20 Yanvar - Xalqımızın hüzn, həm də şərəf günüdür
Masallı rayon Mərkəzi Kitabxanasında 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbir faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Tədbirdə ilk çıxış edən kitabxana əməkdaşı Rasif Dadaşov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən hadisədən, xalqın milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəsindən danışıb. Həmin dövrün siyasi mənzərəsi və xalqın azadlıq uğrunda mübarizəsindən bəhs edən R. Dadaşov 20 Yanvar faciəsi ilə Azərbaycan xalqının həm də əyilməzlik, məğrurluq nümayiş etdirdiyini vurğulayıb.
Sonra məruzə ilə çıxış edən kitabxanın digər əməkdaşı Arzu Hüseynova ulu öndər Heydər Əliyevin 1990-cı il yanvarın 21-də sovet rejiminin qadağalarına baxmayaraq, həyatını təhlükə qarşısında qoymaqla, öz ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdiyini diqqətə çatdırıb. A.Hüseynova məruzəsində həmin illərin ictimai-siyasi prosesləri barədə məlumat verərək 20 yanvarda ölkəmizin müstəqilliyi uğrunda canını qurban verən şəhidlərimizin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğunu bildirib.