“Gənclərin sağlam yaşamı” və “Erkən nigahlara qarşı maarifləndirmə”
17 mart 2014-cü il tarixdə Masallı şəhər Gənclər Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun həyata keçirdiyi IV qrant müsabiqəsinin qalibi “Gənclərin sağlam yaşamı” və “Erkən nigahlara qarşı maarifləndirmə” layihələri çərçivəsində tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək gənclərə erkən nikahların fəsadları mövzusunda ümumu məlumatlar vermiş və bildirmişdir ki, bəzən erkən nigahlar qızların istəklərinin göstəricisi kimi göstərilsə də sonradan araşdırmalar göstərir ki, buna səbəb valideynlərin öz övladlarını təhsildən yayındıraraq mümkün qədər tez ailə qurması haqqında fikirləşməsidir. Bu isə gələcəkdə xoşagəlməz fəsadlara yol açır.
Sonra Masallı rayon İcra hakimiyyəti başçısı aparatının baş məsləhətçisi Nigar Kərimova, aparıcı məsləhətçisi Nuranə Əliyeva və başqaları çıxış edərək cəmiyyətdə erkən nikahlarla bağlı maarifləndirmə və təbliğat-təşviqat işlərinə ciddi ehtiyac duyulduğunu qeyd etmiş, bu məqsədlə də rayonda bu mövzularda işləri daha da gücləndirərək geniş maarifləndirici tədbirlər təşkil etmək və gənclərimizi məlumatlandırmağı vacib saymışlar.
Tədbirin davamında “Gənclərin sağlam yaşamı” və “Erkən nigahlara qarşı maarifləndirmə” layihələrinin rəhbəri Əligül Ağayev, Masallı rayon Mərkəzi Xəstəxanasının həkim-ginekoloqu Cahan Mustafayeva və başqaları çıxış edərək bildirdilər ki, erkən yaşlarda qızlar ailə qurarkən nə dünyaya uşaq gətirməyə, nə fiziki, nə də mənəvi cəhətdən hazır olmurlar. Bu isə bir çox hallarda doğuş zamanı uşaqların və gənc ailələrin ölüm riskini artırmış olur. Bu isə ailənin dağılmasına səbəb olur.
Tədbirdə gənclərlə interaktiv diskussiya aparıldı, gənclərin fikirləri dinlənildi və suallar ekspertlər tərəfindən cavablandırıldı.
Tədbirin sonunda gənclərə maarifləndirici bukletlər paylanıldı.