Masallıda gənclər arasında “Öz biznesinə başla” mövzusunda təlim-seminar
23 oktyabr 2019-cu il tarixdə Gənclər Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı və Masallı Dövlət Regional Kollecinin iştrakı ilə gənclərin sahibkarlıq və məşğulluq imkanlarının artırılması məqsədi ilə gənclər arasında “Öz biznesinə başla” mövzusunda təlim-seminar keçirilib
Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək, maarifləndirmə xarakterli tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, hazırda ölkəmizdə kiçik və orta biznesin inkişafına dövlət tərəfindən lazımi dəstək verilir, sahibkarlıq fəaliyyətinin genişlənməsi üçün, eləcə də rəqabətqabiliyyətli və keyfiyyətli məhsulların istehsalına stimul yaradan tədbirlər görülür. İdarə rəisi qeyd edib ki, bu gün ki, təlim-seminarın da əsas məqsədi gənclərin sahibkarlıq təşəbbüslərinin və məşğulluq imkanlarının artırılması, gənclərin maarifləndirilməsi və onların informasiya təminatının gücləndirilməsi, yeni iqtisadi şəraitdə iş təcrübəsinin mənimsənilməsidir.
Sonra Tədbirdə Beynəlxalq Əmək Təşkilatının “Öz biznesinə başla” üzrə Beynəlxalq sertifikatlı təlimçisi Rafət Şirəliyev tədbirdə iştrak edən 50 nəfərə yaxın gəncə biznes fəaliyyətinə başlamağın yolları, biznes barədə ideyanın formalaşdırılması, biznes planın hazırlanması, sərmayə qoyuluşu, rəqabətqabiliyyətli məhsul istehsalı, bazar iqtisadiyyatının tələbləri, müştərilərə xidmət, reklam, biznes sahəsində biliklərin əldə edilməsi və əlaqələr yaratmağın vacibliyi barədə təlim keçib.