq bununla bağlı lazımı tədbirlər görülüb və düşünürük ki, bu sahədə qısa müddət ərzində müsbət dönüş əldə olunacaqdır.
Rayon ərazisində qazlaşdırmanın başa çatdırılması həlli vacib olan məsələlərdəndir. Belə ki, bu gün yaşayış məntəqələrimizin 68 faizi qazla təmin olunub. Lakin cənab Prezidentin tapşırığına əsasən bu rəqəm 95 faizə çatdırılmalıdır. Ona görə də bu sahəyə diqqət artırılmalı və mümkün qədər ən qısa vaxtda yaşayış məntəqələrimizin qazla təminatı başa çatdırılmalıdır.
Masallı şəhəri istisna olmaqla rayon ərazisində mövcud olan elektrik xətt təsərrüfatı bərbad vəziyyətdədir və istifadəyə yararsızdır. Xüsusən də qış aylarında tez-tez bu xəttlərdə qəzalar baş verir ki, bu da əhali tərəfindən narazılıqla qarşılanır. Bu problem də həlli vacib məsələlərdəndir və bu istiqamətdə səylərimizi davam etdirməliyik.
Rayonun 38 kəndində yaşayan 110 minə yaxın əhali bu gün içməli suyun olmamasından əziyyət çəkir. Cənab Prezidentin tapşırığı ilə bu kəndlərimizə içməli su xəttinin çəkilməsi işinə başlanılmışdır. 2014-cü ildə bu işlərin böyük bir hissəsinin yüksək səviyyədə başa çatdırılması və əhalinin dünya standartlarına uyğun içməli su ilə təmin edilməsi məqsədilə bütün imkanlar səfərbər olunacaqdır.
Son illərdə Masallı rayonunda kəndlərarası yolların asfaltlaşdırılması istiqamətində xeyli işlər görülmüşdür. Bununla bərabər hələ də bəzi yolların, o cümlədən ilk növbədə 11 yaşayış məntəqəsini birləşdirən, ümumi uzunluğu 12.3 km olan Şatıroba-Hişkədərə-Miyankü-Kubin, 10 yaşayış məntəqəsini birləşdirən, ümumi uzunluğu 12.4 km olan Səmidxan-Xallıcalı-Eminli-Məmmədxanlı istiqamətlərində yeni yolların çəkilməsinə ehtiyac vardır.
Masallıda aqrar sahənin inkişafı ilə bağlı tədbirlərin görülməsi, yeni çay plantasiyalarının salınması, istilikxanaların quraşdırılması, çiyələk, kivi təsərrüfatlarının yaradılması həlli vacib layihələrdəndir. Bütün bunlar əhalinin sosial rifah halının yüksəlməsinə xidmət edir. Bu sahənin inkişafı ən prioritet məsələdir və qeyd olunan digər məsələlərin həlli ilə birbaşa və ya dolayısı ilə əlaqəlidir. Əhalinin rifah halının yüksəlməsi, yeni iş yerlərinin açılması rayon iqtisadiyyatının yenidən qurulmasından aslıdır ki, burada əsas yeri aqrar sahənin inkişafı tutur. Daha çox əmək tutumu olan və daha çox gəlir gətirən sahələrin, o cümlədən istixana təsərrüfatlarının yaradılması, çayçılığın, tərəvəzçiliyin inkişaf etdirilməsi, habelə kartof və çiyələk sahələrinin genişləndirilməsi ilə bərabər tədarük mərkəzlərinin də yaradılması bu problemin həllində əhəmiyyətli rol oynayacaqdır.
Cənab Prezidentin tapşırığına əsasən ixtisaslaşmanın aparılması,ənənəvi və gəlirli sahələrin genişləndirilməsi,habelə iri fermer təsərrüfatlarının və koperasiyaların yaradılmasının təşviq edilməsi məqsədilə bütün tədbirlər həyata keçiriləcəkdir.Bundan əlavə Aqroparkların, logistika mərkəzlərinin yaradılması bu sahənin inkişafı üçün çox əhəmiyyətlidir.Ümid edirik ki, 2014-cü ildə Masallıda belə bir mərkəzin yaradılmasına nail olacağıq.
Ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi tədbirlərinin içərisində turizmin inkişafı da xüsusi yer tutur. Masallının çox geniş turizm potensialı var və bu potensialdan tam istifadə olunmur. Son illərdə görülən tədbirlər, təşkil olunan müxtəlif festival və sərgilər rayona gələn turistlərin sayının artmasına səbəb olsa da bu yetərli deyil. Ona görə də bu sahəyə investisiyaların cəlb olunması, xidmət səviyyəsinin yüksəldilməsi, müasir istirahət mərkəzlərinin və ya otellərin tikintisinin təşviqi məqsədilə kompleks tədbirlərin həyata keçirilməsi 2014-cü ildə bizim üçün əsas vəzifələrdən olacaqdır. Bununla bərabər Masallı şəhərində Turizm İnstitutunun Masallı filialının və ya Turizm Peşə Məktəbinin açılması ilə bağlı səylərimiz davam edəcəkdir.
Bundan əlavə tikintisi davam edən bir çox sosial obyektlərin, o cümlədən Masallı Tarix Diyarşünaslıq Muzeyinin, Uşaq İncəsənət Məktəbinin, səhiyyə ocaqlarının, məktəb binalarının, uşaq bağçasının və bayraq meydanının tikintisinin başa çatdırılması nəzərdə tutulur.
2014-cü ildə də korrupsiya və rüşvətxorluğa qarşı çiddi mübarizə geniş vüsət alacaqdır. Cənab Prezident öz çıxışında qətiyyətlə vurğulamışdır ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılmalıdır. Bu siyasət məqsədyönlü şəkildə davam etdiriləcəkdir. Burada cəza tədbirləri, inzibati tədbirlərlə yanaşı institusional və sistem xarakterli tədbirlər də görülməlidir və görüləcək.
Bu proses çərçivəsində rayonda bəzi tədbirlərin görülməsinə baxmayaraq hələ də bir çox idarə və müəssisələrdə dövlət məmurları tərəfindən vətəndaşların ərizə və şikayətlərinə baxılmasında süründürməçilik hallarına yol verilir. Bu da insanların haqlı narazılığına səbəb olur. Cənab Prezident deyir ki, dövlət məmuru xalqın xidmətçisidir. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, belə xoşagəlməz halların yaranmasının ən başlıca səbəblərindən biri bəzi idarə-müəssisələrdə korrupsiya hallarının müşahidə olunmasıdır. Burada iştirak edən rəhbər şəxslərin hər birinə qəti və son dəfə xəbərdarlıq edirəm ki, belə halların yaşandığı hər bir idarənin rəhbərinə qarşı ciddi şəkildə tədbirlər görüləcəkdir.
2014-cü il cənab Prezident tərəfindən Azərbaycanda “Sənaye ili” elan edilmişdir. Masallı rayonunda sənayenin inkişafı məqsədi ilə geniş tədbirlər planının hazırlanması və həyata keçirilməsi rayon iqtisadiyyatının yenidən qurulmasında çox əhəmiyyətli olacaqdır. Sənaye istehsalının artırılması prosesində texnoparkların fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Bunu nəzərə alaraq Masallı rayonunda texnoparkın yaradılması üçün təkliflər veriləcəkdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi əmin edirik ki, Respublikamızın, o cümlədən Masallı rayonunun inkişafı naminə üzərimizə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi üçün bütün imkan və bacarıqlarımızdan istifadə edəcəyik.
Toplantıda çıxış edənlərdən rayon Polis şöbəsinin rəisi Nəriman İmanov, “Həcər” Folklor ansamblının üzvü Dürdanə Hüseynova, Rafiq Əlihəsənov adına Masallı şəhər 1 saylı orta məktəbinin direktoru Mirqabil Hüseynov, Gəyəçöl kənd həkim məntəqəsinin müdiri Nigar Kərimova, Təzə Alvadı bələdiyyə sədrinin müavini, fermer İsrafil Baxşiyev və başqaları 2013-cü ildə Masallı rayonunda sosial-iqtisadi inkişaf sahəsində qazanılmış uğurlardan danışmış, mövcud problemlər və qarşıda duran vəzifələrlə bağlı təkliflərini bildirmişlər.
Toplantıda Prezident Administrasiyasının məsul işçisi Vəfadar Bağırov, millət vəkilləri Elmira Axundova, Nəriman Əliyev və Fəzail İbrahimli iştirak və çıxış etmişlər.
Yığıncağın sonunda rayon sakinləri adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına müraciət qəbul edilmişdir.
Sonda rayon icra hakimiyyəti başçısı adından rayonun ictimai siyasi həyatında fəal iştiraklarına görə bir neçə nəfər rayon İcra hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.