“Yeni Azərbaycan Partiyası xalqın Heydər Əliyevə sevgisi və inamından yaranmışdır”
14 aprel 2014-cü il tarixdə Yeni Azərbaycan Partiyasının qurucusu və memarı Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə YAP Masallı rayon təşkilatı aparatında “Yeni Azərbaycan Partiyası xalqın Heydər Əliyevə sevgisi və inamından yaranmışdır” mövzusunda tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq bildirmişdir: “Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir.
Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın dünya miqyasında neft-qaz hasil və ixrac edən ölkəyə çevrilməsi, milli neft strategiyasının uğurla həyata keçirilməsi, xarici dövlətlərin aparıcı neft şirkətləri ilə müqavilələrin bağlanması, neft sənayesinin müasir tələblərə uyğun infrastrukturunun qurulması, neftin Bakı–Tbilisi–Ceyhan, Bakı–Supsa, Bakı–Novorossiysk boru kəmərləri vasitəsilə şaxələnmiş şəkildə nəqli bilavasitə Heydər Əliyevin xidmətləridir. S.Əliyev qeyd etmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırmış, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır. Ulu öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini aydın görən xalqımız bu siyasəti yüksək dəyərləndirir və onun ətrafında daha sıx birləşirlər. Cənab İlham Əliyev ulu öndərin siyasi kursunu layiqincə davam etdirməklə, xalqımızın və dövlətçiliyimizin bu kursun mahiyyətindən doğan milli maraqlarını beynəlxalq miqyasda təmin edir. Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və nəticədə beynəlxalq aləmdə Azərbaycan Respublikasının rolunu və nüfuzunu artırır. Şura üzvü Füzuli Fətullayev məruzə ilə çıxış edərək bildirmişdir: “Yeni Azərbaycan Partiyası müasir Azərbaycanın siyasi həyatında özünəməxsus yer tutan elə bir təşkilatdır ki, o öz nüfuzunu müstəqillik tarixmizdəki rolu ilə cəmiyyətimizin aparıcı qüvvəsinə çevirilmişdir. Heydər Əliyev idealarının möhkəm təməli üzərində qurulub inkişaf etmiş bu partiya xalqın istək və arzularının təcəssümü kimi onun yekdil iradəsinin ifadəsi olaraq tarixi zərurətdən yaranmışdır. YAP bütün dünya azərbaycanlılarının sevimlisi, ulu öndər Heydər Əliyevin şəxsiyyəti ətrafında sıx birləşərək təşəkkül tapmış və ölkənin ictimai-siyasi həyatında indiki mövqeyini tutmuşdur”. Sonra Şəhər 1 saylı orta məktəb ilk təşkilatının sədri Mirqabil Hüseynov, Boradigah 2 saylı orta məktəb ilk partiya təşkilatının sədri Nurməmməd Ağayev və başqaları çıxış edərək Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında əvəzsiz xidmətlərindən danışmış, Ulu öndərin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, respublikanın sosial-iqtisadi inkişafı sahəsindəki misilsiz fəaliyyətindən bəhs etmişlər.