Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan, Füzuli, İmişli, Saatlı və Sabirabad məktəbliləri Masallıda

19 noyabr 2019 | 16:00

“Ölkəmizi tanıyaq!” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində  Beyləqan, Füzuli, İmişli, Saatlı və Sabirabad məktəbliləri 19 noyabr 2019-cu il tarixdə Masalıya gəliblər.

Tur-aksiyanın iştirakçılarını Masallı Rayon İcra Hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyətin nümayəndələri qarşılayıblar.
Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində məktəblilərin qarşılanması mərasimində çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş tur-aksiya iştirakçılarını rayon rəhbəri cənab Rafil Hüseynovun adından salamlayaraq maarifləndirici layihənin əhəmiyyətindən danışıb.
Tur-aksiyanın iştirakçıları ümummilli liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Heydər Əliyev Mərkəzində böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Məktəblilər Masallı Uşaq İncəsənət Məktəbinə ekskursiya ediblər. Diqqətə çatdırılıb ki, 1979-cu ildən fəaliyyət göstərən məktəbin yeni binası 2016-cı ilin sentyabrın 3-də Prezident İlham Əliyevin xeyir-duası ilə istifadəyə verilib.
Masallı Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq da məktəblilərin böyük marağına səbəb olub. Muzeyin direktoru, Əməkdar Mədəniyyət işçisi Əntiqə Tağıyeva məlumat verib ki, Prezident İlham Əliyev 2016-cı il sentyabrın 3-də Masallıya səfəri çərçivəsində Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edib.
Sonra qonaqlar çay süfrəsinə dəvət olunublar.
Məktəblilər Bayraq Meydanı və Azərbaycanın Dövlət Rəmzləri Muzeyinə də səfər ediblər.
Tur-aksiya iştirakçıları "ASAN həyat" kompleksindəki “ASAN xidmət” və ABAD Mərkəz, İncəsənət Məktəbi və kinoklubla tanış olub, İntellektual Mərkəzdə Masallı məktəblilərinin "Breyn-rinq" yarışını izləyiblər.
Masallı şəhərindəki Sənaye Məhəlləsi ilə tanbışlıq və gəzinti məktəblilərdə böyük maraq oyadıb.
Qrup rəhbərləri və məktəblilər bildiriblər ki, bu layihənin həyata keçirilməsi ölkə gənclərinin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunması, məktəblilərin dünyagörüşünün daha da zənginləşməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Müəllim və şagirdlərə bu imkanı yaradan dövlətimizin başçısına minnətdarlığımızı bildiririk.

Keçidlər