Şriftin ölçüsü :

Saytın rəngi :

Dilarə Seyidzadənin Masallı gəncləri ilə görüşü

13 dekabr 2019 | 16:00

13 dekabr 2019-cu il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində birinci dərəcəli dövlət müşaviri, tarix elmləri doktoru Dilarə Seyidzadənin gənclərlə “Heydər Əliyev: vətəndaşlıq və dövlətçilik” mövzusunda görüşü keçirilib.

Görüş Heydər Əliyevin abidəsinə ziyarət və Ulu öndərə həsr olunmuş muzey-ekspozisiya zalında gəzinti ilə başlanıb. Gəzinti əsnasında Dilarə Seyidzadə Ulu Öndərlə bağlı xatirələrini gənclərlə bölüşüb.
Dilarə Seyidzadə qeyd edib ki, Heydər Əliyev hələ 1969-cu ildə ilk dəfə Azərbaycanda siyasi hakimiyyətə gəldiyi zamanı ölkəmizin müstəqilliyini öncədən görürdü və bütün siyasətini məhz bu istiqamətə yönləndirmişdi. Ölkənin iqtisadi qüdrətinin artırılmasını, hərbi hazırlığa ciddi diqqət yetirilməsini, bu yöndə C. Naxçıvanski adına hərbi məktəbin yaradılmasını və yerli hərbi kadrların yetişdirilməsi məsələsinə ayrılan diqqəti xüsusilə qeyd etmək lazımdır. Sadalanan və görülən işləri Ulu Öndər ölkənin gələcək müstəqilliyi üçün edirdi.
Daha sonra fəxri qonaq Ulu Öndərin 1990-cı il 20 Yanvar hadisələri zamanı Moskvada çıxışı, Azərbaycana geri dönməsi, Naxçıvana gəlişi və ilk dəfə orada Azərbaycanın üç rəngli bayrağını yüksəltməsi, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gəlməsi, müstəqilliyin qorunması uğrunda göstərdiyi səylər, ölkənin ən ağır günlərində bu cür ağır məsuliyyəti öz üzərinə götürməsi və apardığı islahatlardan danışıb, şəxsən baş verən bütün bu hadisələrin canlı şahidi olduğunu bildirib.
Dilarə xanım bütün bunların gənc nəsilin həm dövlətçilik ənənələrini qavramaq, lazım gəlsə, özünü dövlətçilik uğrunda fəda vermək, həm də hər birinin boynuna düşən məsuliyyəti anlamaq baxımından bir nümunə olduğunu bildirib. Xüsusilə vurğulayıb ki, Ulu Öndərin azərbaycanlı olması ilə fəxr etməsi və bunu dəfələrlə dilə gətirməsi də gənclərə bir nümunə olmalıdır. Hər bir Azərbaycan gənci azərbaycanlı olması ilə fəxr etməli və bunun üçün hər zaman inkişafa can atmalıdır. Çünki Ulu Öndər gənclərin hərtərəfli inkişafına və bütün sahələrdə azərbaycanlı gənclərin yetişdirilməsinə can atırdı. Heydər Əliyev bilirdi ki, məhz hərtərəfli inkişaf etmiş gənclər müstəqil Azərbaycanın əsas sütunları olacaq. O, həmişə gənclərə güvənirdi və çıxışlarında hər zaman “gənclər bizim gələcəyimizdir” deyirdi.
“Heydər Əliyev: vətəndaşlıq və dövlətçilik” mövzusu ətrafında geniş çıxış edən birinci dərəcəli dövlət müşaviri, tarix elmləri doktoru Dilarə Seyidzadə daha sonra auditoriyanın suallarını cavablandırıb.

Keçidlər