Miyankü ərazisində hesabat yığıncağı
Masallı rayon İcra hakimiyyəti başçısının Miyankü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin “2019-cu ildə görülən işlər və 2020-ci ildə qarşıda duran vəzifələr” barədə hesabat yığıncağı keçirilmişdir.
Yığıncaqda məruzə ilə çıxış edən Masallı rayon İcra hakimiyyəti başçısının Miyankü kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Xəlil Məmmədov bildirib ki, ərazi Miyankü, Kubin və Nəzəroba kəndlərini əhatə edir. Ərazinin ümumi sahəsi 706,044 hektar, əhalinin sayı 2570 nəfərdir. Ərazidə təsərrüfatların sayı 599 olmaqla 401 yaşayış evi vardır. Əhalinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır.
2019-cu ildə nümayəndəliyə vətəndaşlardan 3 yazılı və 20 şifahi, yuxarı rəhbər orqanlarına isə 49 müraciət olunmuşdur. Hesabat ilində ərazi nümayəndəliyində 12 doğum, 4 nikah və 11 ölüm faktı qeydə alınmışdır.Ərazidə bir tam və bir ümumi orta məktəb fəaliyyət göstərir. Bu məktəblərdə 246 şagird təhsil alır. Şagirdləin təlim-tərbiyyəsilə 35 müəllim məşğul olur. Bunlardan 25 nəfəri ali və 10-u orta ixtisas təhsillidir. Ötən il 6 məzunun hamısı ali məktəbə qəbul olmuşdur. Ərazidə yalnız 63 evi olan Nəzəroba kəndinə mavi yanacaq verilmir. Dövlət Proqramına əsasən bu məsələ öz həllini tapacaqdır. Ərazidə 164 ev telefonu və 95 internet abonenti vardır.
Sakinlərə adambaşına düşən norma daxilində 0,18 hektar olmaqla pay torpağı verilmişdir. Bu torpaq sahələrində son illər durğunluq tədricən aradan qaldırılır. İndiyə qədər ərazidə kənd təsərrüfatı məhsullarının istehsalı əsasən əhalinin həyətyanı torpaq sahələrindən əldə olunurdu. Belə ki, soğan 2 hektar, dənli paxlalı 2,2 hektar, sarımsaq 2 hektar, kartof 4 hektar, tərəvəz 4 hektar əkilirdi. Lakin 2019-cu ildə pay torpaq sahələrində də əkin aparılmışdır. Ərazimizdə çay əkini üçün 3 hektar yer hazırlanmış, həmin yerdə çay əkiləcəkdir
Əhalinin xüsusi mülkiyyətində 965 baş iri və 532 baş xırda buynuzlu mal-qara vardır.
Baramaçılığın inkişafı ilə əlaqədar dövlət tərəfindən 500 ədəd pulsuz tut tingi verilmişdir. Bunların hamısı pay torpağında əkilmişdir. Hesabat ilində 2 qutudan 90 kiloqram barama, 1 hektar tütün sahəsindən 1700 kiloqram quru tütün təhvil verilmişdir.
İ. Nəsiminin 650 illiyi münasibətilə respublikada keçirilən ağac əkini aksiyasına Miyankü ərazi nümayəndəliyi dəstək olaraq ərazidə 450 ədəd şam ağacı əkmiş və bu iş davam etdirilir.
Ərazidə sahibkarlığın inkişafına da qayğı və diqqət göstərilir. Hazırda 4 mağaza, 2 ictimai iaşə obyekti əhaliyə xidmət göstərir. Ərazidə 6 maldarlıq ferması fəzliyyət göstərir. Bunlarda 128 baş iri, 102 baş xırda buynuzlu mal-qara vardır.
Miyankü ərazisində Nığlədərə və ondan aşağıdakı su tutarı bərpa olunmuşdur. Kubin su tutarının genişləndiriləsi və bərpası gələcəkdə həll olunacaqdır.
Ərazidə qanunsuz tikinti işlərinin qarşısının alınması və zəbt olunmuş torpaqların azad edilməsi istiqamətində ardıcıl işlər aparılır. Əvvəlki illərdə 33 nəfər torpaq sahəsini zəbt etmiş və vətəndaşlar tərəfindən 5 qanunsuz yaşayış evi tikilmişdir. Onların sənədləşdirilməsi ciddi şəkildə tələb olunmuşdur. Belə ki, həmin evlərdən 3-ü pay torpağında, 2-si bələdiyyə mülkiyyətində tikilmişdir.
ATS-in quraşdırılması, su tutarlarının bərpası, Nəzəroba kəndinə qaz xəttinin çəkilməsi, kəndarası yolların təmiri, abadlıq-yaşıllaşdırma işləri və elektrik dirəklərinin dəyişdirilməsi qarşıda duran vəzifələrdəndir.
Həmçinin ərazidə sahibkarlığın inkişaf etdirilməsi, iş yerlərinin yaradılması və xeyriyyəçi insanların görüləcək işlərə cəlb edilməsi üçün səylərimizi davam etdirəcəyik.