Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda çiyələk yığımına başlanılıb

24 aprel 2020 | 16:00

Xəbər verdiyimiz kimi bir neçə gündür Masallı rayonunda çiyələk yığımına başlanılıb.
Fermerlər və məhsul istehsalçıları çiyələk yığımı zamanı koronavirus infeksiyası ilə mübarizə məqsədilə ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi qaydalarına tam riayət edirlər.

Masallının Bədəlan kənd sakini, fermer Cəsarət Əzizov çiyələk əkininə Təzə Alvadı kəndində icarə götürdüyü 4 hektar sahə ilə başlayıb. Yaxşı qazanc götürməsi onu təsərrüfatını ilbəil genişləndirməyə həvəsləndirib.

2017-ci ildə əkin sahəsini parnik şəraitində 20 hektara çatdıran fermer, bununla həm də məhsulu bazara daha tez çıxarmağa nail olub.

Təsərrüfatda hazırda mövsümün nübar çiyələyi yığılır.

İstixana şəraitində yetişdirilən çiyələk 10-15 gün tez yetişir. Hazırda çiyələyin bir kiloqramı tədarükçülərə 2 manata təklif edilir. Bu, fermer üçün sərfəli qiymətdir.

Sahələrdən yığılan çiyələk məhsulunun daxili bazarla yanaşı, ötən illərdə olduğu kimi, Rusiyaya da ixracı nəzərdə tutulub. Ərazidə müasir texnologiya əsasında qurulan saxlanma və soyudulma anbarları məhsulun istehlakçıya keyfiyyətini itirmədən çatdırılmasına imkan yaradır.

Məhsuldarlığın atması, meyvələrin sulu və görünüşlü olmasında suvarmanın da böyük rolu var. Bu baxımdan ərazidə artezian quyuları qazılıb, müasir damcı suvarma sistemi qurulub.

Masallı rayonunda çiyələyin kütləvi yığımına isə may ayında başlanacaq. Məhsul yığımı sentyabrın sonuna kimi davam edəcək.

Keçidlər