Masallıda “2 fevral – Azərbaycan Gəncləri günü” qeyd edildi
01 fevral 2020-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə şəhərimizin «İlqar Plaza» şadlıq sarayında “2 fevral – Azərbaycan Gəncləri günü” münasibətilə tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyublar.
Sonra video-çarx nümayiş olunub.
Tədbirdə iştirak edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov gəncləri əlamətdar gün münasibətilə təbrik edərək, onlara xoşbəxt və firavan gənclik, sağlam həyat və uğurlu gələcək arzulayıb. İcra basçısı bildirib ki, ulu öndər Heydər Əliyev gənclər siyasətinə, onların təhsilinə və inkişafına, dövlət idarəçiliyinə gənc kadrların cəlb olunmasına daima xüsusi diqqət və qayğı göstərib. 1997-ci ildə imzaladığı Sərəncamla MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk olaraq məhz Azərbaycanda Gənclər Gününün təsis olunması gənc nəslə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Bu gün Prezident İlham Əliyev ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiqləməkdədir. Dövlət başçısı gənclərimizi qayğılandıran məsələlərlə daim maraqlanır, onların problemlərinin həlli istiqamətində işlər görür, bölgələrdə gənclər üçün lazımi infrastrukturun və gənclər təşkilatlarının inkişafına əlverişli şəraitin yaradılması istiqamətində mühüm addımlar atır, onların sosial məişət problemlərinə xüsusi qayğı və diqqətlə yanaşılır.
RİH başçısı vurğulayıb ki, 2020-ci ilin “Könüllülər ili” elan olunması Prezident İlham Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi xüsusi diqqətin təzahürüdür. Könüllülük hərəkatının daha da artması cəmiyyətdə xeyirxahlığı, yeni davranış qaydalarını təbliğ edəcək və gənclərin inkişafına böyük töhvələr verəcəkdir. -Bu gün həm də ona görə əlamətdardır ki, keçirilən onlayn səsverməyə əsasən Masallı 2020-ci ilin “Gənclər Paytaxtı” seçilib. Bu münasibətlə sizi təbrik edirəm, — deyə RİH başçısı tədbir iştirakçılarına müraciət edib.
Rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası qanununun müvafiq bəndləri,” Azərbaycan gəncliyi 2017-2021-ci illər ” Dövlət Proqramından danışaraq, ölkədə gənc nəslin problemlərinin kompleks həlli, onların cəmiyyətdə layiqli təbəqə kimi iştirakı üçün dövlət səviyyəsində bütün lazımi işlərin görüldüyü diqqətə çatdırıb. İdarə rəisi Prezident cənab İlham Əliyevin təsdiq etdiyi Dövlət Proqramının rayonumuzda icra olunması istiqamətində mühüm işlər görüldüyünü, rayon rəhbərinin sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb. Bildirib ki, rayon mərkəzində geniş abadlıq-quruculuq işləri, dövlət layihələri həyata keçirilir və 2019-cu ildə 703 gənc işlə təmin olunmuşdur. C.Manafov ötən il ərzində gənclər və idman sahəsində əldə olunan naliyyətlər barədə geniş məlumat verib.
Gənc müəllim Könül Qənbərova, taekvondo idman növü üzrə yeniyetmə qızlar arasında iki dəfə Azərbaycan çempionu və beynəlxalq turnirlər qalibi Sevda Əzizova, Qarabağ şəhidi Heybət Hüseynovun övladı Ülvi, Azərbaycan Tibb Universitetinin birinci kurs tələbəsi Sura Seyfullayeva, Masallı Dövlət Regional Kollecinin tələbəsi, könüllü Uğur Ağazadə gənclərə işlərində uğurlar arzulayıblar, onları bütün sahələrdə fəal olmağa çağırıblar.
Rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir sıra gənclərə Masallı Rayon İcra Hakimiyyətinin, gənclər və idman idarəsinin fəxri fərman və hədiyyələri təqdim olunub.
Tədbir gənc incəsənət ustalarının ifasında maraqlı konsert proqramı ilə davam etdi.