Şriftin ölçüsü :

Saytın rəngi :

Qax, Şəki, Balakən və Zaqatala məktəbliləri Masallıda

15 noyabr 2019 | 16:00

“Ölkəmizi tanıyaq!” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində Qax, Şəki, Balakən və Zaqatala məktəbliləri noyabrın 15-də səhər saatlarında Masalıya gəliblər.
Tur-aksiyanın iştirakçılarını Masallı Rayon İcra Hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyətin nümayəndələri qarşılayıblar.
Masallı şəhərindəki Sənaye Məhəlləsində məktəblilərin qarşılanması mərasimində çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş tur-aksiya iştirakçılarını rayon rəhbəri Rafil Hüseynovun adından salamlayaraq maarifləndirici layihənin əhəmiyyətindən danışıb.
Məktəblilər Bayraq Meydanı və Azərbaycanın Dövlət Rəmzləri Muzeyinə də səfər ediblər.
Tur-aksiya iştirakçıları "ASAN həyat" kompleksindəki “ASAN xidmət” və ABAD Mərkəz, İncəsənət Məktəbi və kinoklubla tanış olub, İntellektual Mərkəzdə Masallı məktəblilərinin "Breyn-rinq" yarışını izləyiblər.
Qonaqlar şəhərin Heydər Əliyev Mərkəzində olmuş, ulu öndərin abidəsi önünə güı-çiçək düzmüşlər.
Məktəblilər Masallı Uşaq İncəsənət Məktəbinə ekskursiya ediblər. Diqqətə çatdırılıb ki, 1979-cu ildən fəaliyyət göstərən məktəbin yeni binası 2016-cı ilin sentyabrın 3-də Prezident İlham Əliyevin xeyir-duası ilə istifadəyə verilib.
Masallı Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq da məktəblilərin böyük marağına səbəb olub. Muzeyin direktoru, Əməkdar Mədəniyyət işçisi Əntiqə Tağıyeva məlumat verib ki, Prezident İlham Əliyev 2016-cı il sentyabrın 3-də Masallıya səfəri çərçivəsində Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edib.
Heydər Əliyev Mərkəzindəki ağsaqqallar klubunda qonaqlar çay süfrəsinə dəvət olunublar.
Masallı ilə tanışlıq qonaqların yaddaşında zəngin iz buraxıb.
Qrup rəhbərlərindən – şəkili müəllim Məmməd Qədirov, Balakəndən Cahangir Alqayev, Zaqataladan Zaur Hüseynzadə, Qaxdan Orxan Səmədov həftəlik "Yeni həyat" qəzetinə müsahibələrində bildiriblər ki, bu layihənin həyata keçirilməsi ölkə gənclərinin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunması, məktəblilərin dünyagörüşünün daha da zənginləşməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Müəllim və şagirdlərə bu imkanı yaradan dövlətimizin başçısına minnətdarlığımızı bildiririk.

Keçidlər