Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Komitəsinin sədr müavini və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Masallıda

20 fevral 2020 | 16:00

Fevralın 20-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, BMT-nin İnkişaf Proqramının (BMT İP) rezident nümayəndəsi Alessandro Frakassetti hər iki qurumun təşkilatçılığı ilə həyata keçirilən “Kənd qadınlarının sosial və iqtisadi həyatda fəallığının təşviqi” layihəsi çərçivəsində Masallıda səfərdə olublar.
Əvvəlcə layihə çərçivəsində yaradılmış Masallı Resurs Mərkəzinin keçirdiyi təlimlərdən yararlanan qadınların biznes subyektlərinin monitorinqi keçirilib.
Monitorinqdə Resurs Mərkəzinin koordinatoru, Qadınların Sosial İnkişafına Dəstək Ictimai Birliyinin sədri Nərgiz Muxtarova da iştirak edib. Nümayəndələr çörəkbişirmə və dulusçuluq sexində olub, biznesi idarə edən qadınlarla görüşüb üzləşdikləri problemlər, bizneslərinin inkişafında qarşılarına çıxan maneələrlə maraqlanıblar.
Monitorinq başa çatdıqdan sonra biznes təlimlərində iştirak edən və hazırda bizneslərini quran xanımlarla çay süfrəsi ətrafında qeyri-rəsmi görüş keçirilib. Onların fəaliyyəti geniş müzakirə olunaraq müəyyən tövsiyə və məsləhətlər verilib.
Daha sonra Sədaqət Qəhrəmanova və Alessandro Frakossetti Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovla görüşüb. Görüş zamanı layihə haqqında geniş məlumat verilib, layihə çərçivəsində fəaliyyətin genişləndirilməsi və gələcək planlarla bağlı müzakirələr aparılıb. Görüşdə qadınlara biznes fəaliyyətini genişləndirmələri üçün dəstək göstərilməsi, gənclər üçün peşə ixtisası kurslarının, fiziki məhdudiyyətli insanlar üçün biznesə dəstək və müxtəlif mövzulu təlimlərin keçirilməsi, pandusların qurulması məsələləri ətraflı şəkildə müzakirə edilib. Eyni zamanda, icra hakimiyyəti nəzdində fəaliyyət göstərən Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu da bu tədbirlərə cəlb ediləcək. Bu, öz növbəsində, layihənin sosial yükünü artıraraq erkən nikahların, məişət zorakılığının qarşısını almağa yardım edəcək.
Qeyd edək ki, “Kənd qadınlarının sosial və iqtisadi həyatda fəallığının təşviqi” layihəsi 2011-ci ildən həyata keçirilir. Layihə çərçivəsində 9 Qadın Resurs Mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərdən biri olan Masallı Resurs Mərkəzi 2015-ci ildən fəaliyyət göstərir. Az müddətdə fəaliyyətini genişləndirərək qeyri-hökumət təşkilatı kimi qeydiyyatdan keçib.

Keçidlər