Prezident Administrasiyasının məsul işçiləri Masallıda vətəndaşları qəbul ediblər
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçiləri vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq dekabrın 18-də Masallı rayon sakinləri ilə görüşüblər.
Prezident İlham Əliyevin tapşırığına əsasən keçirilən görüşdə sakinlərin qaldırdıqları məsələlər diqqətlə dinlənilib, bütün məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində tapşırıqlar verilib. Bəzi müraciətlər yerində həll edilib. Araşdırma tələb edən müraciətlər nəzarətə götürülüb və onların həlli istiqamətində aidiyyəti üzrə göstərişlər verilib.
Görüşlərdə qeyd olunub ki, Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində respublikamızda müasir infrastruktur, istehsal və emal müəssisələri yaradılır, yeni iş yerləri açılır. İlk növbədə, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına yönəlmiş bu tədbirlər bir daha təsdiqləyir ki, dövlətimizin başçısının həyata keçirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Son vaxtlar sosial-iqtisadi sahədə aparılan əsaslı islahatlar Prezident İlham Əliyevin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində reallaşdırılan tədbirlərin davamıdır.
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün yaradılan rahat və əlverişli şəraitdən razılıqlarını ifadə edib, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.