Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsil millətin gələcəyidir

29 noyabr 2019 | 16:00

  Təhsil sahəsinin inkişaf etdirilməsi, dünya standartlarına cavab verən təhsil sisteminin tətbiqi, ölkəmiz üçün savadlı kadrların və layiqli vətəndaşların yetişdirilməsi qarşıda duran əsas vəzifədir. Buna görə də bu sahə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzində olmuş, təhsilə diqqət və qayğı ildən-ilə artırılmışdır. Bu qayğının nəticəsi olaraq hər il məktəb infrastrukturu yenilənir, yeni məktəb binaları tikilərək müəllim və şagirdlərin istifadəsinə verilir.

  Masallıda şagird kontingenti genişdir. Təhsil sistemində mühüm önəm daşıyan məsələlərdən biri istedadlı şagirdlərin aşkar edilməsi, onların inkişafına diqqət və qayğının artırılmasıdır.
  Bu məqsədlə Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov ilkin olaraq Masallı şəhər 1, 2 və 3 nömrəli tam orta məktəblərində pedaqoji kollektiv və şagirdlərlə, onların davamiyyəti ilə yaxından tanış olmuşdur.Tanışlıq zamanı rayon rəhbəri yeri gəldikcə şagirdlərə suallar verir, cavab alır, əla qiymətlərlə oxuyanları xüsusi qeyd edir. Beləliklə, cənab başçı şəhər məktəbləri ilə tanışlıq zamanı 31 sinifdə olmuş və 800-ə yaxın şagirdlə söhbət aparmışdır. Əlbəttə, rəhbər - müəllim-şagird dialoqu xoş təsir bağışlamışdır. Şagirdlər rayon rəhbəri Şahin Məmmədovun Vətən, ulu öndər, ölkə rəhbəri, təhsil haqqında olan söhbətlərinə diqqətlə qulaq asmışlar. Təhsilə böyük maraq verən rayon rəhbərində 7, 8, 9 , 10 və 11-ci sinif şagirdlərindən gələcəkdə 249 nəfərinin 700 bal toplamasına və 357 nəfərinin ali təhsil ocaqlarına qəbul olunmalarına əminlik yaranıb.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı belə yanaşmada şagirdlərin, onların müəllimlərinin arzu və təkliflərini dinləyib, təhsillə bağlı hər üç şəhər məktəbinin kollektivi qarşısında məsul vəzifələr qoymuşdur. Qeyd edib ki, Masallıda təhsilin səviyyəsi yüksəlməlidir. Biz hər birimiz uşaqların gələcəyti ilə maraqlanmalıyıq. Valideyn-məktəb yanaşması güclənməlidir. Uşaqlara heç kim biganə qalmamalıdır. Onun xeyrini dövlətimiz, Vətənimiz görəcək.
  Rayon rəhbəri görüşdə həmçinin qeyd etmişdir ki, ulu öndər təhsili millətin gələcəyi kimi dəyərləndirib. Çox müdrik fikirdir. Bir millətin təhsili yaxşı olsa, onun inkişafı da yaxşı olar. Mən işlədiyim rayonda təhsilə həmişə önəm vermişəm. Ölkənin layiqli vətəndaşı məktəbdə yetişir. Bir ölkənin layiqli vətəndaşı varsa, onun hər şeyi var.
  Rayonun pedaqoji kollektivlərilə tanışlıq davam edir və bu görüş Masallı rayonunun bütün məktəblərini əhatə edəcəkdir.

Keçidlər