Şərəfə kəndində çiyələk əkininə başlanılıb
Bir neçə gündür Masallıda çiyələk əkininə başlanılıb. Rayonun Şərəfə kəndində sahələr şumlandıqdan sonra, ərazidə çiyələk şitillərinin əkilməsi üçün xüsusi kanallar çəkilib. Təsərrüfat sahibləri hər il bu sahədən kifayət qədər gəlir götürdükləri üçün çiyələk əkininə geniş yer verirlər.
Şərəfə kəndində əsasən yerli iqlimə uyğun çiyələk sortları əkilir. Şitillər daha çox Türkiyə və İsraildən gətirilir. İlk olaraq torpağa aqrotexniki qulluq göstərilir. Sahələr gübrələndikdən sonra əkinə başlanılır. Fermer Rafət Abbasov bu mövsüm məhsuldarlığın bol olacağına əmindir: “Çiyələk sahəsini tam hazırlamışıq. Bu gün də əkinə çıxmışıq. Üç hektara yaxın sahədir və təxminən 250 minədək şitil əkiləcək. Damlama üsulunda da bu il müəyyən qədər dəyişikliklərimiz olub. Əvvəl 1-2 cərgə çəkilirdisə, indi 3 cərgə üsuluna keçmişik. Bu da yay fəslində, 40 dərəcə istilərdə suvarma sistemini tez quraşdıra bilmək üçün nəzərdə tutulub”.
Əkində işçi qüvvəsinə tələbat yarandığından yerli sakinlərin də köməyindən istifadə olunur. Çiyələk sahəsində hazırda 15-dən çox işçi çalışır. Hətta qonşu kəndlərdən də bura işçilər cəlb edilib.
Onlardan biri də Həmidə Nəzərovadır. “Biz qonşu kənddən gəlirik burada işləməyə. Sağ olsunlar, işləyib qazancımızı götürürük. Şitilləri əkməklə gündəlik pulumuzu alırıq. Mən özüm Boradigah qəsəbəsində yaşayıram. İstərdim ki, kəndimizdə də fermerlər belə sahələr əksinlər, biz də gedək işləyək”.
Digər işçi Samirə Nəsirova isə bildirib ki, 10 ildir bu təsərrüfatda işləyir: “Xocavardan gəlmişik bu kəndə. Gördüyünüz kimi, bu gün əkin aparırıq. Mindən çox şitil əkmişik. Yenə də əkəcəyik. Hər gün təxminən axşam 5-də işimizi yekunlaşdırıb evə gedirik. Şükür olsun, qazancımızdan da razıyıq”.
Rafət Abbasov illərdir bu sahədə əmək sərf edən təsərrüfatçılardandır. O, çiyələkdən yaxşı gəlir əldə etdiyini deyir. Onun sözlərinə görə, Türkiyədən gətirilən çiyələk sortu davamlılığı, uzaq məsafəyə daşınmasına görə daha əlverişli hesab olunur: “Ötənilki sortlarla fərq ondadır ki, bunun məhsuldarlığı boldur. Əkin zamanı sahələrdə 20–yə yaxın işçi çalışır. Hər fəhlə gündə minimum 3000-4000 min şitil əkir”.
Ötən il Rafət Abbasovun çiyələk sahəsindən 70 tona yaxın məhsul toplanıb ki, bunun da 60 faizi Rusiya bazarlarına çıxarılıb. Bu il də xaricə ixrac istisna edilmir. İndi əkilən çiyələyin yığımına aprelin sonlarında başlanılacaq.