MASALLIDA "GƏNCLƏRİN ZƏRƏRLİ VƏRDİŞLƏRDƏN VƏ RADİKAL TƏSİRLƏRDƏN QORUNMASI" MÖVZUSUNDA TƏDBİR
17 oktyabr 2019-cu il tarixdə Masallı şəhər “Dəfinə” məktəb-liseyində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi, Masallı Rayon Polis Şöbəsi, və Masallı Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Gənclərin zərərli vərdişlərdən və radikal təsirlərdən qorunması” mövzusunda tədbir keçirilib.
Maarifləndirmə məqsədi daşıyan tədbirdə DQİDK-nin Masallı bölgəsi üzrə şöbəsi, Masallı Rayon Polis Şöbəsi və Masallı Rayon Təhsil Şöbəsinin rəhbərləri “Dəfinə” məktəb-liseyinin müəllim və şagirdləri, həmçinin KİV nümayəndələri iştirak edib.
Tədbiri Masallı şəhər “Dəfinə” məktəb-liseyinin direktoru Taleh Əkbərov açaraq cəmiyyətdə zərərli vərdişlərin və radikalizmin törətdiyi fəsadlardan danışıb.
Masallı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Habil Əmiraslanov çıxışında narkomaniya və digər zərərli vərdişlərin insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaratdığını və cinayətkarlığın artmasına səbəb olduğunu vurğulayıb.
DQİDK-nin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov radikalizmin törətdiyi fəsadların qarşısının alınması və bu sahədə aparılan genişmiqyaslı tədbirlərdən söhbət açmışdır.Bu cür bəlalarla mübarizədə ictimai qınağın önəmliyini diqqətə çatdıran natiq belə halların qaşısının alınmasında ailənin və təhsil müəssisələrinin üzərinə daha çox məsuliyyətin düşdüyünü gündəmə gətirib.
Masallı Rayon Təhsil Şöbəsinin metodkabinetin müdiri Bəybala Xəlilov və başqaları çıxışlarında zərərli vərdişlərlə və radikalizmlə mübarizədə gənclər arasında maarifləndirmə işinin aparılması və bu sahədə kitabxanalar,idman təşkilatları, eləcə də ictimaiyyətin rolunun əhəmiyyətindən danışıb.
Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırlıb.