“Əsgər papağı” tamaşası Masallıda təqdim olunub
Şuşa Dövlət Musiqili Dram Teatrı Enurə Abdullayevanın “Əsgər papağı” tamaşası ilə “Xocalı həftəsi”nə start verib.
Fevralın 24-də teatrın kollektivi masallıların qonağı olub.
Tamaşa öncəsi Vətən uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Sonra əsərin müəllifi E.Abdullayeva film-tamaşa haqqında məlumat verib.
Masallı rayon Mədəniyyət Mərkəzinin səhnəsində nümayiş etdirilən “Əsgər papağı” səhnə əsəri tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Aktyorların məharətli çıxışı səhnə əsərini daha da baxımlı edib. Tamaşa izləyicilərə kövrək hislər yaşadıb. Səhnə əsərini tamaşaçılar göz yaşları içində alqışlayıblar
Quruluşçu rejissoru Sərdar Gözəlov olan tamaşada Qarabağ müharibəsinin bəlalarından, bu müharibənin insanlara vurduğu mənəvi zərbələrdən, xüsusilə erməni vandallarının Xocalı şəhərində Azərbaycanın dinc sakinlərinə qarşı törətdiyi qətliamdan bəhs edilir.
Tamaşada video süjetlərdən də istifadə olunmuşdur ki, bu da tamaşanın təsir gücünü daha da artırır.