“Aqrar Tədarük və Təchizat” ASC-nin rəhbərliyi Masallıda yerli fermerlərlə görüşüb
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC İdarə Heyətinin sədri Leyla Məmmədova Masallı rayonunda yerli fermerlərlə görüş keçirib.
Rayon Dövlət Aqrar İnkişaf mərkəzlərində (DAİM) baş tutan görüşlərin əsas məqsədi fermerləri “Kənddən Şəhərə”, “Şəhərdən Kəndə” və AFAQ layihələri barədə məlumatlandırmaq və onları əməkdaşlığa dəvət etmək olub.
Görüşdə çıxış edən Leyla Məmmədova rəhbərlik etdiyi qurumun fəaliyyəti və regiona səfərin məqsədi barədə məlumat verib: “Bizim əsas məqsədimiz sizin öz təsərrüfatlarınızı inkişaf etdirməyinizdir. Bu məqsədlə son 6 ay ərzində Astara, Masallı, Lənkəran və Cəlilabad rayonlarından olan 50-dən artıq fermerdən yetişdirdikləri kənd təsərrüfatı məhsullarını tədarük etmişik. Bildiyiniz kimi, bu məhsullarla müxtəlif satınalan dövlət qurumlarının qida təchizatını həyata keçiririk. Bu səfərimiz çərçivəsində isə daha çox fermerlə tanış olmaq istəyirik”.
Leyla Məmmədova birgə əməkdaşlığın fermerlərə faydalı olacağını da qeyd edib: “Sizə dəstək göstərmək üçün bir neçə layihə həyata keçirməkdəyik. “Şəhərdən Kəndə” aqroekoturizm layihəsi sizə yerli və xarici turistləri təsərrüfatınızda qonaq etməklə əlavə gəlir qazanmağa imkan verəcək. Bu layihəyə qoşulmaqla gəlirin mövsimiliyindən azad olacaqsınız. AFAQ layihəsini isə qadın fermerlər üçün həyata keçiririk. Qadın fermerlərimizin aqrar sahədə üzləşdikləri çətinliklərdə onları dəstəkləmək və bu sahədə fəaliyyət göstərən qadınların sayını artırmaq layihəmizin əsas məqsədidir. Həmçinin sizi “Kənddən Şəhərə” layihəsinə qoşulmağa da dəvət edirəm. Bu layihəyə qoşulmaqla siz öz məhsullarınızı Bakıda 4 müxtəlif nöqtədə təşkil olunan “Kənddən Şəhərə” yarmarkalarında və eyniadlı satış mərkəzlərində ödənişsiz şəkildə satışa çıxara bilərsiniz”.
Sonda isə Leyla Məmmədova layihələrə qoşulmaq üçün fermerlərə çağırış edib. “Həm sizi, həm də tanıdığınız digər fermerləri layihələrimizə qoşulmağa dəvət edirəm. Bu layihələr vasitəsi ilə siz öz təsərrüfatınızı inkişaf etdirəcək, eyni zamanda regionunuzun inkişafında pay sahibi olacaqsınız. Son olaraq bildirmək istəyirəm ki, layihələrimizə qoşulmaq üçün yaşadığınız rayonda yerləşən regional idarələrimizə, DAİM-ə, eləcə də 050 400 88 99 nömrəsinə müraciət edə bilərsiniz”, - deyə o bildirib.
Qeyd edək ki, “Aqrar Tədarük və Təchizat” ASC-nin rəhbər şəxsləri tərəfindən ölkəmizin müxtəlif regionlarında fermerlərlə görüşlər keçirilməkdədir. Bu görüşlərin təşkili bundan sonra da davam edəcək.