Məktəbdə kimya gecəsi
Təzə Alvadı 1 saylı tam orta məktəbinin şagirdləri tez-tez maraqlı tədbirlər həyata keçirirlər. Bu tədbirlər şagirdlərin elmə, biliyə gedən yoluna işıq salır. Bu günlərdə məktəbdə keçirilən kimya gecəsi iştirakçıların marağına səbəb olmuşdur. Tədbiri açan məktəbin kimya müəllimi Arzu Hüseynova kimya elminin müasir dövrdə mahiyyətindən, xalq təsərrüfatındakı rolundan, əczaçılıqdakı əhəmiyyətindən danışmış, şagirdləri bu elmə nüfuz etməyə çağırmışdır.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə həftədə bir dəfə nəşr olunan "Yeni həyat" qəzetinin redaksiyasına Təzə Alvadı 1 nömrli tam orta məktəbind’n daxil olan m’ktubda deyilir ki, sonra şagirdlər kimyanın möcüzələrindən səhnəciklər nümayiş etdiriblər. Tohid Səlimov kimya elminin atası Mendeleyevin surətini canlandırmışdır. Şagirdlərdən Nigar Abuşova “Fironun ilanları”, Günel Cəfərova, Səidə Ağayeva “Fil dişi”, “Süni qan”, Fatimə Həsənova “Hidrogenin alınması” reaksiyalarını əyani göstərmişlər.
Məktəbin ikinci sinif şagirdi Mədinə Hüseynova Mendeleyevlə mükalimə zamanı kimyanın sevdiyini bildirmiş, lövhəyə sərbəst şəkildə 20 elementin adını yazmışdır.
Gecənin aparıcıları Fatimə İbadullayeva və Elvira Babayeva iştirakçılara kimyanın sirlərindən danışaraq tədbirə xoş ovqat qatmışlar.
Məktəbin direktoru Mövsüm Süleymanov tədbiri ərsəyə gətirənlərə təşəkkürünü bildirmiş, gecəni yekunlaşdırmışdır.