Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda kənd təsərrüfatı prioritet sahəyə çevrilir

11 mart 2020 | 16:00

Ərkivanda çay plantasiyası salınır

İllər öncə dövlət çay sahələrini onun sahiblərinə qaytardı, amma, onun çox cüzi bir hissəsi qorundu, zəhmətkeş əhalinin böyük əksəriyyəti min bir əzabla başa gəlmiş “yaşıl qızıl” sahələrini bir göz qırpımında yönümünü dəyişdirib, əkin-biçin, mal-qara üçün örüş sahəsinə çevirdi, kolları qırıb oduncaq kimi istifadə etdilər.

Hazırda Masallıda kənd təsərrüfatı yenidən prioritet sahəyə çevrilir, çayçılıq sahəsinə xüsusi diqqət yetirilir. 2013-cü ildə burada 5 hektar çay sahəsi olduğu halda, 2018-ci ildə 103 hektar sahə qeydə alınıb. Sovetlər dövründə çayçılıqla məşğul olmuş kəndlərdə bu çoxillik bitkinin yenidən dirçəldilməsi istiqamətində aparılan maarifləndirmə işləri, göstərilən səylər uğurla davam edir.

Dövlət Aqrar İnkişaf Mərkəzinin Masallı rayon şöbəsindən verilən məlumata görə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Məşğulluğun Artırılması Layihəsi (AMAL) çərçivəsində həyata keçirdiyi layihə “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”na əsaslanır. Aqrar Kredit və İnkişaf Agentliyinin icra etdiyi layihə çərçivəsində rayonumuzun Ərkivan qəsəbəsində 2,28 hektar, Hişkədərə kəndində 0,6 hektar, Tüklədə 1,6 hektar, Kolatanda isə 10 hektar sahədə çay şitilləri əkilib.

“Çayçılığın inkişafı istiqamətində ailə təsərrüfatlarının, kiçik və orta sahibkarlığın genişləndirilməsi pilot layihəsi” çərçivəsində çay bitkisinə qulluq, zərərvericilərə qarşı mübarizə və bitki mühafizəsi tədbirləri aparmaq üçün lazım olan maşın, avadanlıq və alətlər fermerlərin istifadəsinə verilir. Layihədən faydalanan fermerlərə bilik və bacarıqlarının artırılması məqsədilə təlimlər keçilir.

Ərkivan qəsəbəsində də çayçılığın inkişaf etdirilməsi ilə bağlı ilk addımlar atılır. Uzun illərdən sonra qəsəbədə çay plantasiyası salınıb.

Ərazi nümayəndəsi İsrail Tağıyev bildirir ki, qəsəbənin zəhmətkeş insanlarında bu sahəyə maraq var. Artıq bir neçə payıbəlli torpaq sahibləri bizə qoşulmaq istəyir. Torpaq mülkiyyətçiləri ilə maarifləndirmə işləri aparılıb, aidiyyəti təşkilatlarla ilkin razılaşmalar əldə olunarsa çay əkinlərini sürətli şəkildə aparmaq mümkündür.

Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi pilot layihə çərçivəsində 42 min çay tingi qəsəbə fermerləri — Rahib Mazanov və Səlim Kərimova məxsus 2,28 hektar ərazidə əkilib.

Rahib Mazanov deyir ki, ötən ilin payızından əkinə başlamışıq. Təsərrüfatda 11 işçi çalışır. Gələcəkdə əkin sahəsini genişləndirmək fikrimiz var.

Çayçı fermerlər yaxşı bilirlər ki, intensiv qulluq tələb edən çay bitkisinə yüksək dərəcədə xidmət göstərilməsi vacibdir. Əgər yeni salınmış çay sahələrinə ilk gündən etibarən düzgün aqrotexniki qulluq olunarsa, gələcəkdə məhsuldarlıq da yüksək olar.

Fermerlər ümid edir  ki, yaxın gələcəkdə təsərrüfatlarında yetişdirilən məhsul ölkə və dünya bazarında layiqli yer tutacaq.

Nəzərə çatdıraq ki, bu ildən etibarən qüvvəyə minən subsidiya qaydalarına əsasən çay bitkisi ən yüksək subsidiya məbləği verilən bitkilərdəndir. Tinglər əkildiyi ildən etibarən 7 il müddətində fermer hər hektara görə 700 manat subsidiya alacaq. Yeddi ildən sonra subsidiya məbləği builki əmsallara görə hər hektara 240 manat təşkil edəcək.

Keçidlər