Masallıda "Dini radikalizm, narkomaniya və erkən nikahlarla mübarizədə təhsilin rolu"
Masallı rayonunun Bədəlan kənd tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi, Masallı Rayon Polis Şöbəsi və Masallı Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Dini radikalizm, narkomaniya və erkən nikahlarla mübarizədə təhsilin rolu” mövzusunda tədbir keçirilib.
Maarifləndirmə məqsədi daşıyan tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, Masallı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Habil Əmiraslanov, məktəb rəhbərliyi, valideynlər, müəllim və şagirdlər iştirak ediblər.
Tədbirdə gəncləri dini radikal qrupların təsirindən uzaq tutmaq üçün onlara dolğun bilik vermək, həmçinin İslam dinini düzgün şəkildə, olduğu kimi çatdırmağın əhəmiyyəti vurğulanıb. Dini radikalizmin fəsadları, ona qarşı mübarizə metodları haqqında məlumat verilib, maarifləndirmə tədbirlərinin təhsil ocaqlarında keçirilməsinin yeniyetmə və gənclərin dini maarifləndirilməsində və onların dini radikal qrupların təsirindən uzaq olmasında mühüm əhəmiyyət daşıdığı qeyd edilib.