Ağsaqqal yazarın yeni kitabının təqdimatı
“Gərək sevəsən, seviləsən və sevindirəsən”
Masallı şəhər Ağsaqqallar Klubunda Masallı Rayon Ağsaqqallar Şurasının sədri yazıçı-publisist, “Qızıl qələm” və H.B.Zərdabi media mükafatları laureatı Ələşrəf Niftiyevin “Gərək sevəsən, seviləsən və sevindirəsən” kitabının təqdimatı olub.
Masallı RİHB-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Qəşəm Hadıyev tədbir iştirakçılarını rayon rəhbəri Şahin Məmmədovun adından salamlayaraq, müəllifi yeni kitabının işıq üzü görməsi münasibətilə təbrik edib.
Tədbirə toplaşanlar uzun müddət məsul vəzifələrdə çalışmış III dərəcəli “Vətənə Xidmətə görə” ordenli Dövlət qulluğu veteranı Ələşrəf Niftiyev haqqında xoş sözlərini dilə gətirib, kitabla bağlı fikirlərini bölüşüblər.
Yazarın qələm yoldaşları Əyyub Mehdiyev, Soltanağa Cəfərov, Əbülhəsən Həsənzadə, Xodaşirin Cəbiyev, Əlizaman Baxış, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Ə.Niftiyevin sayca 11-ci və 3 bölmədən ibarət olan kitabını böyük maraqla oxuduqlarını bildirib, əsəri yüksək qiymətləndiriblər. Natiqlər kitabın oxucular, eləcə də gələcək nəsillər üçün əvəzedilməz töhfə olduğunu vurğulayıblar.
MƏSQVT rayon şöbəsinin sədri Məmmədağa Şiriyev, rayon mərkəzi kitabxanasının müdiri Əlhəddin Nəzərov, Əməkdar Mədəniyyət işçisi Əntiqə Tağıyeva, oxucular Rafiq Bağırov, Əfrail Fərziyev yazıçının ərsəyə gətirdiyi 210 səhifəlik kitabda Masallının tanınmış ağsaqqal və yaradıcı şəxsiyyətlərinin ömür yolundan bəhs edildiyini, cəmiyyətdə baş verən ictimai-siyasi hadisələrin məharətlə əks etdirildiyini diqqətə çatdırıblar.
Müzakirələr zamanı gənclərdən Emin Nüsrətov, Hüseyn Seyfullayev, Orxan Rzayev bildiriblər ki, 75 yaşlı ədibin həyatdan götürdüyü olaylar əsasında qələmə aldığı nəsr əsərlərində, eləcə də xatirə və esselərdəki əsas leytmotiv milli-mənəvi dəyərlərimizin qorunması, hərbi-vətənpərvərlik işinin təbliği istiqamətində yeni nəslə örnək və nümunədir.
Təqdim olunan kitab barədə müsbət rəy söyləyənlər müəllifə yeni yaradıcılıq uğurları arzulayıblar.
Sonda el ağsaqqalı, dəyərli ziyalı Ə.Niftiyev tədbirə toplaşanlara minnətdarlığını bildirib, kitab nüsxələrini imzalayaraq oxuculara təqdim edib. 11 kitab, yüzlərlə publisistik yazı, hekayə və tərcümə əsərinin müəllifi deyib ki, əgər ömür vəfa qılarsa bundan sonra da yazacağım əsərlərdə xalqa, dövlətçiliyə xidmət yönümündə əhali, xüsusilə gənclər və məktəblilər arasında ölkəmizin uğurlarının təbliğinə geniş yer verəcək, daha məzmunlu, oxunaqlı kitablarla görüşünüzə gələcəyəm.