Masallıda xeyriyyə tədbirləri gündəlik davam edir
Əhalinin müxtəlif təbəqələrinin, o cümlədən sahibkarlıq subyektlərinin koronavirusa qarşı mübarizə tədbirlərinə dəstək verməsi, sosial həmrəylik nümayiş etdirməsi görülən işlərin səmərəliliyinə bilavasitə təsir edən xüsusi əhəmiyyətli məsələlərdəndir. Respublikanın hər yerində olduğu kimi, Masallı rayonunda da gündəlik davam edən xeyriyyə tədbirləri sosial məsuliyyəti, dövlət-vətəndaş birliyini əks etdirən əsas amillərin bariz göstəricisidir. Ərkivan qəsəbə Həsənəküçə məhəlləsi dini icmasının üzvü Ağayev Ağababa Ağaxan oğlu 100 (yüz) nəfər imkansız ailənin hər birinə 50 manat dəyərində ərzaq yardımı paylamışdır. Qəsəbənin digər sakinlərindən – Şirəliyev Novruz Əhməd oğlu ona məxsus “Qala” market-dükanında, Tağıyev Nahid İltifat oğlu özünə məxsus “Mini market”də ehtiyacı olan sakinlərin pulsuz çörək əldə etməsinə yardımçı olurlar. Yeyənkənd kənd sakini Nağıyev Nasir Əliağa oğlu 8 imkansız ailənin hər birinə dəyəri 23 manat olan ərzaq yardımı göstərib. Boradigah qəsəbəsində yerləşən “Vəhdət” Xeyriyyə Cəmiyyəti 350 imkansız və 65 yaşdan yuxarı ailələrin hər birinə 60 manat məbləğində ərzaq paylanmasını nəzərdə tutmuşdur. Nəzərə çatdıraq ki, Masallıda xeyriyyə tədbirləri gündəlik davam etdirilir.