Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda ağacəkmə aksiyası

14 dekabr 2019 | 16:00

Təbiətşünaslıq və ekologiya sahəsində Azərbaycan elminə və təbiətinə töhfələr verən akademik Həsən Əliyevin Azərbaycanda, o cümlədən Abşeron yarımadasında meşəcinsli və meyvə ağaclarından ibarət meşə zolaqlarının salınmasında misilsiz xidmətlərini nəzərə alaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən elm xadimlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə dekabrın 14-də Masallı rayonunda –Güllütəpə ərazisinin Tatyanoba kəndində ağacəkmə aksiyası keçirilib.

Aksiyada Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev və nazirliyin əməkdaşları, Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov və institutun elmi işçiləri, bölgənin tanınmış ictimai xadimləri,

RİH aparatının və YAP rayon təşkilatının məsul işçiləri, idarə və təşkilatların əməkdaşları, eləcə də rayon ictimaiyyətinin və KİV nümayəndələri iştirak ediblər.

Aksiya zamanı ümumilikdə, Dövlət Meşə Fondunun 20 hektar ərazisində əkin və səpin işləri aparılıb. Belə ki, 10 hektar sahədə 15 min meyvə cinsli ərik və heyva ağacı, 5 hektar sahədə meşə cinsli göyrüş və ağcaqayın ağacı əkilib, 5 hektar torpağa isə 800 kiloqrama yaxın palıd toxumu basdırılıb. Əkilən ağaclar suvarılıb, onların qorunması üçün mühafizə zolaqları çəkilib.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və qonaqların iştirakı ilə ilk tinglər torpağa basdırılıb.

Bildirilib ki, tədbirin keçirilməsində məqsəd ölkədə ətraf mühitin sağlamlaşdırılmasına, yeni meşə zolaqlarının salınmasına böyük önəm vermiş görkəmli alim Həsən Əliyevin xatirəsini yad etmək, onun ətraf mühit sahəsində qoyduğu irsi davam etdirmək, insanlar arasında təbiətə olan qayğı hissini təbliğ etməkdir.

Qeyd edilib ki, görkəmli alim Həsən Əliyev Azərbaycanda insan və təbiət münasibətlərinə yeni baxış sisteminin formalaşdırılmasında, yerli meyvə sortlarının arealının genişləndirilməsi və meşə massivlərinə inteqrasiyasının təşkilində, yeni yaşıllıqların salınmasında mühüm xidmətləri ilə gələcək nəsillərə örnək olub.

Masallı Mədəniyyət Mərkəzinin “Halay” folklor rəqs qrupunun iştirakı ilə davam edən tədbir aksiya iştirakçılarına xoş ovqat bəxş edib.

Keçidlər