Masallı idmançıları 2019-cu ildə
Ötən il Masallı idmançıları ölkə birinciliyində və beynəlxalq yarışlarda 34 qızıl medal qazanıblar
Ötən il Masallı idmançıları ölkə birinciliyində və beynəlxalq yarışlarda 34 qızıl, 29 gümüş və 42 bürünc medal qazanıblar. Rayonun 10 yaxın idmançısı milli yığma komandanın tərkibinə daxil edilib.
Qeyd edək ki, 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub.
Diqqətə çatdırılıb ki, Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamı ilə təsis edilib.
Bildirilib ki, Masallı rayonunda idmanın kütləviliyinə nail olmaq üçün müxtəlif yarışlar və tədbirlər keçirilib, idmanın maddi-texniki bazası möhkəmləndirilib.
Rayonda qızların idmana olan marağı artıb. Masallı Olimpiya Kompleksində fəaliyyət göstərən bədii gimnastika bölməsində qızların sayı artmaqda davam edir.
Masallı idmançıları beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edirlər.
Ötən il Gürcüstanda taekvondo üzrə keçirilən beynəlxalq turnirdə qızlar arasında Sevda Əzizova birinci, oğlanlar arasında İlkin Feyzullayev ikinci, Rahid Vəliyev üçüncü, Bakı şəhərində keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında sərbəst güləş üzrə yarışda Mircavad Nəbiyev üçüncü yerə sahib olublar.
London şəhərində keçirilən böyüklər arasında paralimpiya üzgüçülük üzrə dünya çempionatında Vəli İsrafilov üçüncü yeri tutaraq Tokioda keçiriləcək Paralimpiya Oyunlarına vəsiqə qazanıb. Moskva şəhərində keçirilən karate üzrə dünya çempionatında Allahyar Əhədov fəxri kürsünün üçüncü pilləsinə sahib olub.