Masallı rayon İcra hakimiyyəti başçısının rayon ictimaiyyəti ilə görüşü
23 noyabr 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmiş Şahin Məmmədovun şəhər Mədəniyyət Mərkəzində rayon ziyalıları, ağsaqqalları, dindarları, idarə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri ilə geniş tərkibdə ilk görüşü olub.
Görüşü Masallı sakinlərini salamlamaqla açan cənab Şahin Məmmədov özünün həyat yolu, fəaliyyəti ilə iştirakçıları tanış edib, Masallının bu günə qədər əldə etdiyi uğurlarına sevinib, qarşıda duran vəzifələrdən danışıb.
Rayon rəhbəri Azərbaycanın müstəqilliyini bərpa etdiyi illərə səyahət edib, ölkənin, xalqın çətin günlərini xatırladıb, vətəndaş qarşıdurması illərində bütün həyatını xalqına həsr edən, həmin dövrdə ölkədə iqtisadi tənəzzülün qarşısının alınmasında təcrübə və bacarığını sərf edən dahi insan, ulu öndər Heydər Əliyevin zəhmətini bir daha gündəmə gətirib. Göstərib ki, məhz həmin illərdə böyük şəxsiyyət uzaqgörənliklə Azərbaycanda iqtisadi inkişafın təməlini qoyub. Bu gün ölkəmizin iqtisadi, siyasi, hərbi qüdrətinin yüksəlməsində ulu öndərin siyasi kursunun davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çox böyük əməyini qeyd edən Masallı RİH başçısı ümummilli liderin "O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm " kəlamını tədbir iştirakçılarına xatırladıb.
Şahin Məmmədov daha sonra təhsil və səhiyyədə, quruculuq işlərində, gənclərin vətənpərvərlik tərbiyəsində narkomaniya, erkən nikahlarda yol verilən nöqsanlarla mübarizədə hamını fəal olmağa çağırıb, vəzifəli şəxslərin övladlarının hərbi durumuna da toxunub. Qeyd edib ki, orduda xidmət etməyən gənclərin dövlət qulluğunda çalışmasına yol verilməyəcək.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov qeyd edib ki, rayonda yaxşı, təqdiredici işlər çoxdur, biz bu işləri qarşılıqlı şəkildə çalışmağımızla daha da artıracaq, Masallının inkişafını təmin edəcəyik.
Tədbirdə Masallı rayon ağsaqqallar şurasının sədri Ələşrəf Niftiyev, Masallı Sənaye Məhəlləsinin işçisi Yaşar Məcidov, Dəmirçi kənd ümumi orta məktəbinin gənc müəllimi İradə İmanbəyli, Əməkdar müəllim Mirqabil Hüseynov və Eminli kənd məscidinin dini icma sədri Rəbbi Kərimov çıxışlarında ölkədəki əmin-amanlıq, quruculuq işlərinə görə mötərəm Prezidentimiz cənab İlham Əliyevə minnıətdarlıq edib, Masallı Rayon İcra Hakimiyyətinin başçısına iş fəaliyyətində uğurlar arzulayıblar.