Masallıda “Beynəlxalq Qadınlar Günü” qeyd edildi
06 mart 2014-cü il tarixdə Masallı şəhər “Mübarək” şadlıq evində 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir keçirilmişdir. İlk öncə rayonun idarə, müəssisə və təşkilatında çalışan fəallarından ibarət bir qrup qadın Heydər Əliyev parkında Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.
Tədbirdə çıxış edən rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov 8 mart beynəlxalq Qadınlar Günü münasibətilə iştirakçıları və onların şəxsində rayonun bütün qadınlarını təbrik etmiş, son illər ölkəmizdə və rayonumuzda qadınlara göstərilən yüksək diqqət və qayğıdan danışmış, onların ictimai-siyasi fəallığını, rayonun sosial-iqtisadi və mədəni həyatında rolunu yüksək dəyərləndirmişdir.
Yığıncaqda çıxış edən Masallı şəhər 2 saylı uşaq bağçasının müdiri Naibə Aslanova, Hişkədərə kənd Tarix Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva və başqaları qadınlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıq etmişdirlər.
Tədbirdə rayon İcra hakimiyyətinin başçısı rayonun fəal qadınlarının bir qrupuna Fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim etmişdir.
Qadınlar gününə həsr olunmuş tədbir rayon Mədəniyyət evinin özfəaliyyət kollektivin ifasında rəngarəng musiqilərlə yekunlaşmışdır.