Masallıda abituriyentlərlə bağlı layihə
İnteqrativ və situativ test tapşırıqlarını həlletmə bacarığı
Masallı rayonunda abituriyentlərlə bağlı layihə uğurla davam edir. Oktyabrın 12-13-də rayonun Dəmirçi kənd ümumi orta və Təzə Alvadı kənd E.Əhədov adına 1 nömrəli tam orta məktəblərində növbəti təlimlər keçirilib.
Layihə rəhbəri Cavad Cəfərovun verdiyi məlumata görə bildiririk ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Təhsildə İnkişaf və İnnovasiyalar üzrə üçüncü qrant müsabiqəsinin qalib layihələrindən olan “Abitruriyentlərin inteqrativ və situativ test tapşırıqlarını həlletmə bacarıqlarının artırılması” layihəsi çərçivəsində artıq dörd təlim keçirilib.
Təlimlərin hər birində 20 məktəblinin iştirakı nəzərdə tutulsa da, bu prosesə daha çox abituriyent – ali və otra-ixtisas məktəblərinə imtahan verəcək məktəblilər qatılıb.
Layihədə Masallı rayonu üzrə 10 ümumtəhsil məktəbi olmaqla ümumilikdə 200 nəfər IX-XI sinif şagirdlərinin iştirakı nəzərdə tutulub. Layihənin məqsədi Dövlət İmtahan Mərkəzinin buraxılış imtahanlarında tətbiq etdiyi yeni tipli qiymətləndirmə tapşırıqları haqqında şagirdləri geniş şəkildə məlumatlandırmaqdır.
Təlimləri təcrübəli təlimçi Nəsimi Bədəlov idarə edib. Təlim zamanı məktəblilərə situativ və inteqrativ tipli test tapşırılarının həll edilməsi mövzusunda məlumat verilib.
Təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.